Aktualinfo.org saytında dünən “Rəfail Mehraliyev hər şeyə qadir “FƏZA-F” şirkətinə bu dəfə də dörd yüz min manat verdi” başlıqlı məqalə dərc edilmişdir. Məqalədə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən “İtlər üçün quru yemin satın alınması” üzrə keçirilmiş satınalma prosedurundan bəhs edilir. Satınalmaların portalında 16.07.2025-ci ildə dərc edilmiş məlumata görə müsabiqənin qalibi “FƏZA-F” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 425.685 manat dəyərində satınalma müqaviləsinin bağlanılması gözlənilir. Şərtlər toplusuna görə “Fəza-F” MMC Sanitariya və Texniki Təmizlik İdarəsində saxlanılan sahibsiz itlər üçün 150 ton quru yem alacaq.
Bakı şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini İsrafil Kərimov tərəfindən Aktualinfo.org-un elektron poçtuna ünvanlanan cavab məktubunda qeyd edilir ki, “artıq xeyli vaxtdır “Sahibsiz heyvanlara qayğı Mərkəzi” publik hüquqi şəxsi yaradılıb və bütün bu məsələlərlə onlar məşğuldur. Bu məsələnin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə aidiyyəti yoxdur.
Apardığımız araşdırma zamanı məlum oldu ki, “Sahibsiz heyvanlara qayğı Mərkəzi” publik hüquqi şəxsi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 06.05.2025-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 000 000 manat, hüquqi ünvanı BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, BALAXANI-BİNƏQƏDİ ŞOSSESİ, ev.12-dir. Publik hüquqi şəxsin qanuni təmsilçisi Hüseyova-Kalender Heyran Şakir qızıdır. Qeyd edək ki, Hüseyova-Kalender Heyran Şakir qızı həm də IDEA Heyvanlara Qayğı Mərkəzinin icraçi direktorudur.
Amma burada bir sual cavabsız qaldı. “İtlər üçün quru yemin satın alınması” üzrə keçirilmiş tenderdə nədən satınalan təşkilat kimi “Sahibsiz heyvanlara qayğı Mərkəzi” publik hüquqi şəxsi deyil, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi iştirak edir?
Aktualinfo.org
