Sosial şəbəkələrdə onlayn alış-veriş zamanı vətəndaşlara süni intellektlə hazırlanmış saxta ödəniş qəbzlərinin göndərildiyi barədə məlumatlar yayılır.
Bəs saxta qəbzi həqiqisindən necə ayırmaq olar? Vətəndaşlar aldanmamaq üçün nələrə diqqət etməlidirlər?
Məsələ ilə bağlı açıqlama verən informasiya texnologiyaları üzrə mütəxəssis Bəhruz Əliyev bildirib ki, dələduzlar bank tətbiqində hazırlanmış kimi görünən saxta qəbz və ya ekran görüntüsü göndərərək vətəndaşları pulun kartlarına köçürüldüyünə inandırmağa çalışırlar. Halbuki heç bir ödəniş həyata keçirilməmiş ola bilər.
“Qəbz və ya ekran görüntüsü pulun hesaba daxil olmasının sübutu deyil. Qarşı tərəf nə qədər inandırıcı sənəd göndərsə də, ödəniş şəxsin öz bank hesabında yoxlanılmalıdır. Bankın mobil tətbiqində kartın balansına və əməliyyat tarixçəsinə baxmaq, vəsaitin həqiqətən daxil olduğunu təsdiqləmək lazımdır. Təkcə SMS bildirişinə və ya göndərilən şəklə etibar etmək düzgün deyil”, – deyə ekspert vurğulayıb.
O qeyd edib ki, pul hesabda görünmürsə, qarşı tərəfin “köçürmə gecikir”, “bank sistemi işləmir” və ya “bir azdan hesaba düşəcək” kimi sözlərinə əsaslanaraq məhsulu təhvil vermək, xidmət göstərmək və ya pul qaytarmaq olmaz. Əməliyyat yalnız vəsait hesaba faktiki daxil olduqdan sonra davam etdirilməlidir.
Ekspert həmçinin vətəndaşları kartın PIN və CVV/CVC kodlarını, mobil bankçılıq şifrəsini, eləcə də SMS-lə gələn təsdiq kodlarını digər şəxslərlə paylaşmamağa çağırıb.
“Şübhəli vəziyyət yarandıqda əməliyyatı dayandırmaq, bankla əlaqə saxlamaq və zərurət olduqda hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Əsas qayda sadədir: qəbzə deyil, öz bank hesabınızdakı real əməliyyata etibar edin”, – deyə o əlavə edib.
