Xətai rayonunda General Mehmandarov küçəsində yaşayan sakinlərin verdiyi məlumatlar əsasında Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda qanunsuz tikinti işlərinin aparıldığı barədə Xətai rayon İcra Hakimiyyəti başda olmaqla, Dövlət Şəhər və Arxitektura Komitəsinə və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanladığımız rəsmi müraciətlərə dörd aydan sonra cavablar gəlir.
Xatırladaq ki, söhbət ev alqı-satqısı işi ilə məşğul olan və “makler” kimi tanınan əslən Laçından olan qəssab Tahir adlı şəxsin sözügedən ünvanda qanunsuz tikili aparmasından gedir.O, sakinlərə məlumat verib ki, guya həmin ərazidə olan və ona məxsus 2.5 sot torpaq sahəsinin sənədləri var. Hələ yanvar ayından başlayaraq Tahir yerli aidiyyatı rəsmilərdən icazə aldığı və 10 mərtəbəli yaşayış binalarının ortasında yerləşən, bir tərəfi isə sürüşmə zonası hesab olunan 2.5 sot torpaq sahəsinin aşağı hissəsində qanunsuz ev tikib başa çatdırıb.
Baxmayaraq ki, bizim qanunsuz tikinti işlərinin dayandırlması barədə rəsmi müraciətlərimizdən sonra yanvarın 7-də Dövlət Şəhər və Arxitektura Komitəsinin işçiləri gəlib yerində baxış keçirmiş, hadisəni aktlaşdırsalar da Tahirin əlini cibinə salmasından sonra gəldikləri kimi də çıxıb getmişlər. Fevralın 16-da da müraciətimizlə əlaqədar Ekologiya Nazirliyinin əməkdaşları qanunsuz tikintiyə baxış keçirmək istədiklərini redaksiyamıza bildirmişlər.
Xətai rayon İcra Hakimiyyətinin memarlıq tikinti məsələləri və rayon təsərrüfatı sektoru, şöbə müdirinin müavini – sektor müdiri(baş memar) Əhməd Məmmədovun müraciətimizlə bağlı 20.02 2026-cı ildə bizə verdiyi cavab məktubunda bildirilir ki, Sizin Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda qanunsuz tikinti işlərinin aparılması barədə 31.01.2026-cı il tarixli elektron müraciətinizə Xətai rayon İcra Hakimiyyətində baxılmışdır.
Müraciətlə bağlı görülmüş tədbirlər nəticəsində qeyd olunan ünvanda müvafiq icazə sənədləri olmadan aparılan tikinti işləri dayandırılmışdır. Hal-hazırda qeyd olunan ünvanda tikinti işləri aparılmır və ərazi nəzarətdə saxlanılır.
Buradan sual yaranır. Bəs necə olur ki, nəzarətdə saxlanılan ərazidə tikinti artıq başa çatıb və tikilinin dam ortüyü belə qoyulub? Amma biz müraciət edəndə tikilinin heç birinci mərtəbəsi hazır deyildi.
Qeyd edək ki, sakinlarin xahişi ilə sözügedən qanunsuz tikilinin dayandırılması barədə aidiyatı qurumların hamısına dəfələrlə müraciət etdik. Nəhayət Nazirlər Kabinetinə ünvanladığımız müraciətə baxılması üçün yenidən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərilmişdir.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən verilən cavab məktubda deyilir.
Sizin Nazirlər Kabinetinə ünvanlanmış 21.01.2026-cı il tarixli elektron müraciətinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır.
Məlumat üçün bildiririk ki, qeyd olunan məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Sizə 14.01.2026-cı il tarixli 3-35-1/2-187/2026 nömrəli məktub ünvanlanmışdır.
Əməkdaşlarımız tərəfindən yerində baxış zamanı Xətai rayonu, General Mehmandarov ve Rüfət Əsgərov küçələrinin kəsişməsi, 2942-ci məhəllə, 2-ci döngə, giriş 18 ünvanında fərdi yaşayış evinin inşa edilməsi üçün 1-ci mərtəbə səviyyəsində aparılan tikinti işlərinin aidiyyəti qurumlar tərəfindən görülmüş tədbirlər nəticəsində dayandırıldığı müşahidə edilmişdir.
