Tural İrfan: “İnsan gərək namaz borclarını, oruc borclarını, zəkat borclarını yerinə yetirmiş olsun ki, sonuncu mərhələ olaraq Həcc ziyarətinə getsin”
“O insanlar bilsələr ki, o boyda israf edib yol gedirlər, onların ibadətləri qəbul olmayacaq, bu, onlara günah gətirəcək, axirət əzabına səbəb olacaq, onlar qətiyyən o yolu getməzlər!”
Məlum olduğu kimi, 2027-ci il Həcc ziyarəti üçün sənəd qəbuluna artıq başlanılıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri 2027-ci il Həcc ziyarəti ilə bağlı açıqlamasında bir nəfər üçün ziyarət paketinin ilkin qiymətinin 6 100 ABŞ dolları müəyyən edildiyini bildirib. QMİ rəsmisinin sözlərinə görə, qiymətin müəyyən qədər artması da mümkündür. Buna dünyada baş verən hadisələrlə yanaşı, Səudiyyə Ərəbistanında xidmət paketlərinin dəyişdirilməsi və yeni xidmətlərin əlavə olunması səbəb göstərilir.
Beləliklə, 2027-ci ildə Azərbaycandan Həcc ziyarətinə getmək istəyən bir nəfərin ilkin olaraq 6 100 dollar ödəməsi nəzərdə tutulur.
Bəs maraqlıdır, eyni ziyarət üçün digər ölkələrin vətəndaşları nə qədər ödəyirlər?
Qeyd edək ki, hələlik bir çox ölkədə 2027-ci il üçün Həcc ziyarətinin hansı qiymətə təşkil olunacağı açıqlanmayıb.
Amma Azərbaycanda cari ildə də Həcc ziyarətinin 6 100 ABŞ dolları (10 370 manat) olduğunu nəzərə alaraq, hazırkı qiymətləri müqayisə etmək mümkündür.
Məsələn, Qırğızıstanda 2026-cı ildə bir nəfər üçün Həcc ziyarətinin qiyməti 4 650 dollar olub. Rusiyada isə 2026-cı il üçün Həcc paketlərinin qiyməti təxminən 4 163 dollardan başlayıb. Orta qiymət isə 5 353 dollar ətrafında olub. İranda isə bu il də qiymətlər daha aşağı olub. 2026-cı ildə adi Həcc qruplarında bir nəfər üçün qiymət təxminən 1 411–1 647 dollar təşkil edib. Tacikistanda 2026-cı il üçün Həcc ziyarətinin qiyməti təxminən 5 600 dollar olub. Qazaxıstanda isə 2026-cı il Həcc paketləri təxminən 5 500 dollardan başlayıb, daha bahalı paketlərdə qiymət daha yüksək olub. Özbəkistanda 2026-cı ildə bir nəfər üçün Həcc ziyarətinin qiyməti 6 400 dollar təşkil edib. Türkiyədə isə qiymətlər yerləşdirmə variantından asılı olaraq dəyişib. 2026-cı ildə dörd nəfərlik otaqda bir nəfər üçün qiymət təxminən 6 933 dollar, üç nəfərlik otaqda 7 381 dollar, iki nəfərlik otaqda isə 7 913 dollar olub.
Beləliklə, 2026-cı ilin rəqəmlərinə nəzər saldıqda Azərbaycanın 6 100 dollarlıq Həcc paketi İran, Qırğızıstan, Rusiya və Tacikistandakı bəzi və ya bütün əsas paketlərdən baha olub. Özbəkistanda qiymət Azərbaycandakına yaxın, Türkiyədə isə yerləşdirmədən asılı olaraq daha yüksək olub.
İlahiyyatçı Tural İrfan “AzPolitika”ya şərhində bildirib ki, Həcc ziyarəti ilə bağlı hər il belə narazılıqların və etirazların yaranmasının bir neçə səbəbi var: “Cəmiyyətdəki anlaşılmazlıq təbiidir. Çünki Həcc ziyarəti ilə bağlı yüksək məbləğdə vəsait tələb olunur və bu da insanların narazılığına səbəb olur. İnancsız təbəqə tərəfindən belə bir fikir formalaşır ki, din sanki insanları israfa məcbur edir, yüksək məbləğdə pulu olan insanlara üstünlük verir, varlı adamlar bu ziyarətlərə gedirlər. Bunun səbəbkarı isə bir sıra din xadimlərinin, ruhanilərin, bu Həcc biznesi ilə məşğul olan şəxslərin dini düzgün təbliğ etməməsidir. Dinin mahiyyətini, fəlsəfəsini düzgün anlatmırlar”.

