Azərbaycanda test vəsaitləri və qayda kitablarının hər il yenilənməsi məsələsi yenidən gündəmə gəlib. Ekspertlər hesab edir ki, bu proses təhsil zərurətindən çox, kommersiya maraqlarına xidmət edir və valideynlərin büdcəsinə əlavə yük yaradır.
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Şəmsi Qoca bildirib ki, vəsaitlərin hər il “yenilənməsi” adı altında aparılan proses, əslində sistemli bir kommersiya layihəsidir:
“Bu vəziyyət nəşriyyat sektorundakı monopoliyaların və ‘test biznesi’nin təhsil sistemindəki qeyri-sabitlikdən necə məharətlə bəhrələndiyini ortaya qoyur. Valideynlərin və ekspertlərin kəskin etirazına səbəb olan bu proses təhsil ehtiyacından çox, insanların cibinə yönəlib”.
Ekspert qeyd edib ki, vəsaitlərdə edilən dəyişikliklər çox vaxt minimal xarakter daşıyır və köhnə nəşrlərin istifadəsi süni şəkildə çətinləşdirilir:
“Kitablarda edilən cüzi, çox vaxt yalnız texniki dəyişikliklər köhnə vəsaitlərin istifadəsini mümkünsüz edir. Bu mənzərə göstərir ki, təhsil proqramlarının və imtahan modellərinin mütəmadi dəyişdirilməsi, əslində bu sahədə fəaliyyət göstərən kommersiya qrupları üçün münbit şərait yaradır”.
Şəmsi Qoca həmçinin dərsliklərin məzmunu ilə imtahan tələbləri arasındakı ziddiyyətə də toxunub. Onun sözlərinə görə, şagirdlərin dərsliklərdən tam bilik ala bilməməsi abituriyentləri hər il çap olunan bahalı “yeni nəşr” toplularına möhtac qoyur:
“Nəticədə, illərdir davam edən bu “yenilənmə” oyunu pedaqoji zərurətdən deyil, məhz nəşriyyat inhisarlarının gəlir maraqlarından qaynaqlanır. Bu isə milli təhsilin akademik sabitliyini sarsıdır və valideynlərin üzərinə ağır maliyyə yükü qoyur”./yenicag.az
