“Azəriqaz” İstehsalat Birliyində optimallaşdırma adı altında həyata keçirilən kadr dəyişiklikləri ilə bağlı narazılıqlar bununla bitmir. Operator vəzifəsinə keçirilən əməkdaşların hazırlıq səviyyəsi, regionlarda imtahanların keçirilməsi, yüksək nəticə göstərən işçilərin aşağı dərəcəli vəzifələrə təyin olunması və qaz itkilərinə görə məsul şəxslərə tətbiq edilən tədbirlər də ciddi suallar doğurur.
Bu gün “Azəriqaz”ın müxtəlif regionlarında Xəqani Bəşirlinin kadr siyasəti ilə bağlı narazılıqlar mövcuddur. İmtahanların keçirilməsi, işçilərin qiymətləndirilməsi və vəzifələrə təyin olunması zamanı obyektivlik məsələsi ciddi suallar doğurur.
Cahid Hüseynovun himayəsində olduğu bildirilən “Azəriqaz” əməkdaşlarına kadr məsələlərində xüsusi münasibət göstərilir, onların vəzifələrdə saxlanılması və irəli çəkilməsi üçün imkanlar yaradılır. Elə məhz bu səbəbdən vaxtilə Ağsu Regional Qaz İstismar İdarəsindən baş mühəndis kimi Suraxanı rayonuna qovulan, sonralar isə təkrar olaraq Sübhi Bayramov tərəfindən qovulan Cahid Hüseynovun göstərişi ilə Şamaxı Xidmət Sahəsinə, oradan Gəncə Regional Qaz İstismar İdarəsinə rəis müavini, hazırda isə ən çox gəlir mənbəyi olan, belə ki, Cahid Hüseynovun və qohumlarının istixanaları yerləşən Salyan Regional Qaz İstismar İdarəsinə rəis təyin olunan Nemət Haqverdiyevin təyinatı ciddi araşdırılmalıdır. Buna səbəb isə Nemət Haqverdiyevin Cahid Hüseynovun ailə dostu olmasıdır.
Şikayətlərin araşdırılması zamanı optimallaşdırma prosesi çərçivəsində Xəqani Bəşirlinin tabeliyində çalışan əməkdaşların yerli qohumlarına və yaxınlarına xüsusi güzəştlərin edilib-edilmədiyi məsələsi ciddi şəkildə araşdırılmalıdır.
Məsələn, Xəqani Bəşirlinin tabeliyində çalışan Nizami adlı əməkdaşın qohumu olan, Kürdəmir Xidmət Sahəsində fəaliyyət göstərən Afiq Əliyevlə bağlı ciddi suallar mövcuddur. Belə ki, Afiq Əliyev optimallaşdırma zamanı keçirilən test imtahanında cəmi 12 bal toplamış, keçid balını toplaya bilməmişdir. Buna baxmayaraq, Xəqani Bəşirlinin şəxsi təşəbbüsü ilə yeni ştat cədvəlində növbətçi usta vəzifəsinə təyin edilmişdir.
Digər tərəfdən, ehtiyat kadr bazasında olan Ağsu Regional Qaz İstismar İdarəsinin növbətçi mühəndisi Kamil Abbasov işdən kənarlaşdırılmışdır. Halbuki Kamil Abbasov daha aşağı vəzifə olan operator vəzifəsində çalışmağa belə razı olduğunu bildirmiş, onun həmin vəzifəyə yerləşdirilməsi üçün imkan da mövcud olmuşdur. Lakin Xəqani Bəşirli bu imkandan istifadə etməmişdir.
Nəticədə, peşəkar göstəriciləri və iş təcrübəsi nəzərə alınmadan, şəxsi tanışlıq və yaxınlıq münasibətləri əsasında müəyyən əməkdaşların yeni ştatlarda yerləşdirildiyi, Kamil Abbasov kimi əməkdaşların isə işdən kənarda qaldığı barədə əsaslı suallar yaranır. Bu səbəbdən Afiq Əliyevin təyinatının, Kamil Abbasovun işdən kənarlaşdırılmasının və hər iki şəxslə bağlı qəbul edilmiş qərarlarda Xəqani Bəşirlinin rolunun sənədlər əsasında araşdırılmasını zəruri hesab edirəm.
