Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 21
  • Azərbaycan TDT-nin strateji layihələrində mərkəzi əlaqələndirici rolu oynayır – Laslo Vaşa

Azərbaycan TDT-nin strateji layihələrində mərkəzi əlaqələndirici rolu oynayır – Laslo Vaşa

admin 21/05/2025
laslo vaşa

 

Azərbaycan Türk Dövlətləri Təşkilatının strateji layihələrində mərkəzi əlaqələndirici rolu oynayır.

Bunu müsahibəsində Macarıstanın Beynəlxalq əlaqələr və ticarət institutunun baş elmi işçisi, iqtisadçı-ekspert Laslo Vaşa bildirib.

“Enerji resursları, tranzit infrastrukturu və diplomatik balans sayəsində Bakı TDT-nin strateji layihələrində mərkəzi əlaqələndirici rolunu oynayır”, – deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, Azərbaycan TDT-nin geosiyasi dayağı kimi çıxış edir və Mərkəzi Asiyanı Avropa və Aralıq dənizi bölgəsi ilə birləşdirir.

“Azərbaycan Macarıstanı Aİ-nin onun mövqelərini dəstəkləyən etibarlı tərəfdaşı, Aİ-yə ticarət və enerji axınlarını genişləndirmək üçün potensial tərəfdaş, suverenliyə yönəlmiş praqmatik diplomatiyada həmfikr tərəfdaş kimi qiymətləndirir”,- deyə o əlavə edib.

Vaşa qeyd edib ki, Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər möhkəm və strateji tərəfdaşlığa çevrilib, bu tərəfdaşlıq iqtisadi, enerji, mədəni və diplomatik əlaqələrin dərinləşməsi ilə səciyyələnir.

“Bizim əməkdaşlığımız Macarıstanın Avropa İttifaqı və NATO-dan kənardakı ölkələrlə münasibətlərin gücləndirilməsinə yönəlmiş ‘Şərqə açılış’ siyasətini əks etdirir. İki ölkə arasında iqtisadi əlaqələr aktiv inkişaf edir – 2024-cü ildə ticarət dövriyyəsi 29 faiz artıb”, – deyə o bildirib.

Vaşa Macarıstanın dövlət enerji şirkəti MVM-nin Azərbaycanın “Şahdəniz” qaz yatağında 5 faiz pay əldə etdiyini və bu, ildə təxminən 1,5 milyard kubmetr təbii qazın tədarükünə imkan verdiyini diqqətə çatdırıb.

“Bu addım Macarıstanın enerji mənbələrinin şaxələndirilməsi və Rusiyadan qaz asılılığının azaldılması strategiyasına uyğundur. Bundan əlavə, Macarıstan Azərbaycanın bərpaolunan enerjisini Mərkəzi Avropaya, o cümlədən Macarıstana ötürməyi hədəfləyən ‘Yaşıl Enerji Dəhlizi’ layihəsinin icrasında da iştirak edir”, – deyə o vurğulayıb.

Analitik macar şirkətlərinin Azərbaycanda infrastruktur layihələrində, məsələn, Cəbrayılda yerləşən Soltanlı kəndinin bərpasında fəal iştirak etdiyini diqqətə çatdırıb.

“Ölkələrimiz həmçinin nəqliyyat infrastrukturunda əməkdaşlıq imkanlarını, o cümlədən, Azərbaycanın regionda əlaqəliliyin artırılmasına yönəlmiş geniş təşəbbüslər çərçivəsində dəmir yolu və avtomobil yolu layihələrini araşdırır”, – deyə o qeyd edib.

Ekspert onu da əlavə edib ki, Azərbaycan və Macarıstan arasında münasibətlər qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanan möhkəm strateji tərəfdaşlıqla səciyyələnir.

“Enerji təhlükəsizliyi və regional sabitlik əməkdaşlığımızın strateji prioritetləridir. Azərbaycan Macarıstan üçün enerji idxalı sahəsində əsas tərəfdaşdır – bu yalnız qaz tədarükünə deyil, həm də Qara dəniz üzərindən çəkiləcək yeni sualtı kabel vasitəsilə elektrik enerjisinin ötürülməsinə yönəlmiş innovativ layihəyə aiddir.

Macarıstan Avropa İttifaqı səviyyəsində enerji mənbələrinin şaxələndirilməsi təşəbbüslərində fəal iştirak edir və Xəzər regionu, xüsusən Azərbaycanla əlaqələrin gücləndirilməsini təşviq edir. Bu cür enerji əməkdaşlığı Azərbaycanın Avropadakı geosiyasi əhəmiyyətini artırır və eyni zamanda Macarıstana Aİ ilə enerji danışıqlarında əlavə təsir imkanları qazandırır”, – deyə o bildirib.

