ABŞ-nin Florida ştatında Volodimir Zelenski ilə Donald Tramp arasında keçirilən görüşdən çıxan nəticəni nəticəsiz görüşlər seriyasının davamı kimi dəyərləndirmək olar. Trampın “Putin Ukraynanı uğurlu görmək istəyir və ona ucuz enerji verməyə hazırdır”, ”Rusiya Ukraynanın yenidən qurulmasına kömək edəcək” kimi sözlərinə Zelenskinin istehzalı reaksiyası bu görüşün məzmunsuzluğunu açıq şəkildə göstərir…
Sanki qəsdən bir həlqə yaradılıb və bu həlqədə hər dəfə eyni şeyləri dövr elətdirirlər. Təbii ki, belə də olmalıdır, çünki ABŞ-nin fundamental marağında Rusiyanın Avropa qitəsinə qarşı qoyulması məqsədi dayanır və Ukraynada gedən müharibə də buna xidmət edən xüsusi bir vasitədir.
Donbasda ərazilərin Rusiyaya verilməsi, Zaporojye AES-in kim tərəfindən və necə istifadə edilməsi kimi məsələlər münaqişənin köklü həlli deyil. Ən əsas məsələ sülh razılaşmasından sonra Ukraynanın təhlükəsizliyinə hansı formada və kimlərin zəmanət verməsidir.
Volodimir Zelenski yəqin yaxşı anlayır ki, NATO-nun şefi ABŞ Ukraynanı bu alyansa buraxmayacaq və ona görə də ölkəsi üçün dayanıqlı təhlükəsizlik zəmanəti almağa çalışır. Bəs Ukrayna ABŞ və Avropanın aparıcı dövlətlərindən təhlükəsizlik zəmanəti alacağı təqdirdə, NATO-ya üzv olmaqdan imtina edəcəkmi? Hələ ki, Zelenski bu barədə konkret fikir söyləməyib. Əgər Ukrayna NATO sevdasından imtina etsə, hətta,ərazi güzəştinə getsə belə, bir neçə ildən sonra Rusiya müxtəlif bəhanələr uyduraraq, Ukraynaya qarşı təcavüzünü yenidən davam etdirəcək. Buna heç bir şübhə ola bilməz. Əgər belədirsə, onda Kiyev ilkin olaraq təhlükəsizlik zəmanəti ilə yanaşı, güclü ordu saxlamaqdan niyə imtina etmələlidir ki?
NATO-ya üzvlüyə gəldikdə isə Moskvanı narahat edən əsas məsələ heç də Ukraynanın alyansa üzv olması ətrafındakı müzakirələr deyil. Kremldə yaxşı bilirlər ki, ABŞ Ukraynanın NATO-ya üzvlüyünü əngəlləyəcək. Lakin Kiyevin həm ABŞ, həm də Avropa dövlətləri tərəfindən geniş spektrli təhlükəsizlik zəmanəti alması Ukraynanın müdafiə qüdrətini yüksəldəcək və onu Avropa ilə hərbi inteqrasiyaya doğru aparacaq. Yəni, zəmanət adı altında Avropanın güclü dövlətləri Ukrayna ilə möhkəm inteqrasiya olunmuş hərbi alyans yaradacaqlar. Rusiyanı daha çox narahat edən də budur. Belə olan halda, ABŞ-nin NATO-dakı mövqeyinin əhəmiyyəti qalmaya bilər, çünki yaxın perspektivdə möhtəşəm ordu yaratmağı planlayan Almaniyanın oynayacağı rol geostrateji məkanda Avropanın vahid hərbi gücə çevrilməsinə gətirib çıxarcaq.
