Dünya daha bir böyük silahlı münaqişə ilə üz-üzə qalmaqdadır.
Xarici KİV xəbər verir ki, Pakistanın Müdafiə naziri Xavaca Asif Əfqanıstanda Taliban hökumətinə qarşı “açıq müharibəyə” keçid elan edib.
“Səbrimiz son həddinə çatdı. İndi sizinlə açıq müharibə aparacağıq. Bu, qanlı bir müharibə olacaq. Pakistan ordusu dənizin o tayından gəlməyib. Biz sizin qonşularınızıq”, – deyə Asif sosial mediada yazıb.
Onun sözlərinə görə, NATO qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra ölkədə sülhün bərqərar olacağı, taliblərin isə öz xalqının maraqlarına və regionda sülhə diqqət yetirəcəyi gözlənilirdi. Lakin hərəkatın nümayəndələri ölkəni Hindistanın müstəmləkəsinə çevirdilər, dünyanın hər yerindən terrorçuları Əfqanıstana topladılar və terror ixrac etməyə başladılar.
“Onlar öz xalqını əsas insan hüquqlarından məhrum etdilər. Qadınların İslamın təminat verdiyi hüquqlarını əllərindən aldılar. Pakistan həm birbaşa, həm də dost ölkələr vasitəsilə vəziyyəti normallaşdırmaq üçün hər cür səy göstərdi. Lakin taliblər Hindistanın oyuncağına çevrildilər”, – deyə nazir əlavə edib.
“Əl-Cəzirə”nin məlumatına görə, nazirin açıqlaması ilə eyni vaxtda Pakistan paytaxt Kabil də daxil olmaqla bir neçə Əfqanıstan şəhərinə hava hücumları təşkil edib. Əfqanıstan paytaxtının sakinləri gecə ərzində çoxsaylı güclü partlayışlar barədə məlumat veriblər. İslamabad daha sonra sərhəddə 27 Taliban mövqeyinin məhv edildiyini və daha doqquzunun ələ keçirildiyini elan edib. Pakistan rəsmilərinin məlumatına görə, 133 Əfqan əsgəri öldürülüb, 200-dən çoxu yaralanıb.
“Geo News” həmçinin Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın Nəngərhar əyalətində böyük bir sursat anbarına zərbə endirdiyini bildirib.
Bundan əvvəl Taliban Pakistanın hücumlarına cavab olaraq Pakistanın sərhəd əyalətlərində hücum hərbi əməliyyatının başladığını elan etmişdi. Əfqanıstan rəsmilərinin məlumatına görə, Taliban sərhəd boyunca bir Pakistan bazasını və 19 nəzarət məntəqəsini ələ keçirib və 55 əsgəri öldürüb.
Pakistan və Əfqanıstan arasındakı sərhəd bölgəsində silahlı toqquşmalar iki gün əvvəl baş vermişdi. Hər iki tərəf bir-birini günahlandırırdı. Ötən həftə sonu Pakistan Əfqanıstanda hava hücumları təşkil edib. İslamabad ən azı 80 yaraqlının öldürüldüyünü iddia edib, Kabil isə dini məktəbə və yaşayış binalarına hücumlar barədə məlumat verib və nəticədə təkcə Nəngərharda ən azı 17 nəfər həlak olub. Ötən payız bu ölkələr Dohada Qətər və Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra atəşkəs barədə razılığa gəlmişdilər.
İslamabad Kabulu Pakistanda hücumlar həyata keçirən silahlı qruplara qarşı hərəkətsizlikdə ittiham edir. Taliban hökuməti isə bunu təkzib edir.
Qüyd edək ki, gərginliyin Hindistanın İsraillə hərbi-strateji yaxınlaşması və ABŞ-İran danışıqlarında “əhəmiyyətli irəliləyiş” xəbərləri ilə eyni vaxta təsadüf etməsi isə hadisələrin arxasında Tel-əvivin dayandığı ehtimalını ortaya çıxarıb.
Xatırladaq ki, Əfqanıstan və Pakistan 1947-ci ildən, İslamabad müstəqillik qazandıqdan bəri sərhəd mübahisəsi ilə məşğuldurlar. Ölkələr arasındakı sərhəd 1893-cü il müqaviləsi ilə müəyyən edilmiş 2600 kilometr uzunluğunda olan Durand Xətti adlanan xətt boyunca uzanır. Lakin Kabil bunu Əfqanıstanı tarixi Puştun ərazilərinin bir hissəsindən məhrum edən müstəmləkə sərhədi hesab edir. İndiyə qədər heç bir Əfqanıstan hökuməti Durand Xəttini sərhəd kimi tanımayıb. /azpolitika.info
