Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud yataqlar təhlil edilib müasir geoloji üsullarla oradakı ehtiyatları tam dəqiqləşdirilməlidir.
Bunu Prezident İlham Əliyev onun sədrliyi ilə “2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bildirib.
“Sovet vaxtında isə müəyyən dərəcədə kəşfiyyat işləri aparılmışdır. Amma o vaxt sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi sayılırdı. Ona görə bizim bir çox yataqlarımız, yəni perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bunun, əlbəttə ki, bu tərəfi müsbətdir. Çünki bu ehtiyatlar bu gün yerin altındadır. Biz bu məsələlərin həlli üçün Dövlət Proqramında çox konkret mexanizmlər tətbiq edəcəyik. Birinci növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləridir. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq.
Eyni zamanda, mövcud yataqları biz tam təhlil edib müasir geoloji üsullarla oradakı ehtiyatları tam dəqiqləşdirməliyik. Çünki sovet dövründə müəyyən rəqəmlər var idi. Amma o dövrdən təxminən 40 il keçib. Həm məlumatlar köhnəlib, həm də bu gün yeni texnologiyalar var ki, heç o vaxt sovet dövründə bu haqda heç kim fikirləşə də bilməzdi.
İkinci istiqamət. Nəzərə alsaq ki, bu bölgədə böyük təbii resurslar var. Ehtimal ki, dediyim o rayonların digər bölgələrində, həm qonşu rayonlarda da böyük təbii resurslar var. Bu məqsədlə kəşfiyyat işləri, geoloji kəşfiyyat işləri aparılacaq. Artıq buna da start verildi. Yenə də deyirəm, ən müasir texnologiyalar var. Yəqin ki, bu gün bu barədə bizə məlumat veriləcəkdir”, – deyə dövlət başçısı qeyd edib.
