Son dövrlər bakalavr təhsilini başa vuran gənclər arasında magistraturaya marağın artdığı müşahidə olunur. Hətta universitetdə qalmağı, pedaqoji və ya elmi fəaliyyətlə məşğul olmağı planlaşdırmayan şəxslər də magistr təhsilini prioritet hesab edirlər.
Bəs akademik karyera qurmaq istəməyənlər üçün magistr dərəcəsi niyə bu qədər vacibdir?
Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov açıqlamasında magistr dərəcəsi əmək bazarında və peşəkar inkişafda mühüm fərq yarada bilər deyib.
Onun sözlərinə görə, akademik fəaliyyəti hədəfləməyən şəxslər üçün də magistr diplomu müəssisələrdə və idarəetmə sahəsində üstünlük qazandıran vasitələrdən biridir:
“Magistratura təhsilinin akademik mühitdən kənarda qazandırdığı əsas üstünlüklər dünyagörüşünün dəyişməsi, idarəetmə bacarıqlarının inkişafı və əmək bazarında rəqabət imkanlarının artması ilə bağlıdır.
Bu təhsil pilləsinin fərdə qazandırdığı ən böyük dəyər konkret sahə üzrə dərin ixtisaslaşma və geniş nəzəri-metodoloji bazadır. Bakalavr təhsili tələbəyə sahə ilə bağlı ümumi bilikləri və icra mexanizmlərini öyrədirsə, magistratura onun profilini daraldaraq konkret istiqamət üzrə daha dərindən ixtisaslaşmasına imkan yaradır”.
Ekspert qeyd edib ki, magistratura məzunları qlobal tendensiyaları elmi prinsiplər əsasında təhlil etməyi, böyük məlumat axınını idarə etməyi, faktlara və təcrübəyə əsaslanan tədqiqat üsullarını iş mühitində tətbiq etməyi öyrənirlər:
“Belə ixtisaslaşma nəticəsində məzun yalnız icraçı kimi qalmır. O, fəaliyyət göstərdiyi sahənin mahiyyətini və iş mexanizmlərini daha dərindən mənimsəyərək qərarların hazırlanmasında iştirak edən mütəxəssisə çevrilir”.
İ.Orucovun sözlərinə görə, magistratura səviyyəsində qazanılan bilik və peşəkar səriştələr məzunun korporativ və idarəetmə vəzifələrinə yüksəlmək imkanlarını da artırır:
“Mütəxəssis müəssisədə yaranan böhranlı vəziyyətlərə yalnız subyektiv mülahizələrlə deyil, elmi metodologiya və strateji təhlil vasitələri ilə yanaşmağı öyrənir. Sistemli yanaşma, risklərin proqnozlaşdırılması, konseptual modellərin qurulması və strateji qərarların qəbulu kimi bacarıqlar şəxsi idarəçilik və liderlik vəzifələrinə hazırlayır.
Əmək bazarında uzunmüddətli və yüksək büdcəli layihələrin idarə olunması çox vaxt məhz bu cür funksional səriştələrə malik kadrlara həvalə edilir”.
Ekspert bildirib ki, magistr dərəcəsi işə qəbul zamanı namizədin üstün mövqeyə çıxmasına və gəlir imkanlarının artmasına da təsir göstərə bilər:
“Magistr dərəcəsinə və dərin peşəkar səriştələrə malik mütəxəssislər işə qəbulun ilkin seçim mərhələsində ön plana çıxa bilirlər. Statistik göstəricilərə əsasən, eyni vəzifədə çalışan magistr məzunlarının başlanğıc və orta aylıq əməkhaqqısı bakalavr məzunları ilə müqayisədə 20–30 faiz yüksək ola bilər.
Bu üstünlüklər yalnız yerli əmək bazarında deyil, beynəlxalq şirkətlərin kadr seçimində və xaricdə iş imkanlarının əldə olunmasında da özünü göstərir”./Modern.az
