ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən açıqlanan yeni “Milli Müdafiə Strategiyası” sənədində Rusiya NATO üçün uzunmüddətli təhlükə kimi qiymətləndirilib. Sənəddə qeyd olunur ki, Moskva yaxın perspektivdə NATO üçün təhlükə mənbəyi olaraq qalacaq.
Pentaqonun qiymətləndirməsinə görə, Rusiya NATO-nun şərq üzvü olan ölkələr üçün “daimi, lakin idarəolunan” təhlükədir. Strategiyada vurğulanır ki, Rusiya demoqrafik və iqtisadi çətinliklərlə üzləşsə də, Ukraynada davam edən müharibə onun hələ də əhəmiyyətli hərbi və sənaye potensialına malik olduğunu göstərir.
Sənəddə, həmçinin bildirilir ki, Rusiya ABŞ üçün də ciddi təhlükə olaraq qalır. Buna səbəb kimi dünyanın ən böyük nüvə arsenalına sahib olması göstərilir. SIPRI-nin məlumatına əsasən, Rusiyanın 5 580 nüvə başlığı var, ABŞ-ın arsenalında isə 5 328 nüvə başlığı mövcuddur. Pentaqon qeyd edir ki, Rusiya bu arsenalı müasirləşdirməyə və şaxələndirməyə davam edir.
Bundan əlavə, strategiyada Rusiyanın sualtı, kosmik və kiber imkanlara malik olduğu, bu potensialdan ABŞ ərazisinə qarşı istifadə edə biləcəyi vurğulanır. Bu riskləri nəzərə alaraq, Pentaqon Vaşinqtonun Amerika Silahlı Qüvvələrinin ABŞ ərazisini Rusiya təhdidlərindən qorumağa hazır vəziyyətdə saxlanılması üçün tədbirlər görəcəyini bəyan edir.
Qeyd edək ki, “Milli Müdafiə Strategiyası” ABŞ-ın qarşıdakı dövrdə təhlükəsizlik prioritetlərini və əsas risk qiymətləndirmələrini müəyyən edən əsas sənədlərdən biridir. /azpolitika.info
