Kreml, Rusiya Prezidenti Vladimir Putin və Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilməsi planlaşdırılan görüşdə ABŞ-Ukrayna birgə sülh təşəbbüsünü rədd edəcək.
ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında belə deyilir.
Amerikalı analitiklər Rusiya rəsmilərinin danışıqlar prosesi ilə bağlı ictimai şərh verməkdən qəsdən çəkindiyini vurğulayırlar. Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, Moskva “meqafon vasitəsilə danışıqlar aparmaq niyyətində deyil”, Rusiya parlamentariləri isə daha sərt mövqe tuturlar.
Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib ki, Amerika nümayəndə heyəti 2025-ci ildə Alyaskada keçirilən ABŞ-Rusiya sammiti zamanı əldə edilən razılaşmaların “fundamental mahiyyətini təsdiqləməlidir”.
Dumanın Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlyov isə iddia edir ki, “düzgün” danışıqlar yalnız ABŞ və Rusiya arasında aparılır, Kiyev və Avropa isə fakt qarşısında qoyulacaq.
ISW-yə görə, Kreml həm orijinal 28 bəndlik “sülh planını”, həm də onun uyğunlaşdırılmış versiyalarını Rusiyanın tələblərini nəzərə almadığını iddia edərək, ardıcıl olaraq rədd edib.
Ekspertlər hesab edirlər ki, Moskva Alyaska sammiti ilə bağlı qeyri-müəyyənlikdən “sülh prosesini Ukrayna deyil, Moskvanın tormozladığını gizlətmək” üçün istifadə edir. Analitiklər qeyd edirlər ki, Rusiya artıq Ukrayna tərəfindən razılaşdırılmış və ABŞ tərəfindən təklif edilmiş bir neçə atəşkəs təklifini rədd edib və müzakirə olunan plan da rədd ediləcək. /azpolitika.info
