Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətləri artırılır.
Sözügedən məsələ “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində əksini tapıb.
Layihəyə əsasən, sədrə aşağıdakı səlahiyyətlər verilir:
– Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin təyin edilməsi üçün Azərbaycan Prezidentinə təkliflər verir;
– Naxçıvan Muxtar Respublikasının dövlət və ictimai siyasi həyatının mühüm məsələləri barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat verir;
– Naxçıvan Muxtar Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil edir;
– Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;
– Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
– Naxçıvan Muxtar Respublikasının dövlət təltifləri ilə təltif edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilmə haqqında Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir.
