Azərbaycanda vergi intizamından, kölgə iqtisadiyyatına qarşı amansız mübarizədən, nəzarət-kassa aparatlarının məcburiliyindən elə ağızdolusu danışılır ki, adam bir anlıq elə zənn edir ki, bu ölkədə çek verməyən obyektin qapısına səhər açılmamış qfıl vurular. Amma sən demə, qanunların, reydlərin və ciddi maliyyə “sanatoriya”larının heç bir təsir gücünün çatmadığı xüsusi “mikroiqlimli” məkanlar da var imiş.
Məsələn, Fərid Eyvazovun rəhbəri olduğu “Alliance Clinic” kimi.
Faktum.az-a müraciət edən vətəndaş Firudun Rüstəmov bildirir ki, bəzi müayinələrdən keçmək üçün reklamlarından diqqətini çəkən bu klinikaya üz tutur, xidmət alır və cibindən dəqiqliklə 146 manat ödəyir. Amma qarşılığında nə alır? Dövlətin tanıdığı, vətəndaşa ƏDV-ni geri almaq hüququ verən rəsmi fiskal kassa çeki? Əlbəttə ki, yox!
Belə çıxır ki, Fərid Eyvazovun “krallığı”nda rəsmi çek yox, öz daxili “sərəncamları”, “qaimələri” keçərlidir. Yəni dolayısıyla vətəndaşa deyilmiş olur ki, “bizim öz qaydalarımız var, dövlətin vergi sistemi qapının arxasında qalır”.
Məsələ tək bir vətəndaşın 146 manatlıq çekində də deyil. Məsələ ondadır ki, adi bir məhəllə marketi, balaca bir kafe və ya künc-bucaqdakı bərbərxana kassa çekini bir saniyə gecikdirəndə Dövlət Vergi Xidmətinin müfəttişləri qapıda bitir, operativ vergi nəzarəti mexanizmi saat kimi işləyir. Cərimələr, xəbərdarlıqlar, protokol ardınca protokol…
Bəs görəsən, məsələ Fərid Eyvazovun rəhbərlik etdiyi “Alliance Clinic”ə gələndə bu ildırım sürətli nəzarət sistemi niyə uzadır? araşdırma prosesinin müddəti qanunun müvafiq maddəsini belə heçə sayaraq, hətta ikinci aya keçir?
Faktum.az olaraq avqust ayının 24-də – tam olaraq 35 gün öncə Dövlət Vergi Xidmətinə konkret faktlarla, konkret rəqəmlərlə rəsmi media sorğusu ünvanlamışıq. Qanunvericilik araşdırılmalı olduğu halda “maksimum 1 ay” deyir, amma biz konkret faktı verib, üstəlik, yenə o müddəti də artıqlaması ilə gözləmişik. Nəticə? … Sözün əsl mənasında, HEÇ NƏ.
Vergi Xidməti elə bir sükut içindədir ki, sanki “Alliance Clinic” Bakıda deyil, başqa bir planetdə fəaliyyət göstərir., “əlləri çatmır”.
Bunu görəndə adamın ağlına istər-istəməz bir sual gəlir: Görəsən, Fərid Eyvazovun “qoruyucu mələyi” kimdir?
Kimdir o görünməz əl ki, Vergi Xidmətinin diqqətini bu klinikadan yayındırır, Fərid həkimə “gözün üstə qaşın var” deməyə belə qıymır?
Hansı fövqəladə güc Fərid Eyvazova bu qədər arxayınlıq, bu qədər rahatlıq bəxş edib ki, o, açıq-aşkar maliyyə intizamını pozmaqdan, dövlət büdcəsinə çatası paydan “qənaət” etməkdən çəkinmir?
Əgər bir tibb müəssisəsinin rəhbəri rəsmi çek verməyi özünə sığışdırmırsa, vergi qurumları da buna göz yumursa, deməli, burada söhbət sıradan bir diqqətsizlikdən yox, sistemli arxayınlıqdan gedir. Lakin Fərid Eyvazov və onun arxalandığı “mələkləri” bir şeyi unudurlar: ictimai nəzarət və medianın diqqəti heç bir qoruyucu çətirin altına sığmır.
Çek qalmaqalı hələ yeni başlayır və o 146 manatlıq kağız parçasının arxasında gizlənən cavabsız sorular gec-tez öz cavabını tapacaq.

