2027-ci ilin dövlət büdcəsi layihəsində şəhər və rayonlara dotasiya ayrılması nəzərdə tutulmur. Bu isə yerli büdcələrin bütün xərclərini müstəqil şəkildə qarşılayacağı anlamına gəlmir. Təhsil, səhiyyə və iri infrastruktur layihələri yenə də mərkəzləşdirilmiş qaydada maliyyələşdiriləcək.
Bəs dotasiyaların dayandırılması regionların öz gəlirləri hesabına formalaşmasına nə dərəcədə imkan yaradacaq? Maliyyə baxımından hansı çətinliklər ortaya çıxa bilər?
İqtisadçı Fuad İbrahimov bildirib ki, regionların dotasiyasız fəaliyyət göstərməsi prosesinin tam şəkildə necə həyata keçiriləcəyini indidən dəqiq proqnozlaşdırmaq çətindir:
“Belə bir vəziyyət yaranarsa, zərurət olduqda büdcə xərclərinə yenidən baxıla bilər. Əsasən mərkəzləşdirilmiş qaydada maliyyələşdirilən sahələr təhsil, səhiyyə və iri infrastruktur layihələridir”.
Fuad İbrahimov
İqtisadçı qeyd edib ki, müəyyən çətinliklərin yaranması istisna deyil:
“Lakin belə halların aradan qaldırılması üçün imkanlar mövcuddur. İstənilən fors-major halı baş verdikdə və yerli büdcələrin imkanları çərçivəsində hər hansı problem yarandıqda, digər büdcə xərclərinə yenidən baxılması və həmin vəsaitlər hesabına problemin aradan qaldırılması mümkündür. Yəni bu baxımdan ciddi bir problem gözlənilmir”.

