Dünyanın ticarət donanması dənizçiləri üçün ən təhlükəli bölgə müəyyənləşib. Söhbət Hörmüz boğazından getmir.
“Financial Times” qəzetinin yazdığına görə, bu il Qara dənizdə digər su hövzələrinə nisbətən daha çox dənizçi həlak olub. Ölənlərin sayı hətta Fars körfəzində qeydə alınan göstəricini də üstələyib.
Gəmi sahiblərinin və dəniz təşkilatlarının bildirdiyinə görə, taxıl və Rusiya neftinin daşınması üçün mühüm dəhliz olan Qara dəniz gəmilər üçün Yaxın Şərqdən daha təhlükəli bölgəyə çevrilib.
“Avropa İttifaqı və NATO ərazilərinin yaxınlığında Qara dənizə daxil olan neft tankerlərinin, yük gəmilərinin və taxıl daşıyan gəmilərin heyətləri bu həyati əhəmiyyətli marşrut uğrunda Rusiya ilə Ukrayna arasında mübarizənin güclənməsi fonunda dronların, raketlərin və partlayıcılarla yüklənmiş katerlərin hücumlarına məruz qalırlar. Bəzi hesablamalara görə, Qara dənizdəki hücumların sayı Fars körfəzində qeydə alınan hücumların sayından altı dəfədən çoxdur”, deyə nəşr yazır.
Ukrayna Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının rəhbəri Oleq Qriqoryuk bildirib:
“Fikrimcə, Qara dənizdə üzmək və Ukrayna limanlarına daxil olmaq, demək olar ki, intihardır. Ümumi təəssürat belədir ki, həyat üçün təhlükə daim mövcuddur”.
Qara dənizdə 570-dən çox gəmiyə hücum edilib
Dəniz təhlükəsizliyi üzrə “Ambrey” şirkətinin və Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, bu il Qara dənizdə 570-dən çox gəmiyə hücum edilib və nəticədə 40 dənizçi həlak olub. Müqayisə üçün qeyd edək ki, Hörmüz boğazında 24 nəfərin öldüyü barədə məlumat verilib.
Bildirilir ki, bəzi gəmilər limanların atəşə tutulması zamanı qarşılıqlı atəş altında qalıb, digərləri isə məqsədyönlü hücumların hədəfinə çevrilib. “Ambrey” şirkətinin məlumatına görə, üçüncü rübdə gündə orta hesabla dörddən çox hücum qeydə alınıb.
“Vəziyyət, sadəcə, inanılmazdır. Məncə, gəmiyə edilən hər hücum ölümə səbəb olmaq niyyəti daşıyır. Eyni yerdə yaşayış bölməsinə iki dəfə zərbə endirilirsə, məqsəd insanları öldürməkdir”, deyə “Wine Trader” gəmisini idarə edən “Sicilship” şirkətinin sahildəki əməliyyatlar üzrə rəhbərinin müavini Salvatore Adorno bildirib.
Rumıniya Prezidenti Nikuşor Dan isə Rusiyanı NATO sərhədləri yaxınlığında müharibəni genişləndirməkdə ittiham edib.
“Financial Times” xatırladır ki, Moskvanın Ukraynaya qarşı genişmiqyaslı işğalından bəri Qara dəniz ticarət gəmiləri üçün yüksək riskli bölgədir. Münaqişənin əvvəlində bu sularda minalar yerləşdirilib. BMT və Türkiyənin vasitəçiliyi ilə əldə edilmiş, lakin 2023-cü ildə qüvvədən düşmüş taxıl ixracı sazişi dövründə nisbi sakitlik yaransa da, Rusiya Ukrayna limanlarını atəşə tutmağa davam edir.
Gəmilərə hücumların sayı kəskin artıb
Hər iki tərəfin gəmilərin peyk naviqasiya sistemlərinin işinə müdaxilə etdiyi hallar da geniş yayılıb. Bu ilin yayında gəmilərə və liman infrastrukturuna qarşı cavab hücumları ən intensiv həddə çatıb.
“Lloyd’s List Intelligence” şirkətinin tədqiqatlar üzrə direktoru Bricet Diakun bildirib:
“Mən illərdir müharibənin dəniz ticarətinə təsirini izləyirəm, lakin indiyədək belə bir vəziyyətlə qarşılaşmamışam”.
“Ambrey” şirkətinin məlumatına görə, iyul-sentyabr aylarında təxminən 387 gəmiyə zərbə endirilib. Bu, əvvəlki rüblə müqayisədə beş dəfə çoxdur.
Nəşr qeyd edir ki, eskalasiyanın səbəblərindən biri Ukraynanın Rusiya gəmilərinə qarşı dronlardan istifadə kampaniyasıdır. Əvvəlcə Krımdan dizel yanacağının tədarükünü dayandırmaq məqsədi daşıyan bu əməliyyatlar qısa müddətdə Azov dənizini Qara dənizlə birləşdirən Kerç boğazındakı gəmiçiliyə də yayılıb.
