Azərbaycanda kartdan-karta pul köçürmələri ilə bağlı tətbiq edilən yeni limitlər “öz sözünü deməkdədir”. Hələ bu limitlər tətbiq olunmağa başlayanda, əksər müşahidəçilər vətəndaşların, sahibkarların bu məhdudiyyətlərdən yayınmaq üçün müxtəlif vasitələrə əl atmağa çalışacaqlarını deyirdilər. Hazırda bu proses müşahidə olunmaqdadır…
Kartdan-karta məhdudiyyətlərinin yaratdığı “fəsad”lardan biri ölkəmizdə qısa müddətdə vətəndaşların banklardan aldıqları yeni bank kartlarının sayının kəskin artmasıdır.
Belə ki, Azərbaycan Mərkəzi Bankının rəsmi statistikasına görə, bu ilin sentyabr ayının sonuna ölkədə dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 23 milyon 388 minə çatıb. Bu, uşaqlı-böyüklü hər vətəndaşa az qala 2.5 bank kartı deməkdir…
Məlumatda deyilir ki, avqust ayının sonuna olan rəqəmlərlə müqayisədə kart seqmentində əhəmiyyətli artım müşahidə olunub: kartların ümumi sayı 414.000 artıb ki, bu da cəmi bir təqvim ayı ərzində 1,8% artım deməkdir. Bu həm də o deməkdir ki, kartdan-karta pul köçürmələrinə məhdudiyyətlərin tətbiqi Azərbaycanda ödəniş kartlarının buraxılışında əhəmiyyətli dərəcədə sürətlənməyə səbəb olub.

Xatırladaq ki, 1 avqust 2026-cı il tarixindən etibarən kart əməliyyatlarında müəyyən dəyişikliklər qüvvəyə minib. Həmin məhdudiyyətlərə görə, gündə maksimum beş kartdan karta depozit və köçürmə edilə bilər. Bu o deməkdir ki, kart sahibləri gündə beş köçürmə edə və beş dəfə ödəniş ala bilərlər.
Gündəlik əməliyyatların sayı məhdud olsa da, ümumi gündəlik məbləğdə heç bir məhdudiyyət yoxdur. Bunun əvəzinə, kartdan karta köçürmələrin ümumi məbləği üzrə aylıq limit 20.000 manat olaraq müəyyən edilib.
Lakin bank müştərisi tərəfindən öz kartları arasında aparılan əməliyyatlar bu məhdudiyyətlərə tabe deyil; limit onlara şamil edilmir.
Xatırladaq ki, Azərbaycanda bu limitlərin və məhdudiyyətlərin gizli kommersiya əməliyyatları, vergidən yayınma halları və s. neqativ tendensiyaların qarşısının alınması üçün tətbiq edildiyi bildirilir.
Əslində, bu məhdudiyyətlər doğrudan da, xüsusilə bəzi vergi ödəyicilərinin vergidən yayınma hallarının qarşısını müəyyən dərəcədə alıb. Artıq ən kiçik mağazalarda belə, qeyri-nəqd ödənişlərin kartdan-karta deyil, vergi orqanında qeydiyyatdan keçmiş post-terminallar vasitəsilə həyata keçirildiyini görürük.
Lakin bununla yanaşı, bu limit və məhdudiyyətlərin bankların gəlirlərinə mənfi təsir göstərəcəyi, nəqd ödənişlərin xüsusi çəkisinin artacağı barədə proqnozlarla da razılaşmamaq olmur. Eyni zamanda, vətəndaşların yeni aldıqları bank kartlarının sayının kəskin artması onu göstərir ki, bir çoxları hələ də bu cür məhdudiyyətlərdən yan keçməyin yollarını axtarmaqda davam edir…/azpolitika.info
