Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də – Rusiya ilə müharibənin dördüncü ildönümündə prezident seçkiləri və referendum elan etməyi planlaşdırmadığını bildirib. O, bu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.
Zelenskinin sözlərinə görə, belə bir niyyət barədə ilk dəfə “Financial Times” qəzetindən xəbər tutub.
“Fevralın 24-də nəsə elan etmək niyyətində olduğumu ilk dəfədir eşidirəm. Yəqin ki, bunu ilk dəfə “Financial Times”dan eşitmişəm. İndi isə ikinci dəfə sizdən eşidirəm”, – deyə Ukrayna lideri jurnalistlərə açıqlamasında bildirib.
Prezident vurğulayıb ki, seçkilərin keçirilməsi məsələsi Ukraynanın özü tərəfindən deyil, daha çox Kiyevin müttəfiqləri tərəfindən gündəmə gətirilir.
Onun sözlərinə görə, səsvermənin təşkili üçün əsas şərt təhlükəsizlik zəmanətləridir: “Seçkilərə o zaman gedirik ki, bütün müvafiq təhlükəsizlik təminatları mövcud olsun”.
Zelenski mümkün tarix kimi səsləndirilən 15 may məsələsinə də münasibət bildirib. O qeyd edib ki, ABŞ tərəfinin təklif edə biləcəyi istənilən qrafik üzərində işləməyə hazırdırlar. Lakin referendum məsələsi qaldırılarsa, bunun üçün atəşkəs rejiminin təmin olunması vacibdir.
“Referendum struktur baxımından seçkilər kimidir. Bu isə o deməkdir ki, atəşkəs barədə aydınlıq olmalıdır”, – deyə o əlavə edib.
Zelenski həmçinin bildirib ki, Vaşinqton Kiyevə təhlükəsizlik zəmanətlərindən imtina ilə hədələməyib və bu məsələni seçkilərin keçirilməsi ilə əlaqələndirməyib.
Xatırladaq ki, Ukrayna qanunvericiliyinə əsasən, hərbi vəziyyət dövründə seçkilərin keçirilməsi qadağandır. Müharibə səbəbindən 2023-cü ildə Ali Rada seçkiləri, 2024-cü ildə isə prezident seçkiləri baş tutmayıb.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Ukraynada seçkilərin təşkilinin “vaxtının çatdığını” bildirmişdi. Zelenski isə cavabında təhlükəsizlik zəmanətləri təmin olunacağı təqdirdə 60–90 gün ərzində seçkilərin keçirilməsinə hazır olduğunu demiş və səsvermə dövründə atəşkəs rejiminin tətbiqini təklif etmişdi.
Rusiya Prezidenti Vladimir Putin isə öz növbəsində, seçki günü zərbələrin endirilməməsi məsələsini “nəzərdən keçirməyə hazır” olduqlarını bəyan edib. /azpolitika.info