“Ambrey” şirkətinin bildirdiyinə görə, son 45 gündə gəmilərə endirilən zərbələrin təxminən 90 faizi Rusiyanın payına düşüb.
Hücumların nəticələri Ukraynanın Böyük Odessa limanlarında da aydın görünür. Ukraynanın ən böyük özəl liman operatoru “TIS”in məlumatına görə, ötən ay liman 10-dan az gəmi qəbul edib. Halbuki iyul ayında bu göstərici təxminən 400 gəmi olub.
Rusiya və Ukraynanın hücum taktikası
Təhlükəsizlik üzrə analitiklər hesab edirlər ki, Ukraynanın Rusiya taktikasından istifadə etməyə başlaması hər iki tərəfin hücumlarını gəmi heyətləri üçün daha ölümcül edib.
“Əvvəllər Ukrayna gəmilərin yükləmə kollektorlarını hədəfə alır, yaxud mühərrik bölməsini və ya sükanı sıradan çıxarırdı. İndi isə Rusiya kimi onlar da gəmi körpülərinə və yaşayış bölmələrinə zərbələr endirirlər. Bu, heyət üzvləri arasında itkilərin artmasına səbəb ola bilər”, deyə “Ambrey” şirkətinin baş analitiki Tomas Aleksa vurğulayıb.
Eyni zamanda, hücumların coğrafiyası xeyli genişlənib və hədəflərin seçilməsində əvvəlki məhdudiyyətlər azalıb.
“Biz həqiqətən də Rusiya ilə Ukrayna arasında sərhədsiz bir müharibənin şahidiyik. Bu müharibə Qara dəniz regionundakı bütün digər dövlətlərə təsir göstərəcək”, deyə “Qara dəniz Strateji Araşdırmalar İnstitutu”nun monitorinq qrupunun rəhbəri Andrey Klimenko bildirib.
Ukraynanın kənd təsərrüfatı nazirinin sözlərinə görə, belə şəraitdə işləyən gəmi heyətləri “çox qorxurlar”.
Limanlara hücumlar Ukraynanın taxıl ixracını təhdid edir
Ukrayna taxıl daşımalarının bir hissəsini Dunay çayı üzərindəki daha kiçik limanlara yönəldib. Lakin nazir qeyd edib ki, bu limanların imkanlarından tam istifadə etmək mümkün deyil, çünki onlar da daim hücumlara məruz qalırlar.
“Rusiya da taxıl daşımalarını daha baha başa gələn marşrutlarla – Baltik dənizi üzərindən və Uzaq Şərqdəki Vladivostok limanından həyata keçirir. Gəmi brokeri “IFCHOR Galbraiths” şirkətinin peyk monitorinqi məlumatlarına görə, sentyabr ayında Qara dəniz və qonşu Azov dənizi limanlarından 201 min ton məhsul göndərilib. Bu, əvvəlki ayın göstəricisinin cəmi altıda birinə bərabərdir”, deyə “Financial Times” yazır.
Bundan əlavə, Moskva öz neft tanker donanmasını dronlardan qorumaq üçün torlarla örtməyə başlayıb və Ukrayna dronlarının hücumlarından yayınmaq məqsədilə GPS siqnallarını təhrif etməyin daha mürəkkəb üsullarından istifadə edir.
Ukraynanın Aqrar İnkişaf Nazirliyinin məlumatına görə, ölkənin kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracı avqust ayında 1,4 milyon tona düşüb. Bu, müharibədən əvvəlki səviyyədən təxminən 75 faiz azdır.
Ukraynanın iri günəbaxan yağı ixracatçısı “Kernel” şirkətinin rəhbəri Andrey Verevski bildirib:
“Əsas risk bu gün daşımaların qısamüddətli gecikmələrində deyil, gələn yaz tarlalarda özünü göstərəcək. İxracdan əldə olunan gəlirlər yanacaq, toxum və gübrələrin alınmasına sərf olunur. Limanlardan çıxış yolları bağlanarsa və fraxt xərcləri əməliyyat mənfəətini aradan qaldırarsa, Ukraynanın kiçik və orta fermerlərinin əkin kampaniyasını həyata keçirmək üçün vəsaiti qalmayacaq”.
Qara dənizdə gərginliyin daha da artması gözlənilir
Qara dənizdəki vəziyyəti uzun müddətdir izləyən ekspert Andrey Klimenko NATO qüvvələrinin müdaxiləsi olmadığı təqdirdə vəziyyətin daha da pisləşəcəyindən ehtiyat edir. Bununla belə, belə bir müdaxilə ehtimalı aşağı qiymətləndirilir. Avropa Parlamenti isə “ölümcül hücumları” əsas gətirərək Qara dənizdə Avropa İttifaqının hərbi-dəniz əməliyyatının keçirilməsinə çağırıb.
“Hazırda Qara dənizdə hər hansı atəşkəsə ümid etmək sadəlövhlük olardı. Təəssüf ki, müharibə təkcə davam etməyəcək, həm də daha da şiddətlənəcək və genişlənəcək”, deyə Klimenko əlavə edib./Qaynarinfo.az
