Roma Papası XIV Leo Avropanı öz köklərini xatırlamağa, dövlətlərarası münasibətlərdə müharibə və barbarlığa son qoymağa çağırıb.
Roma Papası bunu Avropaya inteqrasiyanın ideoloqlarından biri Robert Şumanın adını daşıyan konfrans mərkəzində, Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə “Sülh və birlik naminə Avropanın köklərinə doğru” şüarı altında keçirilən görüşdə çıxışı zamanı bildirib,
“Beynəlxalq hüquq və çoxtərəflilik dövlətlərin qarşılıqlı münasibətlərində bərabərliyə xidmət edir və bütün münaqişələrin əsasını təşkil edən hökmranlıq cəhdlərinə qarşı ən yaxşı vasitədir. Bu gün dövlətlər arasında münasibətlər getdikcə daha barbar xarakter alır. Sözün dəyəri itir, bunun əvəzinə insanlar yalana və aldatmaya yuvarlanırlar. Avropa digər xalqlara hörmət sayəsində bu spiralın qarşısını ala bilər. Avropa son 80 il ərzində müxtəlif fikir, tələb və maraqları qarşıdurmadan müdafiə etməyin mümkün olduğunu nümayiş etdirərək, bu hörməti formalaşdırıb və qoruyaraq saxlayıb”, – deyə o bildirib.
Roma Papasının fikrincə, məhz Avropanın fundamental dəyərlərinin universallığı dialoqun mümkün olduğunu göstərir.
“Məhz bu, Şuman kimi insanları mədəni kimliklər arasındakı qarşıdurmanı aradan qaldırmağa və İkinci Dünya müharibəsinin dəhşətli faciəsindən sonra Avropa institutlarını yaratmağa ruhlandırdı. Bu faciə göstərdi ki, insan hakimiyyətini yaymağa çalışarkən qarşısında heç bir maneə olmadığını düşündükdə necə böyük şər törədə bilər”, _ deyə pontifik bildirib. O qeyd edib ki, Avropa coğrafi ölçünü aşan tarixinin və mədəniyyətinin bütövlüyü çərçivəsində nəzərdən keçirilməlidir.
