Gəncə Dövlət Universitetinin Pedaqogika kafedrasının bir qrup müəllimi adından dosent Ziyafət Bayramova tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovaya müraciət ünvanlanıb.
Aktualinfo.net sözügedən müraciəti olduğu kimi təqdim edir:
Hörmətli Kamran müəllim, hörmətli Ülkər xanım,
Müraciətimizin məqsədi çox uzun illərdir ki, Gəncə Dövlət Universitetində Ümumi Pedaqogika kafedrasına rəhbərlik edən, professor adına ləkə olan Şahin Tağıyevin çirkin əməlləri ilə bağlı bəzi məqamları diqqətinizə çatdırmaqdır.
Şahin Tağıyev rəhbərlik etdiyi kafedranı şəxsi şirkəti kimi idarə edərək müəllimlərə bölünməli olan dərs yüklərini onlara pulla satır. 1 ştat vahidi dərs yükündən ötrü hər müəllimdən 500-1000 manat arası rüşvət alır. Bundan əlavə hansı müəllimə 1,5 ştat dərs bölünürsə onun əlavə yarım ştatına ata malı kimi ortaq olur. Beləliklə kafedrada 18 müəllim varsa Şahin Tağıyev orta hesabla hər ay 6-7 müəllimin əmək haqqını mənimsəyir. Ancaq bu hal onun dırnaqarası fəaliyyətinin cüzi bir hissəsidir.
Şahin Tağıyevi Universitetdə hamı rüşvətxor, böhtançı, provakator kimi tanıyır. Bu insan Universitet Elmi Şuralarında, ictimai tədbirlərdə bilərəkdən hay-küy salaraq küçə ifadələri ilə kimlərisə şərləmək, kimlərisə təhqir etməklə ad çıxarmışdır. O, bu yolla rəhbər vəzifəli şəxsləri, rektor və prorektorları, digər həmkarlarını təhdid edərək özünün çirkin fəaliyyəti üçün istədiyi bütün imkanları əldə etmişdir. Rektor Yusif Yusibovun onun qarşısında aciz vəziyyətdə qaldığını görən hər bir kəs şərdən böhtandan uzaq olmaq üçün ona baş qoşmaq istəmir, o isə universitet daxilində istədiyi hər cür qeyri-qanuni işləri həyata keçirir. Bu proses uzun müddətdir ki, beləcə davam edir.
O, həm də dissetasiya dəllalı olaraq özünə böyük bir biznes qurmuşdur. Hər il Universitetin hesabına “elmi məzuniyyət” alaraq Moskva şəhərinə gedir, orada Moskva Dövlət Mədəniyyət İnstitutunun Musiqi Sənəti Fakültəsinin estrada-caz oxuma kafedrasının müdiri işləyən Larisa Dolina ilə şəkil çəkdirərərk geri qayıdıb hamıya elan edir ki, getdim Moskvada bizim Universiteti təbliğ etdim, birgə konfrans keçirdim. Əslində isə bu səfərin məqsədi tam başqadır. Şahin Tağıyev Moskvada olduğu müddətdə oradakı universitet kitabxanasından pedaqogika üzrə müdafiə olunmuş dissertasiyaların sürətini çıxardıb özü ilə Gəncəyə gətirir. Sonra isə bu dissetasiyaları azərbaycan dilinə tərcümə etdirməklə onları doktorantlara 20.000 manata satır.
Hörmətli Famil müəllimin diqqətinə çatdırıram ki, onun rəhbərliyi altında son illərdə müdafiə edilmiş dissertasiyaları nəzarətə götürsə, o zaman aydın olar ki, bu işlər tam plagiatdır və onların mənbəyi haradan qaynaqlanır. Şahin Tağıyev bu işdə o qədər püxtələşib ki, artıq Bakı və Naxçıvan universitetlərində, eləcə də Ali Attestasiya Komissiyasında işləyən bir qrup insanla birlikdə mütəşəkkil bir dəstə yaratmışdır. Onlar dissettyasiya alveri yolu ilə fəlsəfə doktoru, hətta elmlər doktoru dərəcələrinin, eləcə də dosent, professor adlarının satışı ilə məşğuldurlar. Konveyer üsulu ilə köçürmə dissertasiyaları formalaşdırıb bir-birlərinə lazımi rəylər verir, sonra isə müdafiə etdirərək AAK tərəfindən təsdiqinə nail olurlar. Bəzən elə adamları müdafiə etdirirlər ki, heç dissertasiyada yazılanları üzündən səlist oxuya bilmir.