Zelenskinin təhlükəsizlik zəmanəti məsələsinin üstündə israrla durmasından Tramp xoşlanmır. Çünki bu, onun siyasətinin əsas prioriteti deyil. Onun məqsədi gələcək perspektivdə Rusiyanın Avropa üçün təhlükə mənbəyi kimi qalmasıdır. Tramp NATO-nun soyuq müharibədəki formula ilə fəaliyyətini davam etdirməsini istəmir. Beynəlxalq münasibətlər sistemindəki mövcud qaydalara əsasən, ölkələrin suverenliyi toxunulmazdır. Həmin qaydalar artıq yavaş-yavaş demontaj edilir. Tramp isə Rusiyanın beynəlxalq hüquq normalarını pozmasını dilinə gətirmir, çünki elə onun özü də hazırkı beynəlxalq standartları, hüququ tapdalayıb Danimarkaya məxsus Qrenlandiyanı ələ keçirməyi planlayır, Kanadaya qarşı iddia irəli sürür və sair. Ümumiyyətlə, Trampın yürütdüyü siyasətin necəliyindən asılı olmayaraq, ABŞ strateqləri perspektivdəki başlıca rəqiblərinin Avropa olacağını düşünürlər. Ona görə də Vaşinqtondakı bütün geostrateji tədbirlər planı bunu nəzərə almaqla tərtib edilir. Baxmayaraq ki, ABŞ siyasi dairələrində və Konqresdə Avropa ilə dostluq və strateji tərəfdaşlığa çalışanlar var, onların səsi həlledici deyil. Artıq pərdə qalxıb və əsl reallıq üzə çıxmağa başlayıb.
ABŞ XX əsrin əvvəllərindən indiyədək Avropanın zəif tərəflərindən məharətlə istifadə edərək qllobal hegemona çevrilib. İkinci Dünya müharibəsindən sonra qlobal çapda yeni iqtisadi, siyasi və texnoloji güc mərkəzləri peyda olsalar da, öz potensialına görə Avropa xüsusi çəkiyə malikdir. Bəs Avropanın zəifliyi nədədir?
Avropa dünyanın elmi-texnoloji tərəqqiyə yiyələnməsinin mərkəzi olub, kapitalizm məhz burada təşəkkül tapıb. ABŞ Avropadan törəmiş bir dövlətdir. Ancaq iş ondadır ki, ABŞ-nin planetar gücə çevrilməsinin başlıca səbəbi məhz Avropada baş qaldırmış dünya müharibələridir.
Avropanı vahid görmək arzusu həmişə aktual olub. Böyük Karl, Napoleon Bonapart Avropa qitəsindəki pərakəndəliyə son qoyub, onu böyük və qüdrətli bir dövlətdə birləşdirməyə girişsələr də, nəticə hasil edilməyib. İndi Avropanın ABŞ, Yaponiya, Çin, Hindistan və Rusiyadan əsas fərqi onun vahid mərkəzə malik olmamasındadır. Avropa bir qitə kimi vahid dövlət deyil. Avropa İttifaqının qurulması tarixi baxımdan köhnə qitəni iqtisadi-siyasi və hüquqi cəhətdən bir mərkəz altında saxlamaq üçün avropalıların etdiyi növbəti cəhddir. Özündə 27 ölkəni cəmləşdirən Avropa İttifaqı kifayət qədər genişlənsə də, orada intizamlı təşkilat və vahid geostrateji qərarlar vermək iqtidarına mailk birlik qurulmayıb. Aİ-yə daxil olan və dotasiya ilə bu birliyə zorla yamaq edilmiş hansısa kiçik dövlətlərin meydan suladığı sistem qətiyyət nümayiş etdirə bilməz.
Avropanın ən böyük səhvi Avropa İttifaqının indiki formatı və zamanında ordu quruculuğundan imtina etməsidir. Avropanın dünya çapında marjinallaşmadan qurtulmasının yeganə yolu təxirə salınmadan ordu quruculuğuna start verilməsidir. Bundan əlavə, Avropa İttifaqının qərarvermə müxanizmində dərin islahatlar aparılmalıdır.
Avropanın aparıcı dövlətləri – Almaniya, Fransa, Britaniya və İtaliya 80 ildir ki, ABŞ-nin təhlükəsizlik çətiri altında yaşayıblar və ordu qurmağa ehtiyac duymayıblar. Düzdür, bəzi hallarda avropalı liderlər vahid Avropa ordusunun qurulmasına çağırışlar ediblər, amma bu, deklorativ çağırışdan o yana keçməyib. Həm də Avropada Soyuq müharibədən sonra şərqdən hansısa təhlükə gələcəyinə inanmayıblar.
