“Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan və komandası 1994-cü ildə, eynilə bu gün olduğu kimi, yeni Konstitusiya layihəsini təqdim etmişdi. Həmin layihənin preambulasında Müstəqillik Bəyannaməsinə heç bir istinad yox idi”.
Bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan deyib.
“Eynilə bu gün olduğu kimi, o vaxtkı müxalifət də layihəyə qarşı çıxırdı, çünki orada Müstəqillik Bəyannaməsinə istinad edilməmişdi. Həmçinin, eynilə bu gün olduğu kimi, o vaxtkı hakim komanda da həmin istinadı preambulaya daxil etmək istəmirdi. Çünki hesab edirdi ki, aktuallığını itirmiş müddəalara preambulada istinad etmək yanlışdır və bununla da Konstitusiyanın giriş hissəsində əbədi münaqişə fəlsəfəsi formalaşdırılmış olacaq”, – spiker bildirib.
Rubinyan qeyd edib ki, bu gün olduğu kimi, o vaxtkı hakim qüvvənin parlamentdə qərar qəbul etmək üçün zəruri olan üçdə iki səs çoxluğu yox idi:
“Həmçinin, eynilə bu gün olduğu kimi, o vaxtkı dövlət başçısı Levon Ter-Petrosyan müxalifəti referendumun keçirilməsinə mane olmamağa və qərarı xalqın ixtiyarına buraxmağa inandırmağa çalışırdı. Hətta eyni vaxtda iki layihənin referendumda səsverməyə çıxarılmasını təklif edirdi: biri onun üstünlük verdiyi, Müstəqillik Bəyannaməsinə istinad etməyən layihə, digəri isə müxalifətin təqdim etdiyi alternativ variant. O, müxalifətin layihəsi qalib gələcəyi təqdirdə istefa verəcəyinə də söz verirdi.
Tarixi paralellər məhz burada sona çatır. Çünki məlum oldu ki, Levon Ter-Petrosyan Ermənistan tarixinin ən iradəsiz rəhbəridir. Güzəştə gedən müxalifət deyil, məhz Ter-Petrosyanın özü oldu. Nəticədə Müstəqillik Bəyannaməsinə istinad Konstitusiyanın preambulasına daxil edildi və bu, bütün nəticələri ilə birlikdə referendumun müzakirəsinə çıxarıldı.
2026-cı ildə isə eyni vəziyyətlə üzləşdiyimiz halda, Levon Ter-Petrosyan artıq müstəqillik əleyhinə olan müxalifətin sıralarındadır və bizdən o vaxtkı müxalifətin ondan tələb etdiyi addımları atmağımızı istəyir. Halbuki o zaman özü bu tələbləri yanlış hesab edirdi. Çünki məlum oldu ki, Levon Ter-Petrosyan təkcə Ermənistan Respublikasının tarixində ən iradəsiz rəhbər deyil, həm də ən prinsipsiz siyasətçidir”.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Nikol Paşinyan hökumətinin təqdim etdiyi yeni Konstitusiya layihəsində həmin bəyannaməyə istinad yoxdur. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün bu məsələnin həllini tələb edir./teleqraf.az
