Türkiyədə uzun illər davam edən terror probleminin həlli istiqamətində mühüm bir mərhələyə qədəm qoyulur.
DEM Partiyasının sözçüsü Ayşegül Doğan, terror təşkilatı PKK-nın silah buraxması ilə bağlı növbəti həftə tarixi anlara şahidlik ediləcəyini bildirib.
Doğan açıqlamasında “Yeni bir mərhələyə keçirik” deyərək, prosesin həlledici mərhələyə gəlib çatdığını vurğulayıb.
Doğan bildirib ki, PKK-nın sözdə lideri Abdullah Öcalan bu il 27 fevral tarixində silah buraxma çağırışı etmişdi. Bu çağırışdan sonra isə 12 may tarixində təşkilat tərəfindən konqres qərarı verilmişdi. Açıqlamasında dəqiq tarix bildirməyən Doğan, “Növbəti həftə tarixi bir ana birlikdə şahidlik edəcəyik. Çox sayda sual gəlir – ‘harada və nə vaxt olacaq?’ – planlara görə, bu proses İraqın şimalında, Süleymaniyə və ya Ərbil bölgəsində həyata keçiriləcək”, – deyə qeyd edib.