Göyçay rayonundan Ağsu Regional Qaz İstismar İdarəsinin Kommersiya şöbəsində 10-cu dərəcəli mühəndis var idi — Elton Namazov. Həmin şəxsin Göyçay Xidmət Sahəsinin Sayğac Əməliyyatları Xidmətinin rəisi vəzifəsinə sənədləri ilə bağlı xidmət yazısı gedən zaman həmin şəxsə birinci uyğunsuzluq gəlib.
Amma nə sehr olubsa, üstündən bir ay keçməmiş, yenə də Xəqani Bəşirlinin maraqları təmin olunduqdan sonra Elton Namazova sənədlərin uyğunluğu gəlib və həmin vəzifəyə təyin olunub. Mən həmin şəxslə bağlı Elton Namazova uyğunsuzluq gəlməsi faktını və Xəqani Bəşirlinin uyğunsuzluq cavabını məktuba qoşma əlavə edirəm. Qeyd edim ki, Elton Namazov hazırda “Azəriqaz”ın Göyçay Xidmət Sahəsinin Sayğac Əməliyyatları Xidmətinin rəisi vəzifəsində çalışır.
Məhz bu faktlar Xəqani Bəşirli və Cahid Hüseynov ətrafında formalaşmış idarəetmə sisteminin mahiyyətini ortaya qoyur. Demək olar ki, kadr təyinatlarının böyük əksəriyyətində obyektiv meyarlar, peşəkarlıq və iş təcrübəsindən daha çox fərdi münasibətlərə, şəxsi tanışlıqlara və himayədarlığa üstünlük verildiyi barədə ciddi şübhələr yaranır. Belə bir idarəetmə prinsipi dövlət şirkətində kadr siyasətinin şəffaflığına, ədalətliliyinə və sağlam rəqabət mühitinə ciddi suallar doğurur.
Ölkə mətbuatında Xəqani Bəşirli və Cahid Hüseynov qədər barələrində şikayət və narazılıqlar səsləndirilən digər bir vəzifəli şəxs yoxdur. Bu şəxslərin idarəetmə yanaşması Ramiz Mehdiyev dövrünün idarəçilik modelini xatırladır. Şəxsi münasibətlərə, himayədarlığa və qapalı kadr təyinatlarına əsaslanan belə bir sistem nə şəffaf idarəetməyə, nə də ədalətli kadr siyasətinə xidmət edir. Dövlət qurumlarında heç kim özünü toxunulmaz hesab etməməli, hər bir şikayət obyektiv və müstəqil şəkildə araşdırılmalıdır.
Eyni zamanda, Cahid Hüseynovun Xəqani Bəşirlinin həm Şamaxılı Kolanı, həm də Salyanlı olması onun öz işinə yarayır. Daşqın İsgəndərov vitse-prezident olduğu dövrdə özünü Şamaxılı Kolanı, Rövşən Nəcəfin rəhbər olduğu indiki dövrdə isə Salyanlı kimi təqdim edir. Beləcə, dövlətə, Vətənə və əhaliyə xidmət etmək əvəzinə, bölgə yanaşması üzərində iş prinsipi qurulduğu iddia olunur.
Bu şəxslərlə bağlı açıqlayacağımız faktlar bununla yekunlaşmır. Vəzifə səlahiyyətlərindən sui-istifadə və kadr təyinatlarında yol verildiyi iddia olunan qanunsuzluqlarla bağlı araşdırılmasını tələb etdiyimiz çoxsaylı digər məqamlar da mövcuddur. Həmin faktları ardıcıl şəkildə ictimaiyyətin və aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırmağa davam edəcəyik. Növbəti məlumatlar da yaxın zamanda təqdim olunacaq./realazerbaycan.az/