İndi şərtlər dəyişir və ABŞ nəinki Avropa ilə eyni mövqedən çıxış edir, əksinə, təhlükəsizlik baxımından onu taleyin hökmünə buraxmağa, müttəfiqi Danimarkaya məxsus ərazini belə işğal etməyə hazırlaşır.
Əlbəttə, Avropanın təhlükəsizliyi ilə bağlı ABŞ NATO çərçivəsində öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçıra bilər. Lakin Trampın hamıya minnət qoyması və ittihamedici tərzdə davranması birmənalı qarşılanmır. Əgər Tramp ABŞ-nin NATO-dakı funksiyasını transformasiya etmək istəyirsə, onda gərək Avropanın öz iqtisadi və texnoloji gücünü hərbi gücə çevirə biləcək potensialda olmasını unutmasın. Lakin Tramp Avropanı gələcək dünya nizamında güc mərkəzi kimi görmək istəmir. ABŞ yeni Milli Təhlükəsizlik Strategiyası elan etdikdən sonra Donald Tramp dərhal 1975-ci ildə yaradılan “G7” əvəzinə ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiyanın yer alacağı “G5” qrupunun yardılmasını təklif edib.

Bu günə kimi təhlükəsizlik məsələlərində ABŞ-nin yedəyində gedən və bunu tamamilə normal hal sayan Avropanın iri dövlətləri deyəsən Vaşinqtona bel bağlamağın nə qədər xətalı olmasını anlamağa başlayıblar. Bu səbəbdən Avropa liderlərinin bəyanatları hərbi qurulucuq istiqamətində proseslərin sürətlənəcəyindən xəbər verir. Belə ki, Almaniya kansleri Fridrix Merz Ukrayna ilə bağlı qətiyyət nümayiş etdirəcəklərini bəyan edib. O, bu barədə deyib: ”Bundesver (Almaniya ordusu) sülh razılaşmasından sonra Ukraynadakı silahsızlaşdırılmış zonanın təhlükəsizliyinə zəmanət vermək üçün koalisiyada iştirak edərsə, Rusiyanın Ukrayna ərazisinə potensial gələcək müdaxiləsinə qarşı cavab zərbələri endirə bilər”. Məlumdur ki, Almaniya parlamenti (Bundestaq) yanvarın 1-dən etibarən 18 yaşına çatmış bütün gənclərin məcburi tibbi müayinədən keçməsi və hərbi çağırış məntəqələrində qeydiyyata alınmasını tələb edən qanun layihəsini üçüncü oxunuşdan sonra qəbul edib. Bu, artıq Almaniyanın 80 ildən sonra hərbləşmə və ordu quruculuğu istiqamətində ciddi tədbirlərə start verdiyinin əyani göstəricidir.

ABŞ-nin davranışlarına qarşı daha bir sərt reaksiyanı İtaliya Baş naziri Corciya Meloni səsləndirib: “Biz heç kimin xidmətçisi deyilik; azadlığın qiyməti var. 80 ildir ki, təhlükəsizliyimizi ABŞ-yə etibar etmişik, onun azad olduğunu düşünürdük, amma belə deyildi. Qiymət şərtləndirici idi. Azadlıq bahalı ola bilər, amma ABŞ-nin kuklası olmaqdan daha yaxşıdır. Avropa indi ABŞ qədər güclü və nüfuzlu, təkbaşına dayana bilən bir NATO sütunu qurmalıdır. Avropa güclü olmağa məhkumdur. Avropa ABŞ-nin kuklası olmağı dayandırmalıdır”.
Beləliklə, ABŞ-nin tutduğu geostrateji kurs 80 ildir ki, planetar miqyasda ABŞ-nin ən yaxın tərəfdaşı rolunda çıxış edən Avropanı yenidən müstəqil subyekt olmağa vadar edir. Proseslərin dinamik xarakteri Avropanı öz tarixi boyu ilk dəfə olaraq vahid hərbi birlik yaratmağa doğru yönəldir. Bu baş tutacağı təqdirdə, dünya yeni bir eraya qədəm qoyacaq. /azpolitika.info
