ABŞ sanksiyalarının beynəlxalq bazarlarda Rusiya neftinin satışını çətinləşdirməsi ölkədə hasilatın azalmasına gətirib çıxarıb.
“Bloomberg” agentliyinin məlumatına görə, Rusiyada neft hasilatı yanvar ayında ardıcıl ikinci ay geriləyib.
Rəsmi Moskva neft və neft məhsullarının hasilatı və ixracı ilə bağlı statistikanı məxfiləşdirsə də, “Bloomberg”in məlumatlı mənbələrə istinadən yazdığına görə, Rusiya yanvar ayında orta hesabla gündə 9,28 milyon barel neft hasil edib. Bu göstərici dekabr ayı ilə müqayisədə 40 min barel, OPEC ölkələri ilə razılaşdırılmış hasilat limitindən isə təxminən 300 min barel azdır.
Bu məlumatlar Hindistan mənbələrindən gələn xəbərlərlə də dolayı yolla təsdiqlənir. “Hindustan Times” qəzetinin yazdığına görə, Hindistan yanvar ayında Rusiyadan gündəlik 1,215 milyon barel neft idxal edib. Bu, dekabr ayı ilə müqayisədə 12 faiz, noyabr ayı ilə müqayisədə isə 22 faiz azalma deməkdir.
Fevralın 2-də ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hindistanla əldə olunan razılaşmaya əsasən, Dehli ABŞ-yə ixrac rüsumlarının azaldılması qarşılığında Rusiyadan neft alışını dayandıracaq. Tramp administrasiyası Hindistanın Rusiya enerji daşıyıcılarını almaqdan imtina etməməsinə görə tətbiq edilmiş əlavə 25 faizlik rüsumları da ləğv edib. Bununla belə, Hindistanın Rusiya neftinin idxalını tam dayandırıb-dayandırmadığı hələlik dəqiqləşməyib.
Hazırda Rusiya yüklənmiş neft üçün də alıcı tapmaqda ciddi çətinliklər yaşayır. “Bloomberg”in hesablamalarına görə, Hind və Sakit okeanlarında göyərtəsində alıcı tapmamış ümumilikdə 12 milyon barelə qədər neft daşıyan onlarla tanker gözləmə vəziyyətindədir. /azpolitika.info
