Bərdə Rayon İcra Hakimiyyəti yolların cari təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Tenderin qalibi “İS.M.M.” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Satınalmanın maliyyə dəyəri 123 558,04 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İS.M.M.” MMC 30 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-dir. Şirkətin qanuni təmsilçisi Nadir Bilman oğlu Xudiyevdir.
Nadir Xudiyev eyni zamanda “RASH.M.M Trade and Services-2020” MMC-nin də qanuni təmsilçisidir. Həmin şirkət 26 noyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 406 939 manatdır.

“İS.M.M.” MMC ötən il dövlət satınalmalarında fəal iştirak edib. Şirkət 2025-ci ildə 10 tenderin qalibi olub. Həmin tenderlər üzrə satınalmaların ümumi maliyyə dəyəri 5 milyon 624 min 701 manat 88 qəpik təşkil edib.
Şirkət ötən il Qaradağ Rayon İcra Hakimiyyətinin yolların əsaslı təmiri və abadlıq işləri üzrə 417 406,77 manat, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin küçə və məhəllə-mikrorayon ərazilərində asfalt örtüyünün əsaslı təmiri üzrə 1 milyon 916 877,22 manat dəyərində tenderlərinin qalibi olub.
Bundan başqa, şirkət Lənkəran Şəhər İşıqlandırma Müəssisəsinin elektrik mal-materiallarının satın alınması üzrə 273 477,80 manat, Şabran şəhərində küçələrin əsaslı təmiri üzrə 327 750,02 manat, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində asfalt örtüyünün cari təmiri üzrə 154 645,42 manat dəyərində tenderlərdə qalib gəlib.
“İS.M.M.” MMC, həmçinin Lənkəran şəhərində yolların əsaslı təmiri üzrə 933 227,27 manat, Siyəzən şəhərinin şəhərdaxili yollarının əsaslı təmiri üzrə 550 002,10 manat, Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarının fasad və girişlərinin əsaslı təmiri üzrə 636 121,95 manat dəyərində satınalmalarda qalib olub.
Şirkətin ötən il qazandığı digər tenderlər Gədəbəy şəhərində küçələrin asfalt örtüyünün əsaslı təmiri üzrə 309 246,14 manat, Şabran şəhərinin bir sıra küçələrində yolların cari təmiri üzrə isə 105 947,19 manat təşkil edib.
Diqqətçəkən məqamlardan biri odur ki, elektrik mal-materiallarının satın alınması üzrə də tender qazanan şirkət müxtəlif şəhər və rayonlarda yolların əsaslı və cari təmiri, abadlıq işləri, eləcə də yaşayış binalarının fasad və girişlərinin təmiri üzrə satınalmalarda qalib olub.
Açıq mənbələrdə “İS.M.M.” MMC-nin konkret fəaliyyət istiqamətləri, maddi-texniki bazası və müxtəlif sahələr üzrə ixtisaslaşması barədə ətraflı məlumatlar məhduddur. Bu isə şirkətin fərqli sahələrdə həyata keçirilən satınalmalarda iştirak imkanları ilə bağlı suallar yaradır.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir. O, 2011-ci ildən rayona rəhbərlik edir. Vidadi İsayevin icra başçısı kimi karyerası isə 2005-ci ildən başlayır. Həmin il o, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Beləliklə, Vidadi İsayev 21 ildir ki, icra başçısı vəzifəsində çalışır./qaynarinfo.az
