Şanlıurfa və Kahramanmaraşda baş verən ardıcıl məktəb hücumları Türkiyədə böyük narahatlıq yaradıb. İki hadisə nəticəsində 1 müəllim və 8 şagird həyatını itirib, ümumilikdə 33 nəfər yaralanıb.
Aparılan araşdırmalar zamanı hücumçular arasında diqqətçəkən oxşarlıq üzə çıxıb. Məlum olub ki, hər iki şəxs uzun müddət eyni kompüter və mobil oyunu – PUBG oynayıb.
İlk hadisə 14 aprel tarixində Şanlıurfanın Siverek rayonunda yerləşən Əhməd Koyuncu Peşə və Texniki Anadolu Liseyində qeydə alınıb. Atışma nəticəsində 4 müəllim və 10 şagird yaralanıb. Bu hadisədən təxminən 24 saat sonra isə Kahramanmaraşın Onikişubat rayonunda yerləşən Ayser Çalık Orta Məktəbində silahlı hücum baş verib.
.jpg)
İkinci hücumda 8-ci sinif şagirdi İsa Aras Mersinli atasına məxsus silahlarla məktəbə daxil olaraq iki sinif otağında atəş açıb. Nəticədə riyaziyyat müəllimi Ayla Kara və 8 şagird həyatını itirib, 17 nəfər yaralanıb.
.jpg)
Hüquq-mühafizə orqanları hadisələrdən sonra hücumçuların keçmişini araşdırarkən onların davranışlarında müəyyən oxşarlıqlar aşkar edib. “Sabah” qəzetinin yaydığı məlumata görə, hər iki hücumçu uzun saatlar ərzində zorakı məzmunlu oyun oynayıb.
Mütəxəssislər qeyd edir ki, münaqişə və zorakılıq üzərində qurulan oyunlar nəzarətsiz şəkildə oynandıqda, xüsusilə azyaşlılar üçün risk faktoruna çevrilə bilər. Bununla belə, belə hadisələrin tək bir səbəblə izah olunmasının düzgün olmadığı və psixoloji, sosial və ailəvi amillərin də nəzərə alınmalı olduğu vurğulanır./milli.az
