Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən ayrılmasından sonra qurumun gələcək fəaliyyət istiqamətləri və yeni rəhbərliyin qarşısında dayanan vəzifələrlə bağlı müzakirələr davam edir.
Bəs, DİM-in gələcək rəhbərliyinin əsas hədəfləri nələr olmalıdır? Uzun illərdir ölkədə qəbul və buraxılış imtahanlarını təşkil edən DİM-in fəaliyyətində hansı yeniliklərə ehtiyac var? İmtahan prosesini və dövlət qulluğuna kadr seçimini mərkəzləşdirilmiş qaydada həyata keçirən qurumda hansısa dəyişikliklər edilməlidirmi?
Mövzu ilə bağlı danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Mehriban Vəliyeva hesab edir ki, M.Abbaszadənin rəhbərliyi dövründə Dövlət İmtahan Mərkəzində formalaşmış institusional təcrübə, şəffaflıq, obyektivlik və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin təhsil sistemində mühüm yer tutur:

“DİM uzun illər ərzində qəbul və qiymətləndirmə proseslərinin təşkilində özünəməxsus idarəçilik ənənəsi formalaşdırıb. Bu qurumun fəaliyyəti təkcə ali təhsil müəssisələrinə qəbulun təşkili ilə məhdudlaşmır, eyni zamanda təhsil sistemində bilik və bacarıqların qiymətləndirilməsi, insan kapitalının inkişafı və rəqabətli mühitin formalaşması baxımından da əhəmiyyət daşıyır. Bu baxımdan Məleykə Abbaszadənin rəhbərliyi dövründə əldə edilmiş müsbət təcrübənin qorunub saxlanılmasını və yeni mərhələdə inkişaf etdirilməsini vacib hesab edirəm”.
“Düşünürəm ki, DİM-in gələcək rəhbərliyinin qarşısında dayanan əsas vəzifə mövcud institusional ənənələri davam etdirməklə yanaşı, dəyişən təhsil reallıqlarına uyğun yeni yanaşmaların tətbiqinə nail olmaqdır. İmtahanların məzmunu, qiymətləndirmə meyarları, tapşırıqların çətinlik səviyyəsi və abituriyentlərin hazırlıq imkanları daim təhlil edilməli, təhsil sisteminin ümumi inkişaf strategiyası ilə uzlaşdırılmalıdır. Xüsusilə imtahan siyasətinə yenidən baxılması məsələsi diqqət mərkəzində olmalıdır. Məlumdur ki, qəbul imtahanlarının tapşırıqları kurikulumun tələbləri və təhsil proqramları əsasında hazırlanır. Bu, prinsip etibarilə düzgün yanaşmadır. Çünki imtahanlar şagirdlərin məktəbdə qazandıqları bilik və bacarıqları qiymətləndirməli, tədris proqramından kənara çıxmamalıdır. Bununla belə, bəzi hallarda test tapşırıqlarının mürəkkəblik səviyyəsinin yüksək olması, sualların həllinə sərf edilən vaxt və psixoloji gərginlik abituriyentlər üçün əlavə çətinliklər yaradır. Mənim fikrimcə, qəbul imtahanlarında müəyyən yumşaldılmaya və tapşırıqların çətinlik səviyyəsinin daha optimal balanslaşdırılmasına ehtiyac var. Burada məqsəd imtahanların keyfiyyətini aşağı salmaq və ya bilik tələblərini azaltmaq deyil. Əsas məqsəd şagirdin real bilik və bacarıqlarını daha obyektiv qiymətləndirmək, imtahanı əlavə psixoloji təzyiq mənbəyinə çevirməməkdir”, – deputat vurğulayıb.
Müsahibimiz hesab edir ki, bu məsələnin digər mühüm tərəfi məktəbin təhsil prosesindəki roludur:
“Bu gün bir çox abituriyent orta təhsil illərində vaxtının və enerjisinin böyük hissəsini qəbul imtahanlarına hazırlığa, repetitor xidmətlərinə və müxtəlif sınaqlara sərf edir. Nəticədə məktəbdəki tədris prosesi müəyyən hallarda ikinci plana keçir. Halbuki məktəb yalnız ali məktəbə qəbul üçün hazırlıq mərhələsi deyil, şəxsiyyətin formalaşdığı, dünyagörüşünün genişləndiyi, sosial və intellektual bacarıqların inkişaf etdiyi əsas təhsil mühitidir. İstərdim ki, gələcəkdə imtahan mexanizmlərinin təkmilləşdirilməsi nəticəsində abituriyentlər bütün vaxtlarını yalnız DİM imtahanlarına hazırlaşmağa sərf etməsinlər. Onların məktəbdə tədris prosesinə daha fəal qoşulması, fənləri dərindən mənimsəməsi, dünyagörüşünü və yaradıcı düşünmə qabiliyyətini inkişaf etdirməsi üçün daha əlverişli şərait yaradılsın. Bu, həm məktəbin nüfuzunun yüksəlməsinə, həm də ümumi təhsilin keyfiyyətinə müsbət töhfə verə bilər”.
“Digər bir məsələ müəllimlərin seçilməsi və qiymətləndirilməsi mexanizmləri ilə bağlıdır. Xüsusilə məktəbəqədər təhsil müəssisələrində və ibtidai siniflərdə çalışan müəllimlərin fəaliyyəti yalnız nəzəri biliklər əsasında qiymətləndirilməməlidir. Bu sahələrdə müəllimin uşaqlarla ünsiyyət qurmaq, onların yaş və psixoloji xüsusiyyətlərini nəzərə almaq, pedaqoji yanaşma nümayiş etdirmək, yaradıcı və kommunikativ bacarıqlara malik olmaq qabiliyyəti də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan məktəbəqədər və ibtidai təhsil üzrə müəllimlərin seçilməsi və qiymətləndirilməsi prosesində bilik imtahanları ilə yanaşı, müvafiq qabiliyyət və praktik bacarıqların müəyyənləşdirilməsinə imkan verən əlavə qiymətləndirmə mexanizmlərinin tətbiqini məqsədəuyğun hesab edirəm. Belə yanaşma müəllim peşəsinin keyfiyyətini yüksəltməklə yanaşı, uşaqların təhsil həyatının ən həssas və vacib mərhələsində daha hazırlıqlı pedaqoqların fəaliyyət göstərməsinə şərait yarada bilər”, – parlamentari vurğulayıb.
M.Vəliyevanın qənaətincə, bütün bu təkliflər sistemli təhlillər, mütəxəssislərin rəyləri və beynəlxalq təcrübə əsasında müzakirə olunmalıdır:
“İmtahan sistemində aparılan hər hansı dəyişiklik həm abituriyentlərin maraqlarını, həm təhsilin keyfiyyətini, həm də qəbul prosesində obyektivlik və bərabər imkanlar prinsipini qorumağa xidmət etməlidir. İnanıram ki, Dövlət İmtahan Mərkəzində illər ərzində formalaşmış müsbət ənənələr yeni rəhbərlik tərəfindən davam etdiriləcək, eyni zamanda müasir təhsil çağırışlarına uyğun yeni islahatlarla zənginləşdiriləcək. Əsas hədəfimiz yalnız ali məktəblərə qəbul göstəricilərini deyil, bütövlükdə təhsilin keyfiyyətini yüksəltmək, məktəbin rolunu gücləndirmək və savadlı, yaradıcı, müstəqil düşüncəyə malik gənclər yetişdirmək olmalıdır”./oxu.az
