ABŞ Prezidenti Donald Tramp Rusiyanın yeni işğal riskinin kifayət qədər azaldığına əmin olarsa, Ukraynaya NATO-nun kollektiv müdafiə öhdəliklərinə bənzər təhlükəsizlik zəmanətləri verməyi nəzərdən keçirə bilər.
Bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner “X” sosial şəbəkəsindəki geniş paylaşımında bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Ukraynaya bu cür təhlükəsizlik zəmanətlərinin verilməsi imkanını nəzərdən keçirməyə hazır olması davamlı sülhün əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
“5-ci maddəyə bənzər, çəkindirmə və hərbi insidentlərin qarşısının alınması mexanizmləri ilə dəstəklənən etibarlı zəmanətlər yeni müharibə riskini əhəmiyyətli dərəcədə azalda bilər”, – Kuşner bildirib.
Xüsusi nümayəndə Ukrayna Prezidenti Volodimir Zelenskinin təhlükəsizlik zəmanətlərinin konkret sənədlərlə təsbit olunmasının vacibliyi barədə mövqeyini dəstəkləyib: “Prezident Zelenski bu zəmanətlərin konkret, etibarlı və aydın şəkildə sənədləşdirilməli olduğunu söyləməkdə haqlıdır”.
Kuşner qeyd edib ki, söhbət ABŞ-nin üzərinə götürə biləcəyi ən mühüm öhdəliklərdən birindən gedir. Buna görə də belə zəmanətlərin verilməsi məsələsi hərtərəfli nəzərdən keçirilməlidir.
Onun sözlərinə görə, təklif olunan istənilən zəmanət Trampın təsdiqini almalı, ABŞ Konstitusiyasında nəzərdə tutulan prosedurlara və Konqresin tələblərinə uyğun olmalıdır. ABŞ lideri isə yalnız bu addımın ölkəsinin milli maraqlarına uyğun olduğuna əmin olduğu və təhlükəsizlik mexanizmlərinin zəmanətlərin tətbiqini son dərəcə az ehtimallı etdiyi halda buna razılıq verəcək.
Kuşner Avropada mövcud təhlükəsizlik institutlarının gücləndirilməsinin və hazırkı münaqişənin qarşısını ala bilməyən mexanizmlərdəki çatışmazlıqların aradan qaldırılmasının vacibliyini də qeyd edib.
Onun fikrincə, yeni razılaşmalar daimi məsləhətləşmə və böhran kommunikasiyası kanallarını, hərbi insidentlərin qarşısının alınması mexanizmlərini, şəffaflığın artırılmasını və gərginliyin azaldılması üzrə qarşılıqlı tədbirləri əhatə etməlidir.
“Biz Ukraynanın təhlükəsiz olduğu, Avropanın daha da gücləndiyi, Rusiyanın NATO-nun qarşıdurma axtarmadığına əmin olduğu, NATO və tərəfdaşlarının isə Rusiyanın qonşularının suverenliyinə və təhlükəsizliyinə hörmət etdiyinə inandığı gələcəyə çalışırıq”, – o yazıb.
Xüsusi nümayəndə istənilən razılaşmanın iştirakçı dövlətlərin suverenliyini və müstəqil qərar qəbul etmək hüququnu qoruyub saxlamalı olduğunu bildirib.
Kuşner həmçinin davamlı təhlükəsizlik üçün Ukraynanın iqtisadi gücünün bərpasının vacibliyini vurğulayaraq, müharibəyə xərclənən yüz milyardlarla dolların iş yerlərinə, iqtisadi artıma və infrastruktura yönəldilə biləcəyini deyib. Bundan başqa, Kuşner Ukraynanın uzunmüddətli iqtisadi inkişafı üçün islahatların aparılmasını, dövlət institutlarının gücləndirilməsini və iqtisadi müstəqilliyin artırılmasını nəzərdə tutan planın hazırlanmasının vacibliyini vurğulayıb.