Vaşa əlavə edib ki, Macarıstan ənənəvi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

“Macarıstan Cənubi Qafqazda sabitliyi enerji daşımalarının təhlükəsizliyi və regionda ticarətin inkişafı baxımından vacib şərt hesab edir. Azərbaycan və Macarıstan regional əməkdaşlıq mexanizmlərinin, o cümlədən müşahidəçi statusunda olduğu Türk Dövlətləri Təşkilatının yaradılması və inkişafını dəstəkləyir. Onlar bu platformaları dialoq və inteqrasiya üçün imkan kimi nəzərdən keçirirlər. Bu cür yanaşma Macarıstanı bəzi Aİ ölkələrindən fərqləndirir və Budapeştin xarici siyasətinin praqmatik və suverenliyə əsaslanan xarakterini nümayiş etdirir”, – deyə ekspert bildirib.

Laslo Vaşa qeyd edib ki, qarşılıqlı fayda dostluq münasibətlərini gücləndirir və ikitərəfli əməkdaşlığı dərinləşdirir.

“Ölkələrimiz suverenliyin vacibliyini anlayır və Qərb liberal müdaxiləçiliyinə qarşı skeptik münasibət bəsləyirlər. Bu ideoloji yaxınlıq onların çoxtərəfli platformalardakı mövqelərinə təsir göstərir. Macarıstan BMT-də bir sıra səsvermələrdə Azərbaycanı dəstəkləyib və Azərbaycan da eyni münasibəti sərgiləyib. Bu cür siyasi dəstək hər iki ölkənin diplomatik mövqelərini gücləndirir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Macarıstanın daxili qaz tələbatı nisbətən az olsa da – ildə təxminən 10 milyard kubmetr – Azərbaycanın Mərkəzi və Şərqi Avropaya qaz ixracını genişləndirmə strategiyasında Macarıstanın rolu bir neçə səbəbə görə sürətlə artır.

“Birincisi, Macarıstan Avstriya, Slovakiya və Çexiya kimi daha böyük regional bazarlarla bağlıdır. İkincisi, ölkə Vişeqrad qrupu və Üç Dəniz Təşəbbüsü vasitəsilə regional enerji siyasətinin əlaqələndirilməsinə təsir edə bilər. Bundan əlavə, Macarıstanın maraqları Azərbaycanla uzunmüddətli, alıcı-satıcı münasibətlərini aşan tərəfdaşlıq qurmaq baxımından üst-üstə düşür”, – deyə ekspert bildirib.

Vaşa qeyd edib ki, coğrafi baxımdan Macarıstan Mərkəzi Avropaya quru qapı rolunu oynayır. Qərbi Avropa ilə müqayisədə qaz istehlakı az olsa da, Macarıstan Cənub-Şərqi Avropanı, o cümlədən Balkanları Mərkəzi və Şərqi Avropanın digər hissələri ilə birləşdirən tranzit qovşağı kimi mühüm rola malikdir. Bundan başqa, Macarıstan Aİ-də Azərbaycanla sıx enerji əməkdaşlığını fəal şəkildə təşviq edən ölkələrdən biridir.

“Budapeşt enerji resurslarının şaxələndirilməsi, suverenliyin qorunması və regional əməkdaşlığın inkişafı məsələlərində Azərbaycanı mütəmadi şəkildə dəstəkləyir ki, bu da Macarıstanı Aİ-nin mürəkkəb enerji siyasəti fonunda Azərbaycanın mühüm diplomatik müttəfiqinə çevirir,” – deyə o bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz və Trans-Xəzər bağlantısının təkmilləşdirilməsi üzrə layihələr Azərbaycanla Macarıstan arasında münasibətlərin əhəmiyyətli dərəcədə dərinləşməsi üçün böyük potensiala malikdir, əməkdaşlığı enerji sahəsindən kənara çıxaraq ticarət, infrastruktur, logistika və geosiyasət sahələrinə qədər genişləndirir. Bu təşəbbüslər xüsusilə dəyişən qlobal ticarət axınları və Aİ-nin şaxələndirmə səyləri fonunda hər iki ölkənin maraqlarına cavab verən strateji əsas yaradır.

“Dənizə çıxışı olmayan bir ölkə kimi Macarıstan multimodal logistikanın inkişafında və Şərq–Qərb bağlantılarının möhkəmləndirilməsində maraqlıdır. Azərbaycan bu dəhlizdə mühüm rol oynayır – Ələt limanı vasitəsilə tranziti təmin edir, Bakı–Tbilisi–Qars dəmir yolu marşrutlarını təklif edir, siyasi sabitlik nümayiş etdirir və logistika sahəsinə əhəmiyyətli investisiyalar yatırır. Macarıstan ticarət logistikasını Avrasiya bazarlarına yönəltmək üçün Azərbaycanı mühüm tərəfdaş kimi görür, Azərbaycan isə Macarıstanda Aİ və Mərkəzi Avropa bazarlarına açılan qapı görür,” – deyə o qeyd edib.

