Azərbaycanda ailə institutunun qorunması və boşanma hallarının azaldılması məqsədilə nikahdan əvvəl məcburi tibbi müayinələrin siyahısının genişləndirilməsi təklif edilir. Hazırda nikah bağlamaq istəyən şəxslərdən HİV, QİÇS və digər infeksion xəstəliklərlə bağlı arayış tələb olunsa da, ailələrin dağılmasına səbəb olan əsas amillərdən biri — narkotik asılılığı bu siyahıda yer almır. Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyevanın irəli sürdüyü bu təklif, cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Deputat bildirib ki, narkoloji asılılığın müəyyən edilməsi üçün analizlərin bir neçə dəfə təkrarən verilməsi vacibdir ki, nəticələr həqiqəti tam əks etdirsin.
Mövzu ilə bağlı danışan hüquqşünas, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov qeyd edib ki, bu təşəbbüs qanunvericilik səviyyəsində mütləq dəstəklənməlidir: “Ailə Məcəlləsinə belə bir bəndin əlavə edilməsi gələcəkdə yarana biləcək böyük faciələrin qarşısını almaq üçün hüquqi bir qalxan rolunu oynaya bilər. Bu gün məhkəmə salonlarında baxılan boşanma işlərinin statistikasına nəzər salsaq, narkotik asılılığının ailədaxili zorakılığa və nəticədə yuvaların dağılmasına birbaşa təsir etdiyini görürük. Şəxsin nikaha daxil olarkən narkotik maddə istifadəçisi olub-olmamasının rəsmən müəyyənləşməsi tərəflərin bir-birinə qarşı dürüst olmasını təmin edər”.
Onun sözlərinə görə, bu tələb fərdin azadlıqlarını məhdudlaşdırmaq deyil, ailənin sağlam təməllər üzərində qurulmasını hədəfləyir: “Hüquqi baxımdan bir şəxsin xəstəliyi və ya asılılığı barədə digər tərəfin məlumatlı olmaq hüququ var. Əgər qanunvericilik HİV və ya irsi qan xəstəliklərini məcburi yoxlanış siyahısına daxil edibsə, narkomaniya kimi sosial bəlanın da bu siyahıya salınması tamamilə məntiqlidir. Bu, təkcə nikah tərəflərini deyil, həm də gələcəkdə doğulacaq övladların sağlamlığını və ailənin maddi-mənəvi rifahını qorumaq üçün zəruridir”.
Hüquqşünas qeyd edib ki, analizlərin təkrarən və ciddi nəzarət altında verilməsi mexanizmi saxtakarlıq hallarının da qarşısını alacaq: “Deputatın vurğuladığı kimi, testin bir neçə dəfə aparılması vacibdir, çünki bəzi narkotik maddələrin qanda qalma müddəti fərqlidir və birdəfəlik analiz yanıltıcı ola bilər. Belə bir arayışın məcburi xarakter alması cəmiyyətdə narkomaniya ilə mübarizəyə də böyük töhfə verəcək. İnsanlar biləcəklər ki, bu asılılıq onların təkcə sağlamlığına deyil, həm də gələcək ailə həyatına birbaşa maneə yaradır. Hesab edirəm ki, bu təklif tezliklə qanun şəklini almalı və tətbiq olunmalıdır”./nocomment.az
