İsraildə keçirilən parlament seçkilərindən sonra səslərin yarıdan çoxunun (50%-dən çoxunun) hesablanması ilə ilkin rəsmi nəticələr açıqlanıb. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağçı blok seçkidə lider mövqedə qərarlaşıb. Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp Netanyahunun gözləniləndən qat-qat yaxşı nəticə göstərməsini məhz onun dəstəyi ilə əlaqələndirib.
Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi ilkin rəqəmlərə əsasən:
Netanyahunun bloku parlamentdə (Knesset) təxminən 55–56 mandat qazanmaqla liderliyi əlində saxlayır. Qadi Azenkotun rəhbərlik etdiyi müxalifət bloku isə 49–50 mandat ətrafında qərarlaşıb.
120 nəfərlik parlamentdə hökumət qurmaq üçün lazım olan 61 mandat həddinə hələ heç bir tərəf tam çatıb nail olmayıb, bu da yekun koalisiya danışıqlarını həlledici edəcək. Ərəb partiyaları isə təxminən 15-16 mandat əldə ediblər.
ABŞ Prezidenti Donald Tramp seçki nəticələrinə münasibət bildirərək, Netanyahunun uğurunda onun açıq dəstəyinin mühüm rol oynadığını bəyan edib.
“Prezident Tramp Netanyahunu dəstəklədikdən sonra bütün vəziyyət dəyişdi. Böyük məğlubiyyətin gözlənildiyi bir vaxtda bu, dalana və ya Netanyahunun qələbəsinə çevrildi” – deyə Tramp “Truth Social” səhifəsində yazıb.
Vaşinqtona qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ağ Ev rəhbəri ilkin rəy sorğularının və exit-poll nəticələrinin səhv çıxdığını, Netanyahunun gözləntiləri üstələdiyini vurğulayıb.
Seçici aktivliyinin son illərin rekord həddinə – 77.7%-ə çatdığı bu seçkilərdə yekun rəsmi nəticələrin yaxın günlərdə tam dəqiqləşəcəyi gözlənilir./azpolitika.info
