Vladimir Putinin bütün Donbası ələ keçirməsi üçün ən azı iki il vaxt lazımdır və bunun qiyməti təxminən 800.000 ölü rus əsgəri olacaq.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “France Televisions”-a verdiyi müsahibədə deyib.
“Rusiya bizim Donbası tərk etməyimizi istəyir. Niyə? Çünki onlar bu müharibəyə başlayandan bir qələbə də qazana bilməyiblər. Rusiya ordusunun Ukrayna torpağının hər metri üçün ödədiyi qiyməti çox yaxşı başa düşürük. Onlar ölənləri saymırlar. Şərqi Ukraynanı tutmaq onlara 800.000 cəsədə, əsgərlərinin cəsədinə başa gələcək. Bunun üçün çox yavaş irəliləyişləri ilə onlara ən azı iki il vaxt lazım olacaq. Məncə, onlar bu cür çox davam gətirməyəcəklər”, – deyə dövlət başçısı bildirib.
Müharibənin sona çatması üçün mümkün güzəştlərdən danışan Zelenski deyib ki, hətta hazırkı cəbhə xətti boyunca münaqişənin dondurulması belə Kiyev tərəfindən artıq əhəmiyyətli bir güzəştdir. O qeyd edib ki, istənilən həll variantları qarşılıqlı addımlar tələb edir. Donbasda xüsusi iqtisadi zona yaradılarsa, hər iki tərəf geri çəkilməli olacaq, silahsızlaşdırılmış zona ideyası isə yalnız hər iki tərəf öz hissəsinə nəzarət edərsə və onların arasında beynəlxalq qüvvələr yerləşdirilərsə mümkündür.
Zelenski həmçinin Rusiya qoşunlarını soyuq havadan Ukrayna cəmiyyətinə təzyiq üçün bir vasitə kimi istifadə etməkdə günahlandırıb. Onun sözlərinə görə, infrastruktura və mülki şəxslərə hücumlar Ukraynanı sözdə “kompromis”i qəbul etməyə məcbur etmək məqsədi daşıyır: “Ruslar başa düşmürlər ki, mülki şəxslərə nə qədər çox hücum etsələr, nə qədər çox öldürsələr, müharibə qaydalarını nə qədər çox pozsalar, Ukrayna ilə Rusiya arasında kompromis perspektivini bir o qədər uzaqlaşdırırlar”.
Rusiya ordusunun yavaş irəliləməsi və yüksək itkiləri haqqında məlumatlar müstəqil təhlillərlə də təsdiqlənir. Strategiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) yanvar ayında bildirdiyi kimi, Rusiyanın Ukraynadakı irəliləmə tempi son 100 ildəki müharibələrdə ən yavaş temp olub. İki il ərzində – 2024 və 2025-ci illərdə – Rusiya ordusu yalnız 8400 kvadrat kilometr və ya Ukrayna ərazisinin 1,4%-i üzərində nəzarəti ələ keçirə bilib. Bundan əlavə, bir neçə əsas ərazidə irəliləyiş Birinci Dünya Müharibəsi dövründəkindən də daha yavaş olub.
Bu minimal ərazi qazancları İkinci Dünya Müharibəsindən bəri heç bir ordu tərəfindən görünməmiş itkilər bahasına əldə edilib. Mərkəzin məlumatına görə, 2022-ci ilin fevralından 2025-ci ilin dekabrına qədər Rusiya əsgərlərinin ümumi itkisi təxminən 1,2 milyon təşkil edib. Bu, Sovet İttifaqının Əfqanıstandakı itkilərindən 17 dəfə, hər iki Çeçenistan müharibəsindəki itkilərdən 11 dəfə və 1945-ci ildən bəri bütün silahlı münaqişələrdə SSRİ və Rusiyanın ümumi itkilərindən beş dəfə çoxdur.
Bu arada, NATO-nun baş katibi Mark Rutte yanvar ayında bildirib ki, Rusiya Ukraynaya qarşı müharibədə hər ay təkcə ölü olaraq 20.000 ilə 25.000 arasında insan itirir. /azpolitika.info
