Azərbaycanda son dövrlər toyuq ətinə tələbatın artması diqqət çəkir. Statistik göstəricilər quş əti istehlakının uzunmüddətli perspektivdə yüksəldiyini, əhalinin daha çox mal və qoyun əti əvəzinə toyuq ətinə üstünlük verdiyini göstərir. Ekspertlər bu tendensiyanın arxasında həm iqtisadi, həm də sosial amillərin dayandığını bildirirlər.
Mövzu ilə bağlı açıqlamasında Akif Nəsirli bildirib ki, Azərbaycanda son dövrlər toyuq əti istehlakında artımın müşahidə olunması tək bir amillə izah olunmur, daha çox bir neçə iqtisadi və sosial faktorun nəticəsidir:
“Statistik məlumatlar göstərir ki, ölkədə quş əti istehlakı uzunmüddətli perspektivdə artmaqdadır və insanların mal və qoyun ətinə nisbətən daha çox toyuq əti yeməsi müşahidə olunur. Bu, əsasən mal ətinin daha yüksək qiyməti ilə əlaqələndirilir. Mal ətindəki bahalaşma əhalini daha ucuz alternativə yönəldir və nəticədə toyuq ətinə tələbat artır”.
İqtisadçı qeyd edib ki, tələbatın artmasında yalnız qiymət faktoru deyil, digər amillər də rol oynayır:
“Əhalinin sayının çoxalması, turizm səviyyəsinin yüksəlməsi, həmçinin qida sənayesində xüsusilə kolbasa və digər emal məhsullarında quş ətinə olan tələbin genişlənməsi bu artımı şərtləndirən əsas səbəblərdəndir”.
Onun sözlərinə görə, artan tələbatın yerli istehsal hesabına tam şəkildə qarşılanması məsələsində isə qarışıq mənzərə mövcuddur:
“Yerli quşçuluq müəssisələri istehsalı artırmağa çalışır və əvvəlki illərlə müqayisədə artım var. Lakin çox vaxt istehsalın artım tempi tələbatın artım tempindən geri qalır. Nəticədə daxili istehsal bazar tələbatının bir hissəsini qarşılayır, amma tam təminat üçün müəyyən həcmdə idxal da həyata keçirilir. Son illərdə bəzi xarici ölkələrdən, məsələn, Ukrayna və Belarusdan toyuq əti idxalında artım qeydə alınıb”.
A.Nəsirli əlavə edib ki, bu dinamika qiymətlərə də birbaşa təsir göstərə bilər:
“Əgər tələbat sürətlə artır və yerli istehsal bu artımı tam qarşılamırsa, bazarda rəqabət güclənir və qiymətlərdə müəyyən yüksəliş müşahidə oluna bilər. Eyni zamanda yem xərcləri və digər istehsal xərcləri də mühüm faktordur. Xaricdən idxal olunan yemin bahalaşması toyuq ətinin maya dəyərini artırır və bu da satış qiymətlərinə təzyiq göstərir”.
İqtisadçı ümumilikdə toyuq ətinə tələbatın artmasını daha ucuz alternativə yönəlmə, istehlak vərdişlərinin dəyişməsi, idxal-istehsal balansı ilə bağlı dinamik proses kimi qiymətləndirib./yenicag.az
