“Mənim işim Trampı xoşbəxt etmək deyil!”
Ukrayna və Rusiya arasında Əbu-Dabidə 10 noyabrda başa çatan iki günlük danışıqlar heç bir nəticə verməyib.
, Bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.
Xatırladaq ki, dünən doqquz aylıq fasilədən sonra, Ukrayna və Rusiya, Donald Trampın fəal iştirakı ilə ABŞ-nin nəzarəti altında olan proses çərçivəsində üzbəüz danışıqları bərpa ediblər.
Ukrayna Prezidenti Volodimir Zelenski dünən başa çatan müzakirələri “konstruktiv” adlandırsa da, atəşkəs təkliflərinə qarşı çıxan Rusiya nümayəndə heyəti görüşün nəticəsi ilə bağlı ümumiyyətlə, şərh verməyib.
Qərb mediasının yazdığı kimi, dörd saatlıq müzakirələrdən sonra tərəflər heç bir nəzərəçarpacaq irəliləyiş əldə etməyiblər. Moskva birmənalı olaraq, Ukrayna və müttəfiqlərinin tələb etdiyi atəşkəsə müqavimət göstərməyə davam edib.
Görünən odur ki, tərəflər əvvəlki mövqelərindən çəkilmək niyyətində deyillər. Danışıqların ilk gününün sonunda Zelenski bildirib ki, Ukrayna Rusiya ilə razılaşma müqabilində Rusiya qoşunlarının ələ keçirə bilmədiyi Donbasın bir hissəsini Rusiyaya təslim etməyə hazır deyil. ABŞ Prezidenti Donald Tramp son açıqlamalarında buna eyham vururdu və sülh üçün Ukraynanın sərhədlərinin dəyişəcəyini bildirirdi.
Bu arada “The Telegraph” da xəbər yayıb ki, Ukrayna ABŞ-nin Rusiyanı razı salmaq üçün irəli sürdüyü sərhədlərin yenidən çəkilməsi təklifini rədd edib.

ABŞ-yə gəlincə, Tramp administrasiyası yenə də “hər şeyin yaxşı getdiyi” barədə təəssürat yaratmaqda davam edir. Ağ Ev sadəcə, danışıqlar faktının özündən məmnundur. Tramp administrasiyası görüşün özünü alqışlayır.
ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Rusiya və Ukrayna nümayəndələrini danışıqlar masasında bir araya gətirə bilən yeganə ölkə olaraq qalır. Yəni, bir növ Vaşinqton üçün vacib olan “prosesin özü”dür və Ağ Ev bununla “fəxr edir”.
Rubionun sözlərinə görə, Tramp müharibənin bitməsini özünün prioritetlərindən biri kimi elan edib, baxmayaraq ki, o, bu vəzifənin mürəkkəbliyini və innovativ həllər axtarmağın zəruriliyini də qəbul edir.
Tramp isə Rusiya ilə böyük bir razılaşma əldə etməyə çalışdığını bəyan edir və təbii ki, bu razılaşmada Ukraynanın beynəlxalq hüquqdan və milli suverenliyindən irəli gələn maraqları ikinci, bəlkə də üçüncü dərəcəlidir…
Məlum olduğu kimi, Əbu-Dabidə də Amerika tərəfini Trampın xüsusi elçisi Stiv Uitkoff və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner təmsil edib. Onların diplomat deyil, iş adamları olduqları çoxdan məlumdur və buna görə də danışıqların heç bir nəticə verməməsində bu amilin də rol oynadığını vurğulayanlar xeyli dərəcədə haqlıdırlar. Məhz bunun nəticəsidir ki, son aylarda Uitkoff və Kuşner Ukraynanı və Avropanı Rusiya ilə geniş iqtisadi əməkdaşlığın vacibliyinə inandırmağa çalışırlar. Ən absurd olanı isə odur ki, onlar bu əməkdaşlığı hətta müharibə bitmədən belə mümkün sayırlar.

Xüsusilə, onlar enerji sektorunda mümkün razılaşmaları müzakirə ediblər. Bunların arasında Trampın Rusiya neftinə sanksiyalara baxmayaraq, 9 oktyabrda elan etdiyi Rusiya dizel yanacağının alınması ilə bağlı razılaşma da var.
Avropanın təhlükəsizlik arxitekturası Avropasız müzakirə olunur…
İndi Amerika rəsmiləri Rusiyanın maraqlarını nəzərə alacaq yeni bir Avropa təhlükəsizlik arxitekturası yaratmaqdan danışırlar. Maraqlıdır ki, bu müzakirələrdə Avropanın özü iştirak etmir. Bu isə Moskvanın NATO-nu zəiflətmək və keçmiş Sovet İttifaqı coğrafiyasında, xüsusən də Ukraynada Rusiyanın təsir dairəsini bərpa etmək istəyini əks etdirir.

