ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar paketini imzalamağa hazır olduğunu bildirib, lakin bununla bağlı son qərarın yalnız prezidentə aid olmasını əsas şərt kimi irəli sürüb.
Bu barədə “Reuters” agentliyi Ağ Evdə yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
“Prezident və Ağ Ev üçün həmişə vacib olub ki, sanksiyalar paketində prezidentin son qərarı vermək hüququ təmin edilsin. Əgər bu təmin olunarsa, məncə, prezident qanun layihəsini imzalamağı nəzərdən keçirəcək”, – mənbə qeyd edib.
2025-ci ilin yazında respublikaçı senator Lindsi Qrem və demokrat Riçard Blumental tərəfindən hazırlanan iki partiyalı qanun layihəsi Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutur. Layihəyə əsasən, Rusiyadan neft, təbii qaz və uran alan ölkələrdən idxal tarifləri 500% artırılacaq, Rusiyadan uran alan istənilən dövlətə qarşı sanksiyalar tətbiq olunacaq.
Qanun layihəsi ABŞ Senatının 100 üzvündən 80-dən çoxu tərəfindən dəstəklənib.
Xatırladaq ki, oktyabrın sonunda Vaşinqton “Rosneft” və “Lukoyl” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Bu, Trampın prezidentliyə qayıtdıqdan sonra Moskva əleyhinə tətbiq etdiyi ilk məhdudiyyətlər olub.
Ağ Ev nümayəndəsi həmçinin əlavə edib ki, ABŞ Rusiya ilə danışıqları davam etdirir və əsas məqsəd müharibənin dayandırılmasıdır. /azpolitika.info