Amma bütün bunlar da onun tamahını qane etmir. Hal-hazırda Şahin Tağıyevin rəhbərlik etdiyi kafedranın 60 magistrantı vardır. Bu Magistrantların hamısına təhsil dövrünün əvvəlində Şahin Tağıyev və onun əlaltıları olan Göyçək Pirverdiyeva, Lamiyə Hacımuradova və digərləri tərəfindən elan edilir ki, sizin hamınızın dissertasiya rəhbəriniz Şahin müəllimdir. Baxmayaraq ki, Universitet tərəfindən verilmiş əmrdə dissertasiya rəhbəri kimi müxtəlif, hətta kənar kafedralardan olan müəllimlərin adları rəsmiləşdirilmişdir, faktiki rəhbər yalnız 1 nəfərdir, haqqında bəhs etdiyimiz dırnaqarası qəhrəman Şahin Tağıyev bütün magistrantlardan çap olunmuş məqalə üçün 200-300 manat, dissertasiya işinin yazılması üçün 1200-1500 manat pul alır. Burada da keçmiş zamanlarda müdafiə olunmuş fəlsəfə doktoru dissertasiyaları təkrar çap olunaraq magistrantlara yeni mövzu kimi satılır. Üstəlik bu da azmış kimi imtahan sessiyası zamanı rektorun canını qurtarmaq üçün ona verdiyi “xeyir-dua” ilə universitetin bütün fakültələrində tələbə “tapşırır”, bu sahədə də xüsusi imtiyaza malikdir.
Şahin Tağıyev öz əməllərini sığortalamaq üçün bir çox yollara əl atır. Kimisini şantaj, kimisini isə yüksək dairələrdə havadarları olması ilə təhdid edir.
Məsələn, tez-tez deyir ki, “Elm və Təhsil naziri Emin Əmrullayev hələ Təhsil Problemləri İnstitutunda işləyərkən onunla yaxın münasibətdə olmuşam, bir çoxlarının dissertasiyasını orada müzakirə elətdirmişəm və onunla birlikdə çox işlər aşırmışıq”. Onun dediyinə görə bu günkü gündə də nazir onunla məsləhətləşir, kimlərisə müdafiə elətdirmək üçün onun yanına göndərir. Onunla birlikdə dissertasiya alverinə qurşanmış professorlardan birinin oğlu prokurorluq orqanlarında çalışdığı üçün Şahin Tağıyev həmin adam tərəfindən də himayə olunduğunu hamıya eşitdirir.
Oktyabr ayının əvvəlində Universitetə yoxlama gəldiyini eşidən Şahin Tağıyev ürək əməliyyatı bəhanəsi ilə özünü xəstəliyə vurmuş və yalnız iki həftə çəkən yoxlama çıxıb gedəndən sonra işə qayıtmışdır. Qayıtdıqdan sonra isə yenə köhnə əməllərini davam etdirir.
Yazıda qeyd olunanlar bu insanın dırnaqarası fəaliyyətinin kiçik bir hissəsidir. Səlahiyyətli dövlət qurumlarından xahiş olunur ki, Azərbaycan elminin və təhsilinin adına bir qara ləkə olan bu halların qarşısının alınmasına köməklik göstərsinlər.
Əks halda bu cür adamın himayədarlığı ilə elmi dərəcə və diplom alanlar gələcəkdə elm və təhsilimizə sağalmaz yaralar vurmaqda öz ustadlarının yolunu davam etdirəcəklər.
Aktualinfo.net
