Özbəkistan Miqrasiya Agentliyinin məlumatına görə, 25 avqust – 5 sentyabr tarixlərində 96 415 Özbəkistan vətəndaşı Rusiyadan ölkəsinə qayıdıb. Bu göstərici Rusiyada miqrantlar üçün sərtləşən şərtlər və əmək bazarındakı dəyişiklikləri yenidən gündəmə gətirib.
Bəs Rusiyada çalışan azərbaycanlı miqrantları da oxşar proses gözləyirmi?
Deputat Azər Allahverənov bildirib ki, Özbəkistandan olan miqrantların Rusiyada say baxımından ən böyük miqrant qruplarından biri olması nəzərə alınmalıdır:
” Bu kontingentin əsas xüsusiyyətlərindən biri də odur ki, Özbəkistandan olan miqrantların böyük bir qismi ailə üzvləri ilə birlikdə Rusiyada yaşamağa üstünlük verir. Nəzərə alsaq ki, Rusiyada, xüsusilə miqrasiya sahəsində çox ciddi sistemli dəyişiklik baş verir, bunun qanunvericilik müstəvisində də özünü göstərdiyini görürük. Yeni miqrasiya qaydalarının qüvvəyə minməsi, yeni şərtlərin irəli sürülməsi və qadağaların tətbiq edilməsi ölkədə tamamilə yeni bir mənzərə formalaşdırır. Bu dəyişikliklər həm prosedur baxımından, həm də ölkə ərazisində qalaraq əmək fəaliyyəti ilə məşğul olmaq baxımından özünü göstərir”.
Azər Allahverənov bildirib ki, mövcud qaydalar ailə üzvləri ilə birlikdə Rusiyada yaşayan miqrantlar üçün əlavə çətinliklər yaradır: “Özbəkistandan olan miqrantların böyük hissəsinin ailələri ilə birlikdə yaşadığını nəzərə alsaq, kütləvi qayıdışın səbəblərindən biri də məhz bu amil ola bilər. Digər tərəfdən, siyasi müstəvidə də miqrantlara, xüsusilə postsovet respublikalarından və MDB ölkələrindən olan miqrantlara münasibətdə dəyişikliklər müşahidə olunur. Rusiya-Ukrayna müharibəsi fonunda miqrantların müharibəyə cəlb olunması ilə bağlı məsələlər də əlavə problemlər yaradıb və cəmiyyətdə miqrantlarla bağlı münasibətə təsir göstərib. Digər məsələ tikinti sektoru ilə bağlıdır. Özbəkistandan olan miqrantların müəyyən hissəsi məhz tikinti sahəsində çalışır. İlin soyuq fəsli yaxınlaşdıqca bir çox tikinti meydançalarının fəaliyyətini dayandırması və ya layihələrin başa çatması iş yerlərinin azalmasına səbəb olur. İşsiz qalan insanlar isə ya başqa sahədə iş axtarmalı, ya da öz ölkələrinə qayıtmalıdırlar”.
Bu prosesin Rusiyanın əmək bazarına da təsir göstərə biləcəyini deyən Azər Allahverənov hesab edir ki, miqrantların ölkədən getməsi bəzi sahələrdə əmək çatışmazlığı yarada bilər.
Deputat Azərbaycandan olan miqrantların da yeni qaydalardan müəyyən dərəcədə təsirlənə biləcəyini bildirib: “Lakin hələlik Azərbaycanla bağlı kütləvi qayıdış müşahidə olunmur. Burada say baxımından da ciddi fərq var. Özbəkistandan və Tacikistandan olan miqrantlar Rusiyada say etibarilə birinci beşliyə daxil olduğu halda, Azərbaycandan olan miqrantlar ikinci beşlikdə qərarlaşıblar. Düşünürəm ki, əgər Rusiya hökuməti tətbiq olunan qaydaların əmək bazarında və ümumilikdə iqtisadiyyatda ciddi problemlərə səbəb olduğunu görsə, qanunvericilikdə müəyyən dəyişikliklərə gedə bilər. Yəni bəzi şərtlərin yüngülləşdirilməsi mümkündür”./Musavat.com
