2026-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda daşınmaz əmlak üzərində 275 976 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüquqlarının 51 427-si (19 faiz) ilkin, 224 549-u (81 faiz) isə təkrar qeydiyyatın payına düşüb.
Hesabat dövründə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatı üzrə 3,4 faiz, alqı-satqı üzrə 13,1 faiz, vərəsəlik üzrə 5,4 faiz, bağışlama üzrə 13 faiz, digər əməliyyatlar üzrə aparılan qeydiyyatların sayında isə 17,4 faiz artım müşahidə olunub.
Eyni zamanda, əvvəllər yaranmış hüquqlar üzrə qeydiyyatların sayı 30,1 faiz azalıb. Bu azalma əsasən Azərbaycan Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanının icrasının yekunlaşması ilə bağlıdır.
Ötən ilin eyni dövrü ilə müqayisədə mənzillər üzrə aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatı 2,9 faiz, fərdi yaşayış və bağ evləri üzrə 16,8 faiz, qeyri-yaşayış sahələri üzrə 11,6 faiz, qeyri-yaşayış binaları üzrə isə 9,3 faiz artıb.
Çoxmərtəbəli yaşayış binaları üzrə qeydiyyatların sayında 26,3 faiz, əmlak kompleksi kimi müəssisələr üzrə 5,6 faiz, torpaq sahələri üzrə isə 0,7 faiz azalma qeydə alınıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 81 239-u Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşüb.
Yanvar-sentyabr aylarında 49 646 ipoteka və 5 692 yüklülüyün (icarə və istifadə) dövlət qeydiyyatı aparılıb. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,9 faiz və 11,5 faiz artıb.
Hesabat dövründə daşınmaz əmlak obyektləri üzrə 193 414 texniki pasport tərtib edilib.
