Bütün kainatı nura bələsin,
Uçan durnaları göydə əyləsin,
İzmirə, İzmitə salam söyləsin.
Yayılsın bu sözüm bu gün hər yana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Göyün sinəsinə yazılmış adıq,
Belə bir gəlişə ürəkdən şadıq,
Sevinci sizlərlə birgə yaşadıq.
Sanki öz oğluna qovuşdu ana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Səni gözləmişik hər həftə, hər ay,
Düşmənlər boş yerə salsa da haray,
Günəşin qoynunda qurmusan saray.
Tutduğun bu yoldan dönmərik yana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Burda şəhid qanı çıxmışdı dizə,
Göydən od yağırdı cığıra, izə,
Nə yaxşı özünü yetirdin bizə.
İllərdi, təşnəydik biz bu fərmana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Sənin ətrafında dünya birləşər,
Önündə əyilər, muma dönər şər,
Tək səni dinləyir, tək səni bəşər.
Sədan yayılıbdır bütün cahana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Şanlı ordumuzun gücü, qüdrəti,
Düşmənin əlindən aldı fürsəti,
Qoruduq babalar quran dövləti.
Əzmlə, hünərlə saldıq səhmana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Məğrur bayrağımız, silahımız var,
Ulu keçmişimiz, sabahımız var,
Bizim Quranımız, Allahımız var.
Söykənən deyilik pisə, yamana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Turan ellərinin doğan danısan,
Döyünən ürəyi, axan qanısan,
Dövrün sərkərdəsi, dövrün xanısan.
Sən bir göz dağısan yağı düşmana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Qarabağdan çiçək dərənlər bilir,
Köksünü odlara gərənlər bilir,
Yerində dərs verdik, bilənlər bilir.
Bizdən yurd umana, torpaq umana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Torpaq göynəyibdi, göy göynəyibdi,
Kaman göynəyibdi, ney göynəyibdi,
Qəlbimizin başı hey göynəyibdi.
Özün məlhəm çəkdin ağrıyan cana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Qoymariq heç zaman yata türk,-dedin,
Gərək istəyinə çata türk,-dedin,
Elə Heydər dedin, Atatürk,-dedin.
Bu sözün dillərdə döndü dastana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Neyləyər bizlərə qurulan tələ,
Qardaşın İlhamla versən əl-ələ,
Təkcə Zəngəzuru demirəm hələ.
Çoxdan gözləyirdi səni Topxana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
İkiyə bölünməz bir diyar,-dedin,
Ayrılıq qəlblərə xal salar,-dedin,
Mehmet Akif,-dedin, Bəxtiyar,-dedin.
Bal qatdın yenidən dilə-dəhana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Yazdın əllərinlə sən bu varağı,
Güldü Pənah xanın yurdu, torpağı,
Cabbarın, Zülfünün sönməz çırağı.
Bir daha can verdin tara, kamana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Gəldi görüşünə bahar da, yay da,
Yatdı məcrasına dəniz də, çay da,
Nurundan nur aldı Günəş də, Ay da.
Meydan oxuyursan dövrə, zamana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Laçının, Ağdamın dəyişdi halı,
Qartal səmalarda gəzər havalı,
Təkcə Şuşanı yox, bütün mahalı,
Can verdin, gətirdin dinə-imana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Gördük şənliyi də, gördük vayı da,
Gördük yaxşını da, gördük zayı da,
Möcüzə baş verə, bir də qayıda,
Üzeyir yarana, Seyid yarana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Ağlayan kamanın, tarın səsidi,
Milyonlar bu səsin divanəsidi,
Bizim Qarabağın nişanəsidi.
İran da, Turan da vurğundur Xana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Böyük amalın var, böyük fitrətin,
Hər zaman, hər işdə dayandın mətin,
Sən vuran qolusan bütün millətin.
Gərirsən sinəni qara, tufana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Görkəmi saralıb Basarkeçərin,
Ümidi azalıb Basarkeçərin,
Gözu yolda qalıb Basarkeçərin,
Birlikdə yol açaq biz Naxçıvana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Orda Göyçəgölü, Göyçə balıyıq,
İndi o yerlərdən biz aralıyıq,
Vətən həsrətindən çox yaralıyıq.
Mütləq dönəcəyik biz İəvana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Dənizimiz sənsən, çayımız sənsən,
Günəşimiz sənsən, Ayımız sənsən,
Tanrinin verdiyi payımız sənsən.
Bu gün sevincimiz döndü ümmana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
Eldar Həsənliyə bəlli zatımız,
Poladdan tökülüb polad qatımız,
Yerisin, yürüsün zəfər atımız,
Üzü Gündoğana, üzü Turana,
Ərdoğan, xoş gəldin Azərbaycana!
ELDAR HƏSƏNLİ,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü
