Son illər Azərbaycanda həkimlərin xaricdə işləməyə marağının artması daha çox nəzərə çarpır.
Xüsusilə Almaniya azərbaycanlı həkimlərin üz tutduğu əsas ölkələrdən birinə çevrilib. Almaniyada işləyən azərbaycanlı həkimlərin sayı son yeddi ildə 3 dəfə artıb.
Almaniya Həkimlər Palatasının məlumatına görə, 2017-ci ildə ölkənin tibb müəssisələrində 603 nəfər azərbaycanlı həkim fəaliyyət göstərirdisə, 2024-cü ildə onların sayı 1996 nəfərə çatıb.
Artıq bu istiqamətdə həkimlərə xaricdə iş tapmaqda kömək edən şirkətlər də fəaliyyət göstərir. Həkimlər müəyyən ödəniş qarşılığında həmin şirkətlərə müraciət edir, onların vasitəsilə Almaniyada iş imkanları, sənədləşmə və digər prosedurlar barədə dəstək alırlar.
Maraqlıdır, xaricdə işləmək istəyənlər yalnız hazırda çalışan həkimlərlə məhdudlaşmır. Almaniyada karyera qurmağı planlaşdıran tibb tələbələri də universitet illərindən alman dili öyrənməyə, dil kurslarına və xaricdə işləmək üçün tələb olunan hazırlıqlara başlayırlar.
Bütün bunlar Azərbaycanda həkim çatışmazlığı, səhiyyə sisteminin gələcək vəziyyəti kimi vacib məsələləri yenidən gündəmə gətirib.
Xaricdə işləmək istəyən həkimlərə vasitəçilik edən şirkətlərin artması bu sahədə tələbatın hansı səviyyədə olduğunu göstərir?
Mövzu ilə bağlı açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, bu gün həkimlərimizin Avropa ölkələri ilə yanaşı, Almaniya, İngiltərə, Fransa, ABŞ və Türkiyəyə axını müşahidə olunur:

“Həkimlərin xaricə getməsinin səbəblərindən biri burada onlar üçün lazımi şəraitin tam formalaşmaması, digər tərəfdən isə xaricdə daha yaxşı əməkhaqqı ilə yanaşı, peşəkar inkişaf və öyrənmək imkanlarının daha geniş olmasıdır. Xüsusilə gənc həkimlər özlərini inkişaf etdirmək, daha çox təcrübə qazanmaq və ixtisaslaşmaq üçün xarici ölkələrə üz tuturlar.
Tibb universitetində təhsil alan tələbələrin də bir qismi öyrənmək və təcrübə qazanmaq üçün xaricə gedir. Çünki baza tibb təhsilindən sonra tibbin daha yüksək səviyyəsini öyrənmək üçün rezidentura mərhələsində kifayət qədər praktiki imkanların olması vacibdir. Bunun üçün isə əsas şərtlərdən biri xəstə bolluğudur.
Bu gün Tibb Universitetinin iki klinikası – Tədris Terapiya və Tədris Cərrahiyyə klinikaları icbari tibbi sığortadan demək olar ki, kənarda qalıb. Nəticədə şöbələr boş qalır, xəstələr həmin klinikalara gəlmir. Belə vəziyyətdə tələbələrin praktiki bilik qazanması da çətinləşir.
Tələbə hansı materialın üzərində öyrənməli, hansı xəstələr üzərində praktiki təcrübə qazanmalıdır? Məhz buna görə onlar öyrənmək və inkişaf etmək üçün ölkə xaricinə üz tuturlar”.
O qeyd edib ki, Türkiyə, Almaniya və digər Avropa ölkələrinə gedən gənc həkimlər orada həm təcrübə qazanır, həm də həmin ölkələrin tibb sisteminə inteqrasiya olunur, mütəxəssis kimi məktəb keçirlər:
“Xaricdə onları daha yaxşı əməkhaqqı ilə yanaşı, peşəkar inkişaf üçün də geniş imkanlar gözləyir. Buna görə də həmin ölkələrdə müəyyən təcrübə qazanan həkimlərin bir qismi Azərbaycana qayıtsa da, bir qismi xaricdə qalır.
Bizdə isə rezidenturanın adı var, amma praktiki baxımdan lazımi səviyyədə fəaliyyət göstərməsi ilə bağlı problemlər mövcuddur. Rezidentura keçən tələbələri kifayət qədər xəstə ilə təmin etmək lazımdır ki, onlar real klinik vəziyyətlər üzərində təcrübə qazansınlar.
Həkimlər də öz növbəsində bu prosesdə rezidentlərə praktiki bilikləri öyrədə bilsinlər. Təəssüf ki, bu problem baza tibb təhsili alan tələbələrin də öyrənmək, inkişaf etmək və daha yaxşı imkanlar əldə etmək üçün xaricə axınını şərtləndirən amillərdən birinə çevrilir”. /cebheinfo.az
