Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi proqram xarakterli nitq ölkənin gələcək inkişaf trayektoriyasını və strateji hədəflərini açıq şəkildə ortaya qoydu. Tanınmış politoloq Fərhad Məmmədov dövlət başçısının çıxışını təhlil edərək bildirib ki, məntiqi mühakimələrin mərkəzində dayanan əsas dayaq nöqtəsi Azərbaycanın mütləq suverenliyi və tam müstəqilliyidir.
Politoloqun fikrincə, daxili və xarici siyasət, təhlükəsizlik konsepsiyası, dövlətçiliyin ideoloji əsasları və iqtisadi model – hər bir istiqamət Azərbaycanın müstəqilliyinin qorunmasına yönəlib və bu prinsiplər hər növ müvəqqəti siyasi və ya iqtisadi maraqlardan uca tutulur.
Fərhad Məmmədov diqqəti dövlət başçısının Azərbaycanın son 40 illik siyasi tarixinə etdiyi ekskursa yönəldib. Qeyd olunub ki, müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik etmiş 3 siyasi xadim qısa idarəçilikdən sonra ölkədən qaçaraq arxalarında dağılmış iqtisadiyyat, torpaq itkisi, vətəndaş müharibəsi və 1 milyon qaçqın-məcburi köçkün qoyub getmişdilər.
“Bu tarixi xatırlatma haradan haraya gəldiyimizin nümayişidir. Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət sayəsində Azərbaycan ardıcıl dövlət quruculuğu və milli həmrəylik yolunu keçdi. Hətta torpaqlarımızın işğal altında olduğu ən çətin illərdə dərəcə-dərəcə suverenliyin məzmunu formalaşdırıldı. 44 günlük Vətən müharibəsinin ilk günündən heç kim qələbəyə şübhə etmirdi, 2023-cü ilin sentyabrında isə suverenliyimizin tam bərpası bu ardıcıl siyasətin zirvəsi oldu” — politoloq vurğulayıb.
Dünyada beynəlxalq təhlükəsizlik sisteminin çökdüyü bir dövrdə “Bəs sonra neyləməli?” sualına da Prezident İlham Əliyev aydın cavab verdi. Politoloqun şərhinə görə, Azərbaycan öz təhlükəsizlik modelini daxili konsolidasiya, ordu quruculuğunun təkmilləşdirilməsi, effekti diplomatiya, bərabərhüquqlu müttəfiqlik və xoşqonşuluq münasibətləri üzərində qurur.
Məmmədov xüsusilə vurğulayır ki, Azərbaycan cəmi bir il ərzində dünyanın iki fövqəldövləti – ABŞ və Çin ilə strateji tərəfdaşlıq formatını rəsmiləşdirib:
Bakı qlobal səviyyədəki balansı regional müstəvidəki balansla bacarıqla uzlaşdırır.
Dövlət funksiyalarını daha güclü bir müttəfiqin üzərinə yıxmaq (bloklaşmaq) vərdişindən imtina etmək Azərbaycanın gerçək müstəqilliyinin və suverenliyinin bariz göstəricisidir.
Politoloq bildirir ki, Prezidentin çıxışında Ermənistanla münasibətlərə həsr olunmuş hissəni “Sülhün əsası kimi güc” formulu ilə xarakterizə etmək olar.
İşğal dövrünün xatırladılması, İrəvan rəhbərliyinin müharibədən əvvəl, müharibə zamanı və sonrakı illərdə dəyişən mövqeyinin təhlili Bakının hazırkı sülh gündəliyini hansı prizmadan və hansı reallıqlar əsasında dəyərləndirdiyini aydın göstərir. Sülh yalnız hərbi və iqtisadi qüdrətə arxalandıqda davamlı olur.
Fərhad Məmmədovun fikrincə, dövlət başçısının nitqindəki ən mühüm tezislərdən biri ideoloji təhlükəsizliyin birbaşa fiziki təhlükəsizliklə eyniləşdirilməsi oldu. Politoloq qeyd edir ki, Azərbaycana qarşı yönəlmiş informasiya hücumları sadəcə ideyalar rəqabəti və ya gələcək inkişaf yolları barədə diskussiya deyil:
“Bu hücumların məqsədi cəmiyyəti daxildən parçalamaq, həyat tərzimizi dəyişmək və Azərbaycanı qlobal-regional qarşıdurmalara çəkməkdir. Prezident İlham Əliyev bu cəhdlərə çox dəqiq cavab verdi: Heç kim bizə bu coğrafiyada formalaşmış və cəmiyyətimiz üçün harmonik olan həyat tərzini diktə edə bilməz! Azərbaycan ideoloji hücumlara da əraziyə edilən hərbi təcavüz kimi eyni qətiyyətlə müqavimət göstərəcək”.
Politoloq yekunda diqqəti dünyadakı mövcud mənzərəyə çəkib. Bu gün iqtisadi baxımdan inkişaf etmiş bir çox ölkələr yüz milyardlarla dollar silahlanmaya vəsarət xərcləsələr də, özlərini qorumaq qabiliyyətində deyillər və əhalisi təhlükəsizliyini qorumağa həvəs göstərmir. Hərbi-siyasi bloklar isə dərin böhran keçirir.
Aparıcı dövlətlərin suverenlik böhranı yaşadığı bir dövrdə Azərbaycanın tam müstəqil, öz resurslarına arxalanan və milli maraqlarını qoruyan modeli qlobal miqyasda nümunəvi strateji kurs kimi öndə dayanır./azpolitika.info