O əlavə edib ki, ABŞ və Avropanın göstərəcəyi əhəmiyyətli maliyyə dəstəyi Ukraynanın öz inkişafını təmin etmək istiqamətində səyləri ilə müşayiət olunmalıdır.
Kuşnerin sözlərinə görə, aydın öhdəliklər, qarşılıqlı zəmanətlər və onların icrasını təmin edən etibarlı mexanizmlər sisteminin yaradılması tərəflərin sülhə nail olmaq üçün zəruri addımları atmağa hazır olduğuna inamı artıra bilər.
“Heç nə hər şey razılaşdırılana qədər razılaşdırılmış hesab edilmir. Bununla belə, bu tarixi məsələləri müzakirə etməyə hazır olmaq qan tökülməsini dayandırmaq üçün mühüm imkan yaradır”, – o vurğulayıb.
Kuşner, həmçinin Trampın “könüllülər koalisiyası”nın liderləri ilə söhbəti zamanı səsləndirdiyi fikirləri xatırladıb. ABŞ Prezidenti müharibəyə xərclənən yüz milyardlarla dolların iqtisadiyyatın inkişafına, yeni iş yerlərinin yaradılmasına, enerji qiymətlərinin aşağı salınmasına və infrastrukturun gücləndirilməsinə yönəldilə biləcəyini bildirib.
Zelenskinin tələbi: “İkiillik fasilə yox, uzunmüddətli sülh”
Kuşnerin bu açıqlaması noyabrın 19-da Berlində keçirilən “İstəklilər Koalisiyası”nın iclasından sonra Volodimir Zelenskinin səsləndirdiyi fikirlərin ardınca gəlib. Ukrayna lideri ölkəsi üçün ən aydın təhlükəsizlik zəmanətinin NATO-ya tamhüquqlu üzvlük olaraq qaldığını bildirib.
Zelenski alternativ “5-ci maddəyə bənzər” mexanizmin praktikada nə demək olduğunu, hansı ölkələrin iştirak edəcəyini və Rusiyanın yeni hücumunu dəf etməyə hazır olub-olmadıqlarını sual altına alıb. O, zəmanətlərin Trampın prezidentlik müddətindən sonrakı dövrü də əhatə etməsini tələb edib: “Bizə təkcə növbəti iki il üçün deyil, uzunmüddətli öhdəliklər lazımdır. Bu, möhkəm sülh deyil, ikiillik fasilədir”.
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Daniel Frid Moskvanın bu cür zəmanətləri müzakirə etməyə hazır olduğuna dair heç bir dəlil görmədiyini deyib. O, təklifi “müzakirə etməyə hazır olmaq”la onu “qəbul etməyi” qarışdırmamağa çağırıb. Fridin fikrincə, Kuşner razılaşdırılmış ABŞ siyasətini açıqlamaqdan daha çox, Trampın dəstəyini qazanmaq üçün zəmin hazırlamağa çalışır.
Keçmiş diplomat həmçinin bu təşəbbüsün Pentaqonun siyasət rəhbəri Elbric Kolbinin “NATO 3.0” konsepsiyası ilə necə uzlaşacağını sual edib. Kolbi Avropadakı konvensional müdafiə yükünün avropalı müttəfiqlərin üzərinə keçməli olduğunu bildirir. Frid isə qeyd edib ki, Vaşinqton bir tərəfdən Avropadakı hərbi rolunu azaldıb, digər tərəfdən Ukraynaya “5-ci maddə” səviyyəsində yeni təhlükəsizlik öhdəliyi götürə bilməz.
ABŞ-nin Ukraynadakı keçmiş müvəqqəti işlər vəkili Kristina Kvien isə daha skeptik yanaşaraq bildirib ki, aydın icra mexanizmləri olmadan “5-ci maddəyə bənzər zəmanət” ifadəsi çox qeyri-müəyyəndir. Onun sözlərinə görə, yazılı öhdəlik belə yalnız Vaşinqtonun ona əməl etmək iradəsi qədər etibarlıdır və Tramp administrasiyası hələlik bu etimadı formalaşdırmayıb./azpolitika.info
