Azərbaycanın 2027-ci il dövlət büdcəsinin əsas istiqamətləri açıqlanıb. Gələn il dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır. Beləliklə, büdcə kəsirinin 3 milyard 146 milyon manat təşkil edəcəyi gözlənilir.
Gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, 2027-ci ildə icmal büdcənin gəlirləri 47 milyard 619,2 milyon manat, xərcləri isə 50 milyard 377,1 milyon manat səviyyəsində nəzərdə tutulub. İcmal büdcənin kəsirinin 2 milyard 757,9 milyon manat olacağı proqnozlaşdırılır.
Neftdən asılılığın azaldılması hədəfi
Gələn ilin büdcəsində diqqətçəkən məqamlardan biri qeyri-neft-qaz sektorunun gəlirlərdə payının artmasıdır. Belə ki, dövlət büdcəsinin gəlirlərinin 23 milyard 774 milyon manatının və ya 60,6 faizinin qeyri-neft-qaz sektorunun, 15 milyard 480 milyon manatının isə neft-qaz sektorunun hesabına formalaşacağı gözlənilir.
Bu göstəricinin son 20 ilin ən yüksək səviyyəsinə çatacağı bildirilir. 2026-cı ilin proqnozu ilə müqayisədə neft-qaz sektorundan gəlirlərin 955 milyon manat azalması, qeyri-neft-qaz gəlirlərinin isə 1,6 milyard manat artması nəzərdə tutulur.
Bununla yanaşı, Dövlət Neft Fondundan büdcəyə transfertlərin mərhələli şəkildə azaldılması və gələcəkdə Fondun investisiya gəlirləri səviyyəsinə çatdırılması prioritet kimi müəyyənləşdirilib. Büdcə zərfində qeyd olunur ki, 2026-cı ilin birinci yarısında Neft Fondunun aktivləri 72,6 milyard dollara çatıb. Baza ssenarisinə əsasən, 2030-cu ildə bu göstəricinin 78,3 milyard dollara yaxınlaşacağı proqnozlaşdırılır.
Müdafiə və Qarabağın bərpası əsas xərc istiqamətləridir
2027-ci ildə xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 4 milyard manat ayrılması nəzərdə tutulur. Bu vəsait müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına yönəldiləcək.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün isə 3,4 milyard manat vəsait proqnozlaşdırılıb. Bu vəsait Böyük Qayıdış proqramı çərçivəsində yaşayış evlərinin tikintisi, yolların, elektrik, qaz, su və rabitə infrastrukturunun qurulması, həmçinin məktəb, xəstəxana və digər sosial obyektlərin inşasına sərf ediləcək.
Ümumilikdə Dövlət İnvestisiya Proqramı üzrə xərclərin 5,3 milyard manat olması gözlənilir. Bunun 1,9 milyard manatı digər dövlət investisiya layihələrinə, 3,4 milyard manatı isə azad edilmiş ərazilərin bərpasına yönəldiləcək.
Sosial xərclər 18,7 milyard manatı ötəcək
Gələn il dövlət büdcəsinin sosialyönlü xərcləri 18 milyard 733,4 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu, ümumi büdcə xərclərinin 44,2 faizini təşkil edir və 2026-cı ilin göstəricisindən 1 milyard 582,1 milyon manat çoxdur.
Kənd təsərrüfatının inkişafı üçün də əhəmiyyətli vəsait nəzərdə tutulub. Aqrar sahəyə ayrılacaq məbləğin təxminən 38 faizinin, yəni 522,6 milyon manatının ərzaq təhlükəsizliyi tədbirlərinə yönəldilməsi planlaşdırılır. Bu vəsait əsasən fermer subsidiyalarının, kənd təsərrüfatı istehsalının və yerli məhsul istehsalçılarının dəstəklənməsinə sərf olunacaq.
Məqsədli dövlət proqramlarının maliyyələşdirilməsi üçün isə 682,2 milyon manatdan çox vəsait ayrılacaq. Bunun 239,9 milyon manatı kənd təsərrüfatının, 238 milyon manatı rəqəmsal inkişafın, 41 milyon manatı turizmin inkişafına yönəldiləcək.
52 dövlət müəssisəsi büdcəyə dividend ödəyəcək
2027-ci ilin büdcə layihəsində dövlət müəssisələrinin dividend öhdəlikləri də diqqət çəkir. Gələn il 52 dövlət müəssisəsinin dövlət büdcəsinə ümumilikdə 872 milyon manat dividend ödəməsi nəzərdə tutulur. Müqayisə üçün qeyd edək ki, cari ildə bu öhdəliyi cəmi iki müəssisə daşıyırdı.
Ən böyük dividend ödənişi SOCAR üzrə proqnozlaşdırılıb. Şirkətin büdcəyə 434 milyon manat, Azərbaycan Beynəlxalq Bankının isə 175 milyon manat ödəməsi gözlənilir.
Bundan başqa, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi 71,3 milyon manat, AZAL 48,8 milyon manat, “AzerGold” 39,6 milyon manat, “Azərenerji” 36,5 milyon manat, “Azercell” isə 21,3 milyon manat dividend ödəməlidir.
İpoteka, kommunal xidmətlər və digər istiqamətlər
Gələn il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün büdcədən 89 milyon manat ayrılacaq. Bu, cari illə müqayisədə 4,7 faiz çoxdur. Vəsait əhalinin güzəştli şərtlərlə mənzil əldə etməsi imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Kommunal xidmətlərə də dövlət dəstəyi davam etdiriləcək. “Təmiz Şəhər” ASC-yə 17,5 milyon manat, “Azəristiliktəchizat” ASC-yə isə 33,8 milyon manat subsidiya verilməsi nəzərdə tutulur.
Bundan əlavə, keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 289,4 milyon manat, beynəlxalq məhkəmələrdə Azərbaycanın maraqlarının müdafiəsi üçün 54,9 milyon manat, teatr və konsert müəssisələrinin fəaliyyəti üçün 51,6 milyon manat ayrılması planlaşdırılır.
Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması layihəsinə isə 434 milyon manat yönəldiləcək.
Qeyd edək ki, 2027-ci ilin dövlət büdcəsi hələlik qanun layihəsi mərhələsindədir. Sənədin parlamentdə müzakirələrdən sonra təsdiqlənməsi gözlənilir./Qaynarinfo.az
