Ət və digər ərzaq məhsullarının qiymətinin yüksəldiyi bir vaxtda kolbasa istehsalının artması bazarda maraqlı mənzərə yaradıb. İlin əvvəlindən ölkədə 19,6 min tondan çox kolbasa məmulatı istehsal olunması bu məhsula tələbin azalmadığını göstərir. Hazır məhsul ehtiyatlarının da kəskin azalması istehlakçıların kolbasaya əvvəlkindən daha çox üstünlük verdiyini deməyə əsas verir. Bu tendensiyanın arxasında qiymət amili ilə yanaşı, istehlak vərdişlərinin dəyişməsi və yerli məhsulların bazarda mövqeyinin güclənməsi də dayana bilər.
Kolbasa istehlakının artmasının əsas səbəbi əhalinin daha ucuz məhsullara yönəlməsidir? Yerli kolbasa istehsalının artması idxal məhsullarının Azərbaycan bazarındakı mövqeyini zəiflədə bilərmi?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, kolbasa istehsalındakı artımı əhalinin rifahının yüksəlməsi kimi təqdim etmək iqtisadi reallığı təhrif etməkdir.
Onun sözlərinə görə, ölkədə ətin, ərzaqın, nəqliyyatın, kommunal xərclərin və gündəlik xidmətlərin qiyməti artırsa, istehlakçının alış səbətinin dəyişməsi avtomatik olaraq gəlirlərin və rifahın artması demək deyil: “Ət ala bilməyən insan gedib kolbasa və sosiska alır. Bu, bazarın ən sadə iqtisadi reallığıdır. İnsan daha bahalı məhsulu almaq imkanını itirdikdə daha münasib qiymətli alternativə keçir. Burada söhbət seçim imkanlarının genişlənməsindən yox, büdcənin məcburi şəkildə yenidən bölüşdürülməsindən gedir. İnsan kolbasanı daha çox sevdiyi üçün yox, büdcəsi ona əvvəl aldığı ət məhsulunu almağa imkan vermədiyi üçün həmin məhsula yönələ bilər. Əgər ailənin gəliri əvvəlki səviyyədə qalır, amma ətin və digər ərzaqların qiyməti artırsa, istehlakçı əvvəl aldığı məhsuldan imtina edir, daha münasib qiymətli alternativ axtarır. Sonra bu dəyişiklik bazarda “kolbasaya tələb artıb” kimi təqdim olunur. Halbuki tələbin niyə artdığı əsas məsələdir. İnsan daha çox almaq istədiyi üçün alır, yoxsa əvvəl aldığı məhsulu artıq ala bilmədiyi üçün? Əsas problem vətəndaşın gündəlik xərclərinin getdikcə ağırlaşmasıdır. Ət bahalaşır, ərzaq bahalaşır, nəqliyyat xərcləri artır, kommunal və digər xidmətlər bahalaşır”.
Ekspert qeyd edib ki, insan bütün bunların qarşısında eyni gəlirlə əvvəlki istehlakını saxlaya bilmir. Nəticədə bazarda “seçim” kimi görünən davranışın arxasında əslində məcburi qənaət dayanır: “İnsan ayın əvvəlində hansı məhsulu almaq istədiyini deyil, hansı məhsulu almağa pulunun çatdığını düşünməyə başlayır. Belə bir şəraitdə kolbasa və sosiska satışının və ya istehsalının artmasını yalnız bazarın böyüməsi kimi qiymətləndirmək ciddi iqtisadi yanaşma deyil. Bazarda bir məhsula tələbin artması həmişə insanların həmin məhsulu daha çox istəməsi demək deyil. Bəzən tələb ona görə artır ki, istehlakçı əvvəl aldığı məhsulu artıq ala bilmir. Ət əvəzinə kolbasa, daha bahalı məhsul əvəzinə daha ucuz məhsul seçilir. Bu, qiymət təzyiqinin istehlak səbətinə birbaşa təsiridir. İstehlakçının nə aldığı qədər, nəyi artıq ala bilmədiyi də iqtisadi göstəricidir. Əgər vətəndaş əvvəlki istehlakını qorumaq üçün məhsul strukturunu dəyişməyə məcburdursa, bunu rifah göstəricisi adlandırmaq olmaz”.

İqtisadçı hesab edir ki, daha ucuz məhsulun satışının artması bəzən həmin məhsulun keyfiyyətinə və ya populyarlığına görə yox, daha bahalı alternativlərin əlçatmazlaşmasına görə baş verir: “Məsələnin başqa bir tərəfi də var. Vətəndaşın maaşı nominal olaraq artsa belə, əgər həmin artımı ərzaq və digər gündəlik xərclərin bahalaşması udursa, insanın real alıcılıq qabiliyyəti genişlənmir. Əksinə, ailə büdcəsi daha çox sıxılır. Ona görə iqtisadi vəziyyəti yalnız nominal gəlirlə və ya ayrı-ayrı məhsulların istehsal həcmi ilə qiymətləndirmək olmaz. Əsas sual həmin gəlirlə vətəndaşın nə qədər ərzaq, xidmət və digər zəruri məhsul ala bilməsidir.Bu səbəbdən kolbasa istehsalındakı artımın arxasında duran səbəbləri araşdırmadan onu əhalinin daha yaxşı yaşamasının göstəricisi kimi təqdim etmək yanlışdır. Əgər vətəndaş ət ala bilmədiyi üçün kolbasa və sosiska alırsa, burada söhbət istehlakın keyfiyyətcə yüksəlməsindən yox, bahalaşmanın yaratdığı məcburi uyğunlaşmadan gedir. İnsan daha çox seçim etmir, büdcəsinə sığan seçimi edir. Dövlət üçün də əsas sual kolbasa zavodlarının nə qədər məhsul istehsal etməsi olmamalıdır. Əsas sual vətəndaşın niyə əvvəl aldığı ərzağı artıq ala bilməməsidir. Çünki iqtisadiyyatın real vəziyyətini zavodun istehsal etdiyi tonlarla yanaşı, həmin məhsulu alan insanın gəlirinin nə qədərinin ərzağa getməsi, hansı məhsullardan imtina etməsi və ayın sonunda əlində nə qədər vəsait qalması ilə də qiymətləndirmək lazımdır. Ona görə gəlin, sadəcə “kolbasa bazarı böyüyür” deyib keçməyək. Əgər ət bahalaşır, alıcının büdcəsi çatmır və o, daha ucuz kolbasa və sosiskaya keçir, bu, ilk növbədə əhalinin istehlak strukturunun bahalaşmaya uyğunlaşmasıdır”.
A.İbrahimov sonda vurğulayıb ki, vətəndaşın daha ucuz məhsula keçməsini rifah artımı kimi təqdim etmək problemin özünü görməməkdir: “Əsas sual budur ki, vətəndaş niyə öz istehlak səbətini dəyişməyə məcbur olur? Əgər insan əvvəl aldığı əti artıq ala bilmir və onun yerinə daha ucuz məhsul seçirsə, həmin keçidi bazarın inkişafı və rifah artımı kimi təqdim etmək olmaz. Bu, qiymət təzyiqinin və alıcılıq qabiliyyətindəki sıxılmanın istehlak davranışında yaratdığı nəticədir”. /azpolitika.info
