Almaniya kansleri Fridrix Merts Rusiyanın iqtisadi cəhətdən inkişaf etmiş aparıcı demokratiyalar qrupu olan G7-yə qayıtmasının mümkün olmadığını bəyan edib. O, bunun üçün bütün üzvlərin razılığının tələb olunduğunu və hazırda bu razılığın olmadığını bildirib.
Merts bunu Cənubi Afrikada keçirilən G20 sammitində mətbuat konfransında deyib.
Almaniyadan başqa, G7-yə ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya daxildir. “Mən görmürəm ki, hazırkı altı G7 üzvü, ABŞ-dan fərqli olaraq, Rusiyanı bu dairəyə yenidən qəbul etməyə hazırdır”.
Fransa Prezidenti Emmanuel Makron da 22 noyabrda oxşar bəyanat verərək, Rusiyanın G7-də bərpası üçün şərtlərin, eləcə də belə bir addım üçün yekdil dəstəyin hazırda çatışmadığını vurğulayıb.
Lakin maraqlıdır ki, Rusiyanın qrupa dəvət edilməsi ilə bağlı bənd həm Amerika, həm də Avropanın Ukrayna üçün sülh planlarına daxil edilib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiyanın G8-dən çıxarılmasını səhv adlandırmış və bu olmasaydı, Ukraynada müharibənin başlamayacağını iddia etmişdi. Tramp həmçinin Vladimir Putinin Rusiyanı aparıcı qlobal iqtisadiyyatlar qrupuna qaytarmaq istədiyini iddia etmişdi.
Lakin Kremlin sözçüsü Dmitri Peskov ölkə rəhbərliyinin G8-i bərpa etməkdənsə, G20-də işi davam etdirməkdə daha çox maraqlı olduğunu bildirib: “Putin hesab edir ki, G7 əhəmiyyətini xeyli dərəcədə itirib, inkişaf mərkəzləri dünyanın digər bölgələrinə keçib”.
Rusiya 2014-cü ildə Barak Obama Ağ Evdə olduğu zaman Krımın ilhaqından sonra G8-dən çıxarılıb. Bu, Trampın birinci müddətində də belə qalıb. Lakin o, Rusiyanı 2020-ci ildə geri qaytarmağı təklif edib, lakin bu fikir qrupun digər üzvləri arasında dəstək tapmayıb.
