Tramp administrasiyası Ukraynada sülh sazişi ilə bağlı çox nikbindir.
Bunu Ağ Evin mətbuat katibi Kerolin Levitt bəyan edib.
O, danışıqlarda iştirak edən amerikalı nümayəndə heyətinin və Trampın özünün “bunun üçün çox çalışdığını” deyib. Ağ Ev təmsilçisi Ukrayna nümayəndələri ilə “çox yaxşı danışıqların aparıldığını” qeyd edib və əlavə edib ki, xüsusi elçi Stiv Uitkoff hazırda Rusiyaya gedir: “Ümid edirik ki, bu müharibə, nəhayət, başa çatacaq”.
Öz növbəsində, ABŞ Dövlət katibi Marko Rubio Ukrayna tərəfi ilə danışıqlardan sonra “hələ qarşıda çox işin olduğunu” deyib: “Bu, incə bir məsələdir. Mürəkkəbdir. Bir çox dəyişən məqamlar var və aydın məsələdir ki, bu prosesdə iştirak etməli olan başqa bir tərəf də var. Bu proses Uitkoff Moskvaya gedəndə – bu həftənin sonlarında davam edəcək”.
“The Hill” qəzeti isə yazır ki, 30 noyabrda Ukrayna və ABŞ nümayəndələri arasında danışıqlar bir neçə saat davam edib. Məlumata görə, sülh müqaviləsinin əsas maneələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri və ərazi güzəştləri məsələsidir.
Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın dəfələrlə sülh müqavilələrini və sülhü pozduğunu bildirib. Buna görə də, onun dediyi kimi, gələcəkdə təcavüzkar ölkənin bu cür hərəkətlərinin qarşısını almaq üçün Ukraynanın təhlükəsizlik zəmanətlərinin alınması vacibdir.
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas isə qeyd edib ki, planlaşdırılan danışıqlar nəzərə alınmaqla, bu həftə Ukrayna üçün həlledici ola bilər. O, Rusiyanın sülh istəmədiyini deyib və buna görə də “Ukraynanı mümkün qədər güclü etməliyik”, – deyə vurğulayıb. /azpolitika.info