T. İrfan qeyd edir ki, hər şeydən əvvəl, Həcc ziyarət deyil, ibadətdir: “Həcc namaz, oruc kimi ibadətdir. İbadət tamamilə fərqli bir şeydir. Mükəlləf olan şəxsin boynunda haqdır. Çox təəssüf ki, Həccə gedənlərin əksəriyyətinə bu məsələlər izah edilmir. Ümumiyyətlə, özləri də bilmirlər. Sadəcə, belə bir ənənə formalaşıb ki, kimin pulu çoxdursa, o gedə bilər. Bunun üzərində bir çox şərtlər var. İnsan gərək namaz borclarını, oruc borclarını, zəkat borclarını yerinə yetirmiş olsun. Bütün bu kriteriyalardan keçəndən sonra sonuncu mərhələ olaraq artıq Həcc ibadətidir. Fakt budur ki, bu şərtlər qorunmur və digər müsəlman ölkələrində də belə hallar var. Hətta Həcc səfərində də müşahidə edirik ki, hər il böyük basabas yaranır. Orada insanlar fəlakətlə üzləşir, həlak olurlar və s. Çünki bu filtrdən keçirilməmiş insanlar, sadəcə maddi imkanına görə, yəni kimin pulu çoxdursa, gedə bilirlər. Bu, tamamilə İslam dininin əleyhinədir, yanlışdır. Ölkəmizdə də ona görə belə ziddiyyətlər yaranır. Əməli-saleh və tam ibadətlərində mükəmməl olan şəxslər Həccə getməlidirlər”.
Din xadimi xatırladır ki, tarixi prosesdə də proses bu cür olub: “Digərləri, qohumlar, möminlər Həccə getməyə imkanı olmayan şəxsə əlavə vəsait veriblər, kömək ediblər ki, bircə bu şəxs getsin, o ibadəti yerinə yetirib gəlmiş olsun. Amma indi elə deyil. Hər kəs özü halal-harama baxmadan, pulunu haradan qazandığını nəzərə almadan Həccə gedir. Heç ondan soruşmurlar da ki, sənin bu topladığın pul haramdır, yoxsa halaldır? Bunun zəkatını vermisənmi? Bunun dini-ibadət tərkibi olaraq bir-birinə bağlı qaydaları var. Məsələn, digər borclarını yerinə yetirmisənmi, xətrinə dəydiyin, haqqına girdiyin insanlardan halallıq almısanmı? Yəni bax, bu kimi mənəvi tələblərə riayət olunmadığına görə bu işə baxan qurum da ölkəmizdə sırf işin maddi tərəfini, ticarət tərəfini, turizm tərəfini əsas götürdüyü üçün belə ziddiyyətlər yaranır”.
“Səudiyyə Ərəbistanının müvafiq idarəsi ilə razılaşmalar var. Bu razılaşmalar zamanı, təbii ki, bu məsələlər gündəmə gətirilə və Həcc qiymətlərində də tənzimləmələr ola bilər. Eyni zamanda, bizim ölkəmizdə bunu həyata keçirən qurum tərəfindən bu dediyim şərtlər tətbiq oluna bilər. Ucdantutma imkanlı adamların Həccə getməsinin də bir növ qarşısı alınmış olar. Amma bu gün bu şeylərə riayət olunmur və nəticədə də bu cür anlaşılmazlıqlar və ziddiyyətlər meydana gəlir. Sağlam din xadimləri, dinşünaslar və ilahiyyatçılar tərəfindən Həcc ibadətinin yenidən və düzgün şəkildə çatdırılması, anladılması lazımdır. Həcc Kərbəla və Məşhəd kimi ziyarət deyil. O ziyarətlər insanın öz təşəbbüsünə buraxılıb. İstəyən gedər, ziyarət edər, savab qazanar, istəyən getməz. Amma Həcc isə ibadətin bir tərkibidir, yəni İslamın şərtidir, müsəlmanların mənəvi borcudur”, – deyə o bildirib.