Vaşa vurğulayıb ki, Orta dəhliz Azərbaycanla Macarıstan arasında münasibətlərin enerji sahəsindən daha geniş strateji tərəfdaşlığa – ticarət və tranzit, infrastrukturun inkişafı, Xəzər bağlantısı üzrə Aİ siyasəti və çoxtərəfli əməkdaşlıq sahələrini əhatə edən münasibətlərə çevrilməsinin katalizatoru ola bilər.

“TDT tarixində ilk dəfə olaraq müşahidəçi dövlət sammitə ev sahibliyi edir. Bundan başqa, Budapeştdə TDT-nin yeganə xarici nümayəndəliyi yerləşir. Macarıstanın sammitə ev sahibliyi etmək və türk dövlətləri – xüsusilə Azərbaycanla əlaqələri dərinləşdirmək qərarı geosiyasi strategiya, iqtisadi maraqlar, kimlik siyasəti və diplomatik mövqe tutmaq kimi amillərin birləşməsi ilə bağlıdır. Budapeştdə keçirilən sammit rəmzi diplomatiyadan daha artıq məna daşıyır – bu, Macarıstana Aİ ilə türk dünyası arasında körpü rolunu oynamaq, eyni zamanda TDT-nin strateji trayektoriyasının müəyyən olunmasına kömək etmək imkanı verir,” – deyə o bildirib.

Vaşa qeyd edib ki, TDT nəzərəçarpan keçid mərhələsindədir: əsasən mədəni-dil birliyi əsasında formalaşan təşkilat getdikcə daha fəal geosiyasi və iqtisadi oyunçuya çevrilir.

“2009-cu ildə Türk Şurası olaraq yaradılmış TDT ilkin mərhələdə ümumi türk dili və mədəni irsin təşviqinə, təhsil və mədəniyyət mübadiləsinin gücləndirilməsinə, tarix narrativlərinin və türk xalqları arasında ortaq kimliyin formalaşdırılmasına fokuslanmışdı”,- deyə o bildirib.

Onun sözlərinə görə, son beş il təşkilat üçün dönüş nöqtəsi olub.TDT regional təhlükəsizlik, suverenlik məsələləri və qeyri-Qərb yönümlü siyasət üzrə əlaqələndirilmiş mövqelər formalaşdırır, hərbi əməkdaşlığı və müdafiə məsələləri üzrə dialoqu – ələlxüsus da Türkiyə, Azərbaycan və Orta Asiya ölkələri arasında – gücləndirir. İqtisadi sahədə isə nəqliyyat və infrastruktur şəbəkəsinin inkişafı (Orta Dəhliz, Transxəzər təşəbbüsləri), rəqəmsal və enerji sahəsində əməkdaşlıq, birgə investisiya fondunun yaradılması əsas prioritetlərdəndir.

“TDT-nin daha strateji, iqtisadi cəhətdən fəal və geosiyasi baxımdan ayıq bir aktora çevrilməsi prosesi aydın görünür. Bu, Macarıstana enerji, ticarət və diplomatiya sahələrində yeni kanallar açır, həmçinin onu Aİ-də ‘şərq’ istisnası kimi mövqe tutmağa imkan verir. Bununla yanaşı, əgər Macarıstan alternativ diplomatik kursu fəal şəkildə təşviq etsə, bu, Brüssel ilə ziddiyyətlərə də səbəb ola bilər,” – deyə Laslo Vaşa vurğulayıb.

Sonda ekspert qeyd edib ki, Macarıstanın gələcəkdə hansı rolu oynayacağı əsasən TDT-nin siyasi inteqrasiya sahəsində nə qədər irəliləyə biləcəyindən, Macarıstanın müşahidəçi statusunu iqtisadi təsir və ‘yumşaq güc’ə çevirib-çevirə bilməyəcəyindən asılı olacaq. Eyni zamanda, Aİ-nin üzv dövlətlər daxilində alternativ xarici siyasət yönümlərinə nə dərəcədə tolerant yanaşacağı da mühüm sual olaraq qalır./trend.az

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan vətəndaşları üçün Özbəkistana giriş sadələşdiriləcək
Next: İşğaldan azad edilmiş ərazilərdə işlə təmin edilən tibb işçilərinin sayı AÇIQLANDI

OXŞAR MÖVZULAR

ilham-uşaq

“Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”

admin 16/04/2026
xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026
azal-qeza---

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.