Bildiririk ki, Xətai Rayon İcra Hakimiyyətinin 28.01.2026-cı il tarixli 5-11/2-171/2026 nömrəli cavab məktubunda müvafiq icazə sənədləri olmadan aparılan tikinti işlərinin dayandırıldığı və sözügedən ərazinin nəzarətdə saxlanıldığı qeyd olunmuşdur.
Qeyd olunanları nəzərə alaraq sözügedən ünvanda aparılan tikinti işlərinin dayandırılması konkret tədbir hesab edilmədiyi üçün Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarına və Azərbaycan Respublikasının Prezidentinin 17.11.2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq müvafiq tədbirlərin görülməsini, nəticəsi barədə müraciət müəllifinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq va Şəhərsalma Baş İdarəsinə məlumat verilməsini xahiş edirik.
Göründüyü kimi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdən və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdan müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsini xahiş edir.
Qeyd edək ki, hələ 14.01.2026-cı il də Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən bizə verilən cavada bildirilir ki, fərdi yaşayış evinin inşa edilməsi üçün 1-ci mərtəbə səviyyəsində aparılan tikinti işlərinin aidiyyəti qurumlar tərəfindən görülmüş tədbirlər nəticəsində dayandırıldığı müşahidə edilmişdir. Həmçinin Xətai rayon İcra Hakimiyyətinin baş memarının bizə verdiyi cavabda da qanunsuz tikilinin dayandışı bildirilir.
Sakinlər tərəfindən bizə göndərilən fotodan isə görsənən odur ki, ərazidəki özbaşına ev tikintisi nəinki dayandırılmız, əksinə qanunsuz tikilinin dam örtüyü belə vurularaq işlər artıq başa çatmışdır.
Qeyd edək ki, Xətai rayon İcra Hakimiyyətinin sektor müdiri (baş memar) Əhməd Məmmədov bizə məktubunda bildirir ki, müraciətlə bağlı görülmüş tədbirlər nəticəsində qeyd olunan ünvanda müvafiq icazə sənədləri olmadan aparılan tikinti işləri dayandırılmışdır.
Göründüyü kimi, baş memar Əhməd Məmmədov sözügedən ünvanda tikintinin müvafiq icazə sənədləri olmadan aparıldığını yazır və buna görə də tikinti işlərinin dayandırıldığını bildirir.
Hər iki qurum Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi də, Xətai rayon İcra Hakimiyyəti də qanunsuz tikilinin dayandırıldığını bildirsə də, qeyd etdiyimiz kimi fərdi yaşayış evinin tikintisi başa çatmış, bəlkə də artıq içində təmir işləri də aparılır.
İndi maraqlıdır, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsini rəisi Read Qasımovla Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev Nazirlər Kabinetinə nə cavab verəcəklər. Bu həm də Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova da aiddir.
Qeyd edək ki, son günlər aramsız yağan yağışlardan sonra Bakı şəhərinin bir çox ərazisində və yaşayış məntəqələrində qanunsuz tikilmiş evlərdə subasma halları yaranmışdır. Rəsmi dövlət qurumları bunu Bakı şəhərində tikilən çoxsaylı qanunsuz evlərin tikintisi ilə əlaqələndirdilər. Elə Xətai rayonunda kollektorun çökməsi xeyli sayda fərdi yaşayış evinin qanunsuz tikildiyini ortya çıxardı. Təbii ki, bu illər əvvəl baş vermiş qanunsuzluqlar olub. Bəs indi?
Sakinlər sürüşmə zonası olan bir yerdə qanunsuz tikilinin qarşısını almaq üçün aidiyyəti qurumlara müraciət edir. Aidiyyatı qurumlar isə əvvəl tikintinin dayandırıldığını bildirir, əslində isə dam örtüyünün artıq vurulduğu ortaya çıxır. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi də, Xətai rayon İcra Hakimiyyəti də buna aydınlıq gətirsələr lap yaxşı olar. Əgər gətirə bilsələr…
Məmməd Əhmədoğlu