İlahiyyatçının sözlərinə görə, bu ibadətə haram qatılmış pulla, rüşvətlə və yaxud israfçılığa yol verərək 10 mindən artıq pul xərcləməklə gedib-gəlmək ibadət sayılmır: “Bu, əslində zəlalətdir, bu, ticarətdir, bu, həmin ibadəti həyata keçirən qurumun biznes maraqları naminə insanların istismar olunmasıdır. Bunun qarşısını almaq lazımdır. Başqa ölkələrdə də nöqsanlar olsa da, bu həddə deyil. Getdikcə bunun məbləği qalxır, sanki heç bir ziyarət mahiyyəti də qalmır. Ona görə müvafiq qurumlar bununla bağlı tədbir görməlidirlər. Çünki İslam dininə inamsızlıq yaradırlar . Dinimiz ibadətə, mənəviyyata üstünlük verdiyi halda, bəziləri ticarət, biznes marağına görə imanı kamil olmayan insanların Həcc ziyatətinə getməsinə çərait yaradılır. Bu da inancsız təbəqə tərəfindən İslam dini əleyhinə hədyanlar danılşmaq üçün istifadə olunur. Halbuki o insanlar əgər bilsələr ki, o boyda israf edib yol gedirlər, onların ibadətləri qəbul olmayacaq, bu, onlara daha da günah gətirəcək, mənəvi əzaba, axirət əzabına səbəb olacaq, onlar qətiyyən o yolu getməzlər. Amma belə olduğu təqdirdə də bu Həcc biznesini həyata keçirən qurumun biznes maraqlarına xələl gəlir. Çünki bu işi təşkil edən adamlar, oradan maliyyə götürən insanlar, pul qazanan zümrələr var. Bu, bir turizm biznesidir sanki. Bu, artıq ibadətdən çıxıbdır. Bu şeyə görə dini dəyərləri, hətta ibadəti belə alverə, biznesə qurban veriblər. O işi həyata keçirənlərə mən din xadimi yox, tacir deyərdim. Açıq-aşkar bu, ticarətdir. Sadəcə, din qılıfı ilə, din pərdəsi altında, dinlə sui-istifadə edərək, Həcc ibadətindən sui-istifadə edərək bunlar ticarətlə məşğuldurlar, özlərinin sərvətini artırmaqla məşğuldurlar”.
T. İrfan qeyd edir ki, bu sahədə geniş islahatların keçirilməsinə ehtiyac var: “Həmçinin Həcc ilə bağlı ümumiyyətlə şəffaf bir qurum yaradılmalıdır ki, bu işləri həyata keçirsin. Sırf mənəvi cəhətdən insanların həqiqətən o kriteriyaları yoxlanılsın ki, bu adamlar bu mənəvi borclarını burada yerinə yetiriblər və nəhayət, bunlar Həccə hazır olublar. Və maddi imkanları da Həccə buna yol verir və yaxud da kənardan bunlara ianə, dəstək, kömək var ki, gedib bu ibadəti yerinə yetirsinlər. Tarixən də bizdə belə olubdur.
Yəni bir çox rayonlarımızda, ümumiyyətlə, ölkəmizdə 100 il bundan əvvələ kimi Həccə gedib-gəliblər. O dövrdə insanlar o dərəcədə mənəvi məqamlara çatıblar ki, onlara bütün kənd yığılıb maliyyə dəstəyi göstərib ki, o ibadəti gedib yerinə yetirsinlər. Onda ailəsi korluq çəkməyib, heç kimə ziyan vurulmayıb. Amma indi elə deyil. Bu, dini, mənəvi dəyərləri məhv etməkdir. Həcc ibadətinin mahiyyətini, fəlsəfəsini təhrif etməkdir. Pul marağına görə, o qədər lazımsız, dindən uzaq adamları Həccə aparıblar ki…”
Vaxtilə Hacı Zeynalabdin Tağıyev Azərbaycanın böyük bir mənəvi şəxsiyyəti kimi xatırlanırdı, o, “Hacı” adına görə tanınırdı. Amma indi elə adamları aparıb hacı ediblər ki, artıq “hacı” sözü ikrah doğuran mənfi ifadə kimi çəkilir. Hətta müğənnilərlə qoşa – rişxənd obyektinə uyğun olaraq çəkilir. Bunu kim edib? Bunu ölkədə Həcc biznesinə sahib olan şəxslər ediblər ki, kimin pulu var, imanı olmasa da, dini olmasa da, əxlaqı olmasa da, yetər ki, bunu aparaq, bizə də oradan müəyyən vəsait qalsın”.
Qeyd edək ki, son 10 ildə Azərbaycandan Həcc ziyarətinin qiyməti əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2017-ci ildə bir nəfər üçün ziyarət paketinin qiyməti 3 850 ABŞ dolları olduğu halda, 2026-cı ildə bu məbləğ 6 100 dollara yüksəlib. Bu, 10 il ərzində 2 250 dollar və ya təxminən 58,4 faiz artım deməkdir. Başqa sözlə, 2017-ci ildə 7 341 AZN təşkil edən ziyarət xərci 2026-cı ildə 10 370 AZN-ə çatıb.
İllər üzrə qiymətlər belə dəyişib:
- 2017 — 3 850 ABŞ dolları — 7 341 AZN;
- 2018 — 4 150 ABŞ dolları — 7 055 AZN;
- 2019 — 4 285 ABŞ dolları — 7 284,50 AZN;
- 2020 — 4 490 ABŞ dolları — 7 633 AZN;
- 2021 — Qiymət müəyyən edilməyib (pandemiyaya görə – red.);
- 2022 — 5 350 ABŞ dolları — 9 095 AZN;
- 2023 — 5 750 ABŞ dolları — 9 775 AZN;
- 2024 — 5 850 ABŞ dolları — 9 945 AZN;
- 2025 — 5 950 ABŞ dolları — 10 115 AZN;
- 2026 — 6 100 ABŞ dolları — 10 370 AZN.
