“Son 5 ildə səhiyyə xərcləri təxminən 400 faiz artıb. Hər bir Azərbaycan vətəndaşı bu müddət ərzində səhiyyə sahəsində həyata keçirilən islahatların nəticələrini öz həyatında hiss etməkdədir”.
Bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib
O bildirib ki, səhiyyə xərclərində ümumi artıma baxmayaraq, onkoloji xəstələr üçün dərman təminatı hələ də lazımi səviyyədə deyil:
“Dünyada artıq onkoloji xəstəlik ümidsiz diaqnoz kimi qəbul edilmir. Müasir target terapiyalar, immunoterapiyalar və yeni nəsil dərmanlar nəticəsində xəstələrin böyük əksəriyyəti 10 ildən daha uzun və yüksək həyat keyfiyyəti ilə yaşayırlar. Bu, dövlətin insan həyatını qorumaq istiqamətində atacağı hər bir addımın nə qədər əhəmiyyətli olduğunu göstərir.
Bu səbəbdən, dövlətin Onkoloji Proqramı çərçivəsində nəzərdə tutulmuş maliyyə dəstəyi mütləq şəkildə artırılmalıdır. Mövcud rəqəmlər dünyadakı real müalicə qiymətləri və xəstələrin sayı nəzərə alındıqda kifayət etmir. Ən azı 3–4 dəfə artım həyati zərurətdir”.
