Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən bildirilib.
Görüşdə Gürcüstanla Azərbaycan arasında uğurlu münasibətlərin uzunmüddətli əməkdaşlığa və dostluğa əsaslandığı qeyd edilib. Tərəflər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi vurğulayıblar.
Söhbət zamanı ikitərəfli səfərlərin dinamikası müsbət qiymətləndirilib, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələr müzakirə olunub.
Orta Dəhlizin artan geosiyasi və geoiqtisadi əhəmiyyəti, strateji nəqliyyat və enerji layihələrinin böyük potensialı qeyd edilib.
Görüşdə, həmçinin Cənubi Qafqazda və daha geniş regionda baş verən hadisələrin müzakirəsi aparılıb. Tərəflər Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə davam edən danışıqlara toxunublar və regional sülhün vacibliyini vurğulayıblar.
