“Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin qarşıdakı 5 illik fəaliyyət proqramını təqdim edərkən deyib.
O bildirib ki, Ermənistan vətəndaşları son seçkilərdə hakim “Vətəndaş Müqaviləsi” Partiyasına səs verməklə, yeni Konstitusiyanın qəbul edilməsi gündəliyinə də səs veriblər: “Yeni Konstitusiyanın qəbul edilməsi partiyanın seçki proqramının əsas müddəalarından biri idi”.
Paşinyan bunu belə əsaslandırıb ki, Ermənistan xalqının öz legitim və azad iradəsi ilə qəbul edilmiş Konstitusiyaya malik olmaq, hüquqi sistemi və yaşayış qaydalarını özü müəyyənləşdirmək hüququ var.
Yeni Konstitusiyanın mətninə gəlincə, Baş nazir vurğulayıb ki, sənəd yaxın aylarda dərc olunacaq. O, 1990-cı il Ermənistanın Müstəqillik Bəyannaməsinə yeni Konstitusiyada istinad edilməyəcəyini söyləyib.
Paşinyan bunu Ermənistanda separatçı “Qarabağ hərəkatı”nın davam etdirilməməsi və onun başa çatdırılması barədə qərarın qəbul edilməsi ilə əlaqələndirib: “Biz bu qərarı qəbul etmişik və xalq da bu qərarı təsdiqləyib. Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad etmək “Qarabağ hərəkatı”nı davam etdirmək, münaqişə məntiqinə qayıtmaq demək olardı. Biz isə bunu edə bilmərik”.
Nikol Paşinyan xüsusilə son parlament seçkilərindən sonra bunun mümkün olmadığını deyib. Onun sözlərinə görə, xalq seçkilərdə sülhün lehinə səs verib və sülh gündəliyi artıq bütün ölkənin gündəliyinə çevrilib: “Buna görə də Azərbaycanla əldə edilmiş sülhün qorunması, möhkəmləndirilməsi və institutsionallaşdırılması hökumət üçün prioritet gündəlikdir”.
Xatırladaq ki, Ermənistanda Konstitusiya dəyişikliyi yekun sülh sazişinin imzalanması üçün rəsmi Bakının son tələbidir. Söhbət Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılmasından gedir./gununsesi.info
