“ABŞ-nin Ukraynaya dəstəyi Rusiya ilə müharibə başa çatdıqdan sonra ölkənin təhlükəsizlik zəmanətlərinin əsas elementi olacaq”.
Bunu ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
Rubionun sözlərinə görə, təhlükəsizlik zəmanətləri məsələsində ümumi razılıq mövcuddur və bu zəmanətlər Avropa ölkələrinin – əsasən Fransa və Böyük Britaniyanın kiçik hərbi kontingentinin Ukraynada yerləşdirilməsini, eləcə də ABŞ-nin dəstəyini nəzərdə tutur. Dövlət katibi vurğulayıb ki, məhz ABŞ-nin iştirakı real təhlükəsizlik təminatı sayılır. Onun fikrincə, Vaşinqtonun dəstəyi olmadan Avropa qüvvələrinin Ukraynada mümkün yerləşdirilməsi məqsədəuyğun olmaz.
Marko Rubio Avropa ölkələrinin hərbi imkanlarını da tənqid edərək qeyd edib ki, onlar son 20–30 il ərzində müdafiə sahəsinə kifayət qədər sərmayə yatırmayıblar.
ABŞ-nin Ukraynaya konkret hansı formada dəstək verəcəyi ilə bağlı Rubio detallara varmayıb. Daha əvvəl bildirilmişdi ki, ABŞ qoşunları Ukraynaya göndərilməyəcək, lakin Vaşinqton logistika və kəşfiyyat dəstəyi göstərəcək, həmçinin Rusiyanın mümkün atəşkəs pozuntusuna cavab verməyi öhdəsinə götürəcək.
Dinləmələr zamanı Rubio ABŞ-nin İran, Venesuela və Qrenlandiya ilə bağlı siyasətinə də toxunub. Onun sözlərinə görə, Vaşinqton Tehrandakı rejimi son kütləvi etirazlardan sonra “ciddi şəkildə zəifləmış” hesab edir və əgər İranın regiondakı ABŞ qüvvələrinə zərbə hazırladığı qənaətinə gəlinərsə, zərbə endirmək hüququnu özündə saxlayır.
Venesuela məsələsinə gəlincə, Rubio bildirib ki, ABŞ Nikolas Maduronun ələ keçirilərək ölkədən çıxarılmasından sonra Karakasla konstruktiv dialoq aparır və amerikalı diplomatların bu ölkəyə qayıtması istisna edilmir.
Qrenlandiya ilə bağlı isə ABŞ dövlət katibi Qrenlandiya və Danimarka nümayəndələri ilə danışıqların planlaşdırıldığını açıqlayıb və qarşılıqlı faydalı razılaşmaların əldə olunacağına əminliyini ifadə edib. /azpolitika.info
