İki gün öncə Türkiyənin Şanlıurfa, dünən isə Kahramanmaraş şəhərində məktəbə hücum edən şagirdlərin hər ikisinin ortaq nöqtəsi məlum olub.
Türkiyə hüquq-mühafizə orqanları hər iki cinayətkarın telefonunda “PUBG” adlanan döyüş oyununun aktiv olduğunu üzə çıxarıb.
Bəs, 12-14 yaşlı uşaqların döyüş oyunları oynaması onların tərbiyəsində hansı rolu oynaya bilər? Bu oyunların yeniyetmələri cinayətə sövq etmə ehtimalı nə dərəcədədir?
Mövzu ilə bağlı suallarımzı Ailə, Uşaq və Qadın Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu cavablandırıb:

“Bu məsələyə yalnız bir faktor prizmasından yanaşmaq düzgün deyil. Aydındır ki, döyüş tipli oyunların, xüsusilə də uzun müddət və nəzarətsiz şəkildə oynanılmasının yeniyetmələrin psixologiyasına müəyyən təsiri var. Bu oyunlar aqressiya səviyyəsini artıra, zorakılığa qarşı həssaslığı azalda və davranış modellərinə mənfi təsir göstərə bilər. Bu təsiri tam inkar etmək də doğru olmaz. Lakin bu tip hadisələri yalnız oyunlarla izah etmək reallığı sadələşdirməkdir. Belə hallar adətən bir neçə amilin üst-üstə düşməsi nəticəsində baş verir: ailə mühitindəki problemlər, psixoloji gərginlik, sosial təcrid, bullinq, nəzarətsiz rəqəmsal mühit və digər risk faktorları. Oyunlar bu mənzərədə təsir edən elementlərdən biri kimi çıxış edir. Məhz buna görə də burada kompleks yanaşma vacibdir. Təkcə qadağalarla nəticə əldə etmək mümkün deyil. Əksinə, valideyn nəzarətinin gücləndirilməsi, uşaqların rəqəmsal savadlılığının artırılması, məktəblərdə psixoloji dəstək mexanizmlərinin inkişaf etdirilməsi və erkən risk davranışlarının müəyyən olunması daha effektivdir. Eyni zamanda, uşaqlarla açıq ünsiyyət qurmaq, onların hansı məzmunla qarşılaşdığını anlamaq və düzgün istiqamətləndirmək əsas rol oynayır”.
T. Mərdanoğlu qeyd edib ki, uşaqların belə cinayətlərə sürüklənməsində tək səbəb döyüş oyunları deyil:
“Nəticə olaraq, bu oyunların müəyyən təsiri var, lakin onlar təkbaşına səbəb deyil. Problemin həlli üçün hüquqi, sosial, psixoloji və maarifləndirici tədbirləri birləşdirən balanslı və kompleks yanaşma tələb olunur”./yenicag.az
