Azərbaycanın Mərkəzi Asiya blokuna qoşulması ABŞ və Avropa üçün yeni geosiyasi imkanlar açır.
Bu barədə “Forbes” jurnalında dərc edilən məqalədə qeyd olunub.
Məqalədə vurğulanıb ki, bu blok Qərb ölkələri ilə əlaqələri gücləndirir, enerji, strateji minerallar və “Rusiya ilə Çini strateji cəhətdən cilovlamaq” sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Xüsusi diqqət Azərbaycanın enerji və nadir torpaq elementlərindəki strateji potensialına yönəldilib. “Forbes” qeyd edib ki, ölkə dünya sənayesi və regional iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyan neft, qaz və nadir torpaq metalları ehtiyatlarına malikdir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Azərbaycan “xam neft və təbii qazın böyük istehsalçısı kimi dünyada enerji baxımından özünü təminetmə göstəricisi ən yüksək olan ölkələrdən biridir”.
Məqalə müəllifləri vurğulayıblar ki, Azərbaycanla əməkdaşlıq həmçinin dəmir yolları, neft və qaz kəmərləri, optik-lif xətləri kimi infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradır ki, bu da regional təhlükəsizliyi möhkəmləndirir və region ölkələrinin müstəqilliyini artırır.
Azərbaycanın ABŞ-nin tərəfdaşları sırasına daxil edilməsi ölkənin regiondakı strateji əhəmiyyəti ilə bağlıdır. Beləliklə, Bakı öz ticarət və enerji əlaqələrini gücləndirmək, infrastrukturunu inkişaf etdirmək və beynəlxalq arenada rolunu artırmaq imkanı qazanır, eyni zamanda, qlobal rəqabət şəraitində Cənubi Qafqazın sabitliyinə və müstəqilliyinə töhfə verir.
