“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi “Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında yerləşən 49 tibb müəssisəsinin rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarında əsaslı təmir işləri” nin satın alınması üzrə 12.12.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AZDEV ENGİNEERİNG CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 2.498.930,12 manat məbləğində satınalma müqaviləsinin bağlanılması gözlənilir. Məlumat satınalmaların portalında 29.03.2026-ci ildə dərc edilib.
Göründüyü kimi İnnovasiya və Təchizat Mərkəzi məlumatları satınalmaların portalında qeyri iş günü dərc edilib. Bu isə açıq tender müsabiqəsinin əvvəlcədən planlaşdırıldığını deməyə əsas verir. Çünki, qanunla satınalma proseduru yekunlaşdıqdan sonrakı üç iş günü ərzində məlumatlar satınalmaların portalına yerləşdirilməlidir.
Qeyd edək ki, İnnovasiya və Təchizat Mərkəzi 18.12.2025-ci ildə “Bakı şəhərində yerləşən 50 tibb müəssisəsinin rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarında (bioloji müdafiə sistemlərinin yaradılması) əsaslı təmir işləri”nin satın alınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “Var Construction” MMC ilə 2.408.622,99 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
İndi gəlin görək İnnovasiya və Təchizat Mərkəzinin müqavilə bağladığı bu şirkətlərin bir-biri ilə nə kimi əlaqələri var. Qeyd edək ki, “Azdev Engineering Construction” elə “Var Construction” MMC -dir.
“Var Construction” şirkəti 16.02.2026-cı ildə adını dəyişdirərək “Azdev Engineering Construction” adı altında fəaliyyətini davam etdirir. Şirkətin adının dəyişdirilməsinin səbəbləri məlum deyil.
Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Şirkətin veb-səhifəsi olsa da, işlək deyil. MMC-nin əlaqə telefonlarına da rast gəlinmir. Bu baxımdan MMC-nin maddi-texniki bazasının hansı səviyyədə olduğu da məlum deyil.
Qeyd edək ki, sözügedən şirkət 2020-ci ilədək “Turqay” MMC adı altında fəaliyyət göstərib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, şirkət 2001-ci ilin avqustun 28-də dövlət qeydiyyatına alınıb və 2005-cı ilin yanvarın 6-da isə VÖEN verilib. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 125, mənzil 90-da yerləşən şirkətin qanuni təmsilçisi Orucov Rafət Güləli oğludur. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Kərimov Alim Möhsün oğlu olub.
Məlumat üçün onu da bildirək ki, dövlət satınalmalarının vahid internet portalında ictimaiyyətə təqdim olunmuş məlumatlara əsasən, sözügedən şirkət 2022-ci ildən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin təmir işləri ilə bağlı nəhəng tenderlərin qalibi olub. Şirkətlə 2023-cü ilin avqustunda Nərimanov Tibb Mərkəzinin tabeliyindəki 5 nömrəli Şəhər Kliniki Xəstəxananın binası, korpusları və köməkçi binalarının yenidənqurulması (avadanlıq daxil) işlərinin satın alınması ilə bağlı 19 milyon 128 min manatlıq, 2024-cü ilin avqustunda həmin xəstəxana binasına bitişik qəbul qeydiyyat binasında və ərazidə görüləcək əlavə işlərin satın alınması ilə bağlı 4 milyon 363 min manatlıq, 2024-cü ilin oktyabrında isə Respublika Klinik Xəstəxanasının yenidən qurulması işlərinin satın alınması ilə bağlı 18 milyon 257 min manatlıq müqavilələr bağlanılıb.
Mediada yayılan bəzi iddialara görə isə Nərimanov Tibb Mərkəzinin tabeliyindəki 5 nömrəli Şəhər Kliniki Xəstəxananın binasının yenidən qurulması işlərinin yubanması vəsait çatışmazlığı ilə əlaqədardır. Lakin bu iddia inandırıcı görünmür. 19 milyon manat bir xəstəxananın yenidən qurulması üçün o qədər də az vəsait deyil.