Avropa ölkələri Tramp administrasiyasının Ukraynanın təhlükəsizlik maraqlarından daha çox tələsik bir razılaşma əldə edilməsinə üstünlük verə biləcəyindən narahatdırlar. Almaniya, Fransa və Birləşmiş Krallıqdan olan nümayəndələr Amerika vasitəçiləri ilə vəziyyəti müzakirə etmək üçün Əbu-Dabiyə gəliblər. Onlar Vaşinqtonun Moskvaya əlavə güzəştlər təklif edə biləcəyindən narahatdırlar. Avropalılar hesab edirlər ki, əvvəlcə atəşkəs əldə edilməli, ardınca isə Ukrayna üçün Rusiyanın gələcək təcavüzünün qarşısını alacaq təhlükəsizlik zəmanətləri verilməlidir. Yalnız bundan sonra daha geniş bir razılaşma müzakirələri aparıla bilər.
Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov avropalıların danışıqlarda iştirak etməməli olduğunu bildirib. Rusiya ümumiyyətlə, Avropanı danışıqlar masası arxasında görmək istəmir. Nəticədə, Avropa nümayəndələri Abu-Dabidə ikinci dərəcəli rola keçiblər və nəticəyə ciddi təsir göstərə bilməyiblər.
Lakin ABŞ-nin özündə Ağ Evin Avropanı təcrid edən, Rusiyanın maraqlarından çıxış edən və Ukraynanın mövqeyini zəiflədən siyasəti birmənalı qarşılanmır. Artıq Konqresdəki demokratlar Ukraynanın müdafiəsini zərbə altında qoyan hərəkətlərə görə Ağ Evdən cavab tələb edirlər.
Tramp administrasiyasının bu məsələyə yanaşması tanınmış amerikalı ekspertlər və siyasətçilər arasında suallar doğurur. Məsələn, Beynəlxalq Böhran Qrupunun rəhbəri Komfort Ero, Konqres seçkilərinin nəticələrini nəzərə alaraq, Uitkoff və Kuşnerin fəaliyyətinin təftiş olunacağına işarə vurub. O deyib ki, onlar məlum səbəblərdən özlərini iş adamları deyil, sülhməramlılar kimi təqdim etməyə tələsirlər.
Yeni tərkibdə Senatın Xarici Əlaqələr Komitəsinə sədrlik edəcəyi gözlənilən demokrat Kris Kuns da Amerika rəsmilərinin, eləcə də Trampın elçilərinin hərəkətlərini tənqid edib. O, “Starlink” peyk şəbəkəsinin sahibi İlon Maskın, müdafiə naziri Pit Heqsetin və Ukraynanın özünü müdafiə etmək qabiliyyətindən məhrum edilməsində rol oynamış ola biləcək digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımalı olduqlarını bildirib. Kuns vurğulayıb ki, Konqres bu vəziyyəti araşdırmalıdır.
“Biz ona etibar etməyə hazır deyilik”
Bu danışıqların fonunda dünən Kopenhagenə gələn Zelenski danışıqlar prosesində Amerika və Avropanın iştirakının vacibliyini vurğulayıb.
Ukrayna Prezidentinin bu zaman Donald Trampın ünvanına səsləndirdiyi fikirlər Kiyevin ABŞ-nin “təşəbbüslərinə” münasibətinin göstəricisi olub. Zelenski deyib: “Bu, nəzakətsiz səslənə bilər, amma mənim işim Trampı xoşbəxt etmək deyil. Mənim vəzifəm amerikalıları və avropalıları danışıqlara cəlb etmək üçün mümkün olan hər şeyi etməkdir.”
Zelenskinin bu açıqalması Kiyevin Trampın tələb etdiyi və reallıqda həm beynəlxalq hüquqa, həm də Ukraynanın milli, suveren maraqlarına zidd addımlara getməyəcəyinin, sərhədlərinin təcavüz nəticəsində dəyişdirilməsinə hüquqi razılıq verməyəcəyinin göstəricisidir.
Zelenski Rusiya ilə razılaşma müqabilində Donbasın bir hissəsini Rusiyaya təhvil verməyə hazır olmadığını bildirib. Prezident Ukrayna əraziləri ilə bağlı Ukraynaya təzyiqlə bağlı suala belə cavab verib: “Bu, rusiyalılarla danışıqlar aparmağın asan yoludur – bizi Donbasdan çıxmağa məcbur etmək, sonra isə razılaşma əldə etmək. Biz belə bir razılaşmaya hazır deyilik, çünki Putinə etibar etməyə hazır deyilik”.
Digər tərəfdən danışıqlara növbəti dəfə Vladimir Medinski kimi birisini göndərən Moskvanın əvvəlki mövqeyindən və “danışıqlar xatirinə danışıqlar” taktikasından əl çəkmədiyi görünür. Bütün bunlar ABŞ administrasiyuasının optimist bəyanatlarına rəğmən, Ukrayna münaqişəsində dalan vəziyyətinin qaldığını və yaxın zamanda bu dalandan çıxılacağının gözlənilmədiyini göstərir… /azpolitika.info